İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçkün əskərlər, Həsən Həsənovun uzaqgörənliyi və Qarabağın əsirliyində

5482 01.11.2014 13:20 Gündəm A A


2001-ci ilin fevralında Ermənistanın Qarabağ danışıqları ətrafında əl atdığı təxribatları görən prezident Heydər Əliyev 7 il ərzində aparılan sülh danışıqlarının bütün məxfi detallarını ictimaiyyətə açdı.Təkcə iki ölkənin deyil, bütövlükdə bölgə ilə bağlı dairələrin ictimai rəyində əsil “şok effekti” yaradan bu cəsarətli addımın səbəbləri haqqında indiyədək müxtəlif versiyalar dolaşır, amma belə gedişin sadəcə daxildə xal toplamağa və ya milli qəhrəmanlıq göstərməyə yönəlmədiyi də hər kəsə bəllidir.

Doğrudur, atəşkəsdən sonra yaranmış böhran vəziyyətlərinin heç birində Minsk Qrupunun qovluğunda daşınan gizli şərtlərin cəmiyyətlərə sızdırıldığının şahidi olmamışdıq. Hətta 1999-cu ildə erməni siyasi elitası gülləbaran ediləndə də onların qətliamının başlıca səbəbinin məhz bağlı qapılar arxasındakı razılaşmalarla əlaqəli olduğunu inkar edən yox idi, lakin ondan sonra da regionda əsas məhək daşlarını Rusiyasız tərpətməyin necə sərt cəzalandırıldığını görərək heç kəs beynəlxalq missiyaları buraxıb təkbaşına bir ölkədən yapışmağı, yaxud ümumiyyətlə, münaqişənin həllinə dair başqa alternativləri işə salmağı düşünmürdü.Çünki Minsk Qrupunu əvəz edəcək qüvvə yox idi və beynəlxalq münasibətlər sistemindən bir az məlumatlı olanlar bilirdilər ki, Qarabağı xarici güclərin əlindən alıb onu regional və ya milli müstəviyə gətirmək faktiki olaraq qeyri-mümkündür. 

Sonra parlamentə gələrək cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşən Heydər Əliyev dərin dövlət adamı kimi bilirdi ki, bu məsləhətləşmələr hakimiyyət orqanlarının yeni ideyalarla təchizinə və xalqla vahid bir xəttin aparılmasına səbəb olsa da, gerçək vəziyyətin ağırlığını bütövlükdə hamı ilə bölüşmək mümkün olmayacaq. Məgər Sezarın hərbi qələbələrini böyük sevgi ilə qəbul edən qədim Roma senatorları gedib öz sərkərdələrinin əvəzindən vuruşurdular? Əksinə, sütunlu salonlarda rahatlıqla əyləşib hamını mühakimə edən, özünü tribunada general kimi aparan saray əyanları hökmdara döyüş meydanında necə davranmağı da məsləhət görməkdən çəkinmirdilər.

Azərbaycan Məclisində də belə olmuşdu, lakin o vaxt uzun illər Heydər Əliyevin yanında çalışan, yalnız bir səhvinə görə vəzifəsindən müvəqqəti kənarlaşdırılmış təcrübəli və peşəkar dövlət adamı Həsən Həsənov kürsüyə çıxaraq əslində qış yuxusunda olan bir çox siyasətçiləri xəyal göylərindən yerə endirmişdi, demokratiya dalğalarında Xankəndinə qovuşacağına ümid bəsləyən azadlıq mücahidlərinin illüziyalarını dağıtmışdı. Mələkləşdirilən Qərbin və demonlaşdırılan Rusiyanın arasında guya həlledici seçim edən kimi müqəddəs torpaqlara qayıdacağımızı düşünən sadədillər əslində bizə müasir Ukraynanın aqibətini təklif edirdilər.

