İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqresdə yeni anti-Rusiya sanksiyaları-Azərbaycana təhlükə varmı?

909 17.05.2019 08:05 İqtisadiyyat A A

Natiq Cəfərli: “Bu addımın ölkəmizə təsir edəcəyini düşünmürəm”

Rusiyanın enerji sektoruna investisiya qoyan ölkələrə də sanksiyalar tətbiq oluna bilər. Hazırda ABŞ Konqresində şimal qonşumuzun enerji sektoruna tətbiq ediləcək yeni sanksiyalarla bağlı gedən müzakirələrdən biri də budur.

Burada bizləri əsas maraqlandıran Azərbaycandır. Doğrudur, ekspertlər belə bir qərar qəbul olunarsa, bunun ölkəmizə təsirlərinin olmayacağını düşünürlər.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın hədəfinin başqa olduğunu düşünür: “Son müzakirəyə səbəb olan məsələ əslində konkret bir layihə ilə bağlıdır. ”Şimal Axını-2" layihəsinin reallaşmasına Amerika ciddi mane olmağa çalışır. Burada təbii ki, öz maraqları var. Çünki bu ildən başlayaraq, ABŞ Avropaya kifayət qədər böyük həcmdə qaz ixrac etməyə başlayıb. Gələn il hətta bu ixracat həcmini iki dəfə artırmağı düşünür. Burada ən böyük rəqib “Şimal Axını-2" layihəsidir ki, bu layihənin həyata keçirilməsi mümkün olsa, bu zaman Amerika qazının Avropa bazarına çıxışında ciddi problemlər yaşanacaq. Ona görə də sanksiyaların əsas hədəfi ”Şimal Axını-2" və digər alternativlər, həm də “Türk Axını” kimi qaz layihələridir. Burada xarici ölkələrin investisiya maraqları var. Avropa ölkələri burada iştirak edir, hətta Almaniya şirkətləri iştirakçıdırlar. Onlarla bağlı ciddi problemlər yaşanacaq. Bu da əslində Amerika ilə Avropanın gizli rəqabətinin nəticəsidir. Azərbaycana gəldikdə isə ölkəmizin Rusiyada enerji sektorunda ciddi bir yatırımları yoxdur. Birgə müəssisələrin yaradılması ilə bağlı danışıqlar gedirdi, əsasən benzin və dizel yanacağı istehsalı müəssisələri ilə bağlı idi. Amma o danışıqlar hələ ki bir nəticə verməyib. Ona görə Rusiyada ciddi yatırımlarımız yoxdur. Rusiyanın Azərbaycanda müəyyən dərəcədə enerji sektorunda yatırımları var. “LUKoil” şirkətinin yatırımları mövcuddur. Bu şirkətlə kiçik həcmli müqavilələr var. Onlarla bağlı müəyyən problemlərin yaşanması ehtimalı ola bilər. O şirkətlərə qlobal sanksiyalar tətbiq olunsa, o zaman təbii ki, Azərbaycandakı işləri ilə bağlı bəzi problemlərin yaranması realdır. Amma bunun birbaşa ölkəmizə təsirini düşünmürəm. Əgər total bir yanaşma olsa, Rusiyanın enerji sektorunun tamamilə dünya bazarlarından, iqtisadiyyatından kənarda qoyulması ilə bağlı ciddi addımlar Amerika tərəfindən atılsa, o zaman dünyada neft qiymətlərinin çox kəskin şəkildə artmasının şahidi ola bilərik ki, bu da əslində ABŞ-ın strateji maraqlarına cavab vermir. Çünki nə qədər çalışsalar da, Rusiya dünyanın enerji sektorundan tamamilə kənarda qalmayacaq. Rusiyadan enerji asılılığı olan Avropa ölkələri var. Avropada elə ölkələr var ki, az qala Rusiyadan 90% qaz asılılıqları var. Rusiya Avropaya hər il 150-160 milyard kubmetr qaz verir. Bu da Avropanın istehlakının 1/3-dir. Bunu əvəz edəcək ikinci bir ölkə də yoxdur. Amerika istəsə belə Rusiyanı əvəz edə bilməz. Ona görə də son təşəbbüsü birbaşa “Şimal Axını-2" ilə əlaqələndirərdim. O layihənin müəyyən problemlər yarada biləcəyini Amerika düşünür. Amma bu addımın Azərbaycana kiçik dərəcədə belə təsir edəcəyini düşünmürəm. Çünki elə bir təsirli layihə imkanlarımız da yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR