İnsanlara hürriyət, millətlərə istiqlal!

Konkret.... rədd eləyin!

1440 18.11.2019 09:30 Yazarlar A A

Cangüdənini idarə edə bilmir, ölkə idarə edəcəkmiş....

Əli İnsanovun ayağı müxalifətə düşmədi. Adam onlarla bir masaya oturar-oturmaz, ayağını onların məkanına qoyar-qoymaz aləm dəydi bir-birinə. Toplantıda iştirakla bağlı prinsipial razılıq əldə etdikləri REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlı qalmaqallı şəkildə istefa verdi. Müsavat Partiyasının Avropadakı fəallarından bəziləri həbs olundu, partiya vəsiqə alverində ittiham edildi, tanınmış jurnalistlər, eləcə də partiya üzvləri başqanı istefaya çağırırlar. Cəbhənin bir üzvünü buraxıb, o birini həbs edirlər. Eləcə də masa ətrafına yığışan digər şəxslər xoş günlər keçirməyib. Onların arasında da piket zamanı, elə yolda getdikləri yerdə saxlanılan da olub. Bir sözlə, Əli müəllim bir gəldi, pir gəldi.

Müəllim dedim, yanlış anlaşılmasın. Onun “bəy” kimi çağırılması hələ doğru deyil. Çünki o masada ancaq Əli Kərimliyə “bəy” deyilir. Biri müəllimdir, o biri bəy. İki Əlinin arasında oturan Arif Hacılıya isə bu ittifaqla bağlı ancaq xoş arzular tutmaq qalırdı. İki eyniadlı şəxsin arasında oturmaq şans işi, arzuların reallaşması deməkdir, bilirsiz.  Xeyirlisi...

Toplantını canlı-canlı işıqlandıran jurnalistlərdən biri kimi gec də olsa, bəzi müşahidələrimi deyim. O vaxtdan bəri bir qalmaqalsız günümüz olmayıb ki, bu olay da yada düşsün. Həbslər, qarşılıqlı söz atışmaları, məhkəmələr... Demək, toplantı otağına gələn partiya liderləri və ictimai şəxslərin ən azı ikisinin bir neçə cangüdəni var idi. Xüsusən də Əli İnsanovun cangüdənləri toplantıda xüsusi canfəşanlıqları ilə fərqlənirdilər. Biri stulun çəkirdi, o biri jurnalisti itələyirdi. Masa dəyirmi, jurnalist də bol. Hər çıxış edəni çəkmək üçün həmkarlar arasında rəsmən yarış gedirdi. Bəzən də jurnalistlər Əli İnsanovun başı üstündə dayanıb çəkiliş etməyə məcbur qalırdılar. Əsl həngamə də bu zaman qopurdu. Cangüdənin biri jurnalistin qolundan çəkirdi, o biri göz ağardırdı, bir başqası məsafəsini müəyyənləşdirmək üçün araya girirdi. Bilmirdin keyfiyyətli kadr tutmaq, görüntü çəkmək üçün yerini müəyyənləşdirəsən, yoxsa keçmiş nazirin cangüdənlərindən özünü qoruyasan. Bəzilərimiz abrımızdan və ümumi tədbirə mane olmamaq üçün (çünki elementar etiraz notu “filan jurnalist qəsdən tədbiri pozmaq istədi, redaksiyadan tapşırıq alıb” ittihamı ilə də müşayiət oluna bilərdi -müəl.) səsimizi çıxarmasaq da, aramızda bu komplekslərdən uzaq həmkarlar da çıxdı. Hətta biri kobud davranan cangüdənə elə onun üslubunda, patronunun dili ilə cavab verdi: “Konkret rədd ol eee... Əllərini də yanına sal”.

Masa ətrafında oturan liderlər bu replikanı eşitməzlikdən gəldilər, etiraza məhəl qoymadılar. Xalqa rifah, əmin-amanlıq vəd edən Əli müəllim isə dönüb canını güdən yekəpərə demədi ki, a bala, bu çəlimsiz, əllərində kameradan başqa heç nəyi olmayan jurnalistlərlə nə azarın var? Niyə güc göstərib, mane olursan işlərini görməyə?" Demədi, eləcə “müdrikcəsinə” güldü.

İndi bəziləriniz düşünə bilərsiz ki, burda nə var? Əli İnsanov da, digər liderlər də hakimiyyətə radikal mövqedədilər deyə öz canlarından narahatlıq keçirə, özlərini qorumaq üçün güc səfərbər edə bilərlər. Bununla razı. Amma baxır harda. Bu, kütləvi aksiyalarda, geniş xalq kütlələrinin arasına çıxanda mümkündü. Mətbuat konfransında da olar - təxribatçı, öyrədilmiş şəxs jurnalist qiyafəsində də nələrsə edə bilər. Amma adi etiket qaydaları, iş norması var. Cangüdən dediyin mətbuat konfransında jurnalistin arasına girmək, onun qolundan dartıb, dəyirmi masadan neçə santimetr dayanmalı olduğunu diqtə edə bilməz. Diqtə edəndə layiq olduğu cavabı da eşitməyə məcburdu. Cangüdənini idarə edə bilməyən adamın ölkə idarəçiliyinə iddiası nə ironik bir zarafat. Üstəlik, o zala  cangüdənlərlə gəlmək - üstəlik, cüt-cüt - əzələ nümayişindən başqa bir şeyə bənzəmirdi. Mənim cangüdənim səninkini döyər havasından başqa bir şeyə bənzəmirdi bu.

Bu cəhənnəm, indi çoxları jurnalistlərlə davranış qaydasını bilmirlər. Biri müsahibə vermir, o biri status yazıb, barmaq silkələyir, hələ özünə yer eləməmiş (özünə yer eləyən kimi bizə nə edəcəyini də düşünün-müəl.) başqası isə cangüdənlərini onların üstünə salır. Budu demokratiyanız? Jurnalistdən qorxur, çəkinirsiz? Yoxsa bizə Nyu York Tayms, “Vaşinqton Post”la hakimiyyətə gəldiyi gündən dava edən Trampı misal gətirəcəksiz? Oxşamışınız yanmasın. Demokratiya bu deyil, bəylər! Gələcəksiz, mövqeyindən asılı olmadan bütün jurnalistlərin mikrafonuna öz sözünüzü deyəcəksiz. Media platformalarından istifadə bacarığı siyasətçinin ən böyük üstünlüyü, silahıdır. “Filankəs filan vaxt mənim haqqımda filan yazını yazıb” arqumenti isə, inciməyin, amma uşaq cığallığıdır. Filan vaxt yazıb? İndi isə gəlib səndən açıqlama almağa. Sözünü de. Elə məharətlə, zəkicəsinə de ki, montaj, təhrif edə bilməsin. Bundan əleyhinə istifadə imkanını vermə ona! Sən qalib gəl o jurnalistə. Zəkanla, siyasətinlə, qabiliyyətinlə! Kin yaddaşı ilə davranmaq siyasətin işi deyil axı.

Yox, siz bu silahınızı yerə qoymusuzsa və ya bundan istifadə edə bilmirsizsə, onda bir zəhmət meydanları boşaldın. Yeni nəfəs gəlsin.

P.S. O cangüdənlərinizə də bir zəhmət deyin ki, konkret...rədd olsunlar mətbuatın başından.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR