COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Körfəz regionunun ərəb ölkələrində yeni məhdudiyyətlər tətbiq edilir.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı 20 ölkənin vətəndaşları üçün giriş qadağası qoyduqdan sonra toy və şənliklərin keçirilməsini də qadağan edib. Krallıqda mollar, idman zalları və əyləncə məkanlarının fəaliyyəti dayandırılıb. Rəsmi SPA agentliyinin məlumatına görə, dəfn mərasimlərində də məhdud sayda insanın iştirakı barədə göstəriş verilib. Ötən ilin martından etibarən bu ölkədə COVID-19-a 368 min yoluxma, 6380 ölüm faktı qeydə alınıb.
Son günlər pandemiyanın geniş yayıldığı Küveytdə də əcnəbilərin iki həftə ərzində ölkəyə girişi qadağan edilib. Burada da idman zalları, əyləncə məkanları və ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Bundan başqa, fevralın 25-də qeyd edilən Müstəqillik Günü tədbirləri də ləğv olunub. Küveytin səhiyyə naziri Bəsil Əl Sabah rəsmi KUNA agentliyinə bildirib ki, məhdudiyyətlər fevral və mart aylarında davam edəcək. Cəmi 3 milyondan çox əhalisi olan bu ölkədə indiyədək COVID-19-a 160 min nəfər yoluxub, 960 pasiyent isə həyatını itirib.
Qətərdə də pandemiya ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib. Rəsmi QNA agentliyinin xəbərinə görə, yeni ilin ilk ayından başlayaraq ölkədə COVıD-19-a yoluxanların sayında kəskin artım müşahidə olunur. İndiyədək 152 min yoluxma və 240 ölüm faktının qeydə alındığı Qətərdə pandemiyanın ikinci dalğasının geniş vüsət alacağından ehtiyat edilir. Futbol üzrə dünya çempionatı kimi böyük tədbirə hazırlıq görən Dohada əyləncə məkanları, restoranlar və ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.
Yanvarın 15-dən etibarən yeni məhdudiyyətlər tətbiq edən Oman hökuməti quru sərhədlərini bağlayıb. Bu ölkənin səhiyyə naziri Əhməd bin Məhəmməd əl-Səidi bir həftə müddətində insanlara, xüsusən 65 yaşdan yuxarı olanlara evdə qalmaqla bağlı müraciət edib. Sultanlıqda indiyədək COVID-19-a 134 min yoluxma, 1500 ölüm faktı qeydə alınıb.
Pandemiya ilə bağlı ən ağır vəziyyət isə dəbdəbəli Yeni il şənliklərinin keçirildiyi Birləşmiş Ərəb Əmirliklərindədir. Son sutka ərzində bu ölkədə 4 minə yaxın yoluxma, 12 ölüm faktı qeydə alınıb. Yoluxanların ümumi sayı isə 3 milyonu keçib. Ötən ilin son aylarında sərhədləri açan və aviareysləri bərpa edən Əmirliklərdə də restoranlar, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb.