Parlamentə toplaşanların bəsirət gözünü açan bu parlaq çıxışı tutumlu ideyalarla zənginliyinə görə müasir tariximizin ən yaxşı siyasi dərslərindən biri sayıram. Partnomenklatura deyib cəmiyyətdən çıxdaş etməyə hazırlaşdıqlarmız bütün rəqib düşərgələrdən yüz boy daha uca olduqlarını bizə göstərmişdilər. Vəfa Quluzadə isə “başıma bəla gəlməyəcəyini bilsəm, gizli otaqdan bütün həqiqətləri söyləyib, başqa bir qitəyə gedərəm” deyə pıçıltı ilə regon uğrunda gedən savaşın alt qatını bilənlərin üzləşdikləri təhlükəni hər kəsə əyan etmişdi. Əslində bizim dil pələvanları və kağız üstündəki napoleonlar üçün “soyuq duş”a gerçəkdən də ehtiyac vardı. Çünki 90-cı illərin əvvəllərində olduğu kimi üstündən on il keçəndən sonra da Qarabağ hakimiyyət uğrunda mübarizənin əsas platforması olaraq qalırdı və bu yaranın sağalması üçün hər partiyanın əlində bir vaksin vardı. Onları dünyanın acı siyasi gerçəkləri ilə tanış edəndən sonra bəlli olmuşdu ki, hamısının potensialı puçdur. Etiraf edim ki, həmin unudulmaz səhnələr idarəçiliyi təzə öyrənənlər üçün əvəzsiz diplomatiya dərsliyidir.

Bizim keçmiş baş və xarici işlər nazirimiz Həsən Həsənov onda demişdi ki, dövlət rəhbərləri üçün sülh danışıqları müharibədən daha çətindir. İndi çoxları bu qeyri-ordinar fikri qəbul etməkdə yəqin zorlanırlar, lakin qoca tarix bunun həqiqət olduğunu sübut edib. Çünki siyasi həll üçün bütün vasitələri səfərbər edərkən məsuliyyət təkcə bir nəfərin - Prezidentin çiyinlərinə düşürsə, silahlı vasitələr işə salınanda cavabdehlik ordu, əskər və generallarla bölüşdürülür. Baxın, faşizm üzərində qələbənin banisi Stalin 5 illik qanlı savaşda nə qədər jukovları cəzalandırdı, yaxud mükafatlandıraraq birbaşa ölümə göndərdi.
Xalq döyüşlərdə bilavasitə iştirak edərkən Rəhbəri qınamağa macal tapmır.
Yüksək səviyyəli Qarabağ dinləmələri kimi tarixə düşmüş fevral iclasından sonra 500-dən artıq təkliflə özünün Baş binasına - Prezident Sarayına müraciət edən xalq partizan hərəkatından iqtisadi müharibələrə, ildırımsürətli hücumdan ermənilər içərisində kadırovları tapıb onları hakimiyyətə gətirməyə qədər geniş çeşiddə təkliflərlə çıxış etmişdi və bunu izləyən hər kəsdə belə qənaət yaranırdı ki, dövlətə göstərilən bu yollar bir vaxt öz-özünə işə düşəcək.

***

Üç azərbaycanlının Kəlbəcərdə ələ keçirildiyini eşidəndə 13 il əvvəlki dinləmələri xatırladım və xəbəri sosial şəbəkələrdə yayan ermənilərin qəddarlığının, qeyri-adekvat qorxusunun və hüdudsuz amansızlığının səbəbini yaxşı anladım. Axı onsuz da 20 ildir ki 4 mindən artıq girov onların əlindədir və üzərlərində hər cür bəşəri cinayətləri törədərək bizi qorxutmaq, torpaq davasından çəkindirmək üçün onlardan canlı meşin kimi istiafədə edirlər. Məgər Şahbaz Quliyevin cəsurluğu və hərbi səriştəsi onlardan artıqdır? Yoxsa, 3 nəfər kamikadzenin bir batalyonu qıracağı haqqında əsatirlərə ermənilər də inanıblar? Yox, bunların heç biri deyil. Nə kəsilmiş heyvan, nə kəşfiyyat və terror qorxusu, nə də qətlə yetirlimiş uşağın qisası bizimkiləri belə mühakimə etməyə səbəb ola bilməz.

Ermənilər və beynalxalq birlik narahatdır ki,danışıqların iflasa uğradığını düşünən hər kəs işğal altında 24 ildir qalan doğma evinə bax beləcə gizli yollarla getmək qərarını verər. Xalq vasitəçilik missiyalarının onlara Xankəndini qaytarmayacağını çoxdan bilir və belə hərəkətlərin kütləviləşəcəyi qorxusu xarici dövlətləri tərpətməyə başlayır. Kəlbəcərə gedənlərin qarşısında Minsk Qrupu dayana bilmir. Fələstin münaqişəsində olduğu kimi, bir gün əli silahlı dəstələrin, ya elə ayrıca bir hərbi taborun qərar verib ermənilərlə savaşa atılmayacağına heç kəsdə zəmanət yoxdur. Səngərdə düşmənlə üz-üzə dayananların içərisində atasının, anasının və torpağının qisasını almaq istəyən o qədər köçkün oğulları var ki! Onlar indi döyüşçüdülər və xəyallarında, yuxularında, böyüklərin onlara danışdığı səlnamələrdə eşitdikləri Kəlbəcəri öz gözləri ilə görmək istəyirlər. Məhz budur, Xankəndindəki məhkəməyə erməni rejissorlarının qatdığı bədii effektin başlıca səbəbi.
Azərbaycanlılar öz torpaqlarında əsir düşürlər və mühakimə olunurlar. Dağlıq Qarabağdan verilən mesajın mənası budur ki, onlar prezidenti, parlamenti, baş prokuroru seçəcək qədər qüdrətli və məhkəmə quracaq səviyyədə güclüdülər və növbəti dilqəmləri, şahbazları da bax beləcə cəzalandıracaqlar.

Çıxarılacaq hökmün hüquqi qüvvəsini Azərbaycan tanımayacaq, lakin ilk dəfə Ermənistanda deyil, məhz Qarabağda təşkil olunan mərəkə ilə “2-ci erməni dövləti”nin qərarını ölkəmizin qarşısında “Qordi düyünü” kimi qoyacaqlar. Biz nə etməliyik?

Diversiya qrupları yaratmaqla, yaxud vəkillə təminata çalışmaqla, o cümlədən, Qərbin tövsiyyəsinə bel bağlamaqla məhkəmə dayanmayacaq. Ata yurduna getməyin cəza hökmünü çıxarıb onu elan edəcəklər. Və bu yerdə vaxtilə Əfqanıstanda qalmış əsirlərini azad etmək üçün Amerikanın göndərdiyi super əskər obrazlarını xatırladanlar da zaman və məkan fərqini unudurlar. Elə isə gəlin bu olaydan siyasi və peşə nüfuzu qazanmağa çalışmayaq!

Axtaranlar üçün həmişə yol var. Ermənilərin qarşısını ala bilmədikləri bir axın mövcuddur. O da Azərbaycanda yaşamağa can atan ən azı 30 faizlik əhali kütləsidir. Düşmənin zəif yerilərindən biri məhz budur. Onların üzərində məhkəmə qurmaqdansa, asi erməniləri hakimiyyətlərinə qarşı yönəltmək daha məqsədəuyğundur. Onsuz da Sarqsyan yaxşı bilir ki, İlham Əliyev onu növbəti dəfə məğlub edəcək və şəxsi həbsxanasına saldığı Vətən övladlarını çəkib çıxaracaq. Liderlik hamının təklif etdiyi yoldan daha fərqlisini bilmək və onu gerçəyə çevirməkdir. Amma əsirlikdə olan təkcə iki nəfərdimi? Bəs Şuşa, İsa bulağı, Cıdır düzünə necə dözürük?

Beləliklə, əslində hamımız Qarabağın əsiriyik. Bütün həyatımız, dünyagörüşümüz və gələcək planlarımız girov qalan torpaqların üzərində qurulub. “Müharibə uşaqları” deyilən bütövlükdə bizik. Odur ki, heç bir isterikaya qapılmadan, keçmiş səhvləri təkrarlamadan və şərq impulsivliyini bir kənara qoyaraq əlverişli zamanı gözləməliyik. Almanlar 1945-də məğlub oldular. Lakin nə 60-larda, nə də 70-lərdə deyil, məhz 89-da birləşdilər.
Qarabağda əsirlikdə olmaqla Qarabağın əsiri olmağın ağrısı millət üçün eynidir. Azərbaycan bütövlükdə Qarabağı əsirlikdən azad etmək naminə çalışır, cənablar, təkcə iki nəfər Vətən oğlu üçün yox! Ona görə mühakimə edilən əsirlərimiz deyil, bizik və ermənilərin məhkəməsi qalibin məğlublar üzərində qurduğu inkvizisiyadır. Nə vaxt Qarabağ azad olunacaq, bax onda yerlər dəyişəcək.

Əsil məhkəməni Azərbaycan quracaq!

Zahid ORUC, Milli Məclisin deputatı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR