İnsanlara hürriyət, millətlərə istiqlal!

Knyazın sarayı – Xruşovdan başqa bütün sovet liderləri son mənzilə bu saraydan götürülüb

3174 03.09.2022 13:54 Yaxın tarix A A

Moskvanın Bolşaya Dmitrovka küçəsində yerləşən İttifaqlar Evi bir çox tarixi, siyasi, mədəni hadisələrə şahidlik edib. Hətta Kremllə müqayisədə “memarlığın mirvarisi” adlandırılan bu binada mötəbər tədbirlərin sayı daha çox olub, daha böyük izdihamlar yaşanıb.

İtttifaqlar Evi 1780-ci ildə knyaz Vasili Dolqorukov-Krımski üçün inşa edilib və onun əsas iqamətgahı sayılıb. 1784-cü ildə bina Rusiya imperiyasında mövcud olan “Zadəganlar məclisi” tərəfindən alınıb və tikiliyə memar Matvey Kazakov tərəfindən əlavələr edilib. Kazakov binanı sırf ictimai, siyasi, mədəni tədbirlərin keçirilməsinə uyğun yeniləyib. Burada qəbullar, görüşlər, musiqi və rəqs gecələri keçirilib.
1903-1908-ci illər ərzində binada köklü təmir və yenidənqurma işləri aparılıb, binanın fasadı tam dəyişdirilib və üçüncü mərtəbə tikilib.

4669.jpg (211 KB)

Oktyabr inqilabından sonra Moskva Hərbi İnqilab Komitəsinin sərəncamı ilə bina Moskva Həmkarlar İttifaqının tabeliyinə verilib və həmin vaxtdan İttifaqlar Evi adlandırılıb.

Təkcə 1918-1922-ci illər ərzində Lenin İttifaqlar Evində 50 dəfə ictimaiyyət qarşısında çıxış edib. Yeni yaranmış kommunist ölkəsinin bütün rəsmi tədbirləri, qurultayları, konfransları, qəbulları, xarici dövlət nümayəndələri ilə görüşləri məhz İttifaqlar Evində keçirilib. Eyni zamanda İttifaqlar Evi dövrün səsli-küylü məhkəmə proseslərinin də ünvanına çevrilib.

30 noyabr 1919-cu ildə İttifaqlar Evinin sütunlu zalından ilk dəfə olaraq kino zalı kimi istifadə edilib. Həmin gün zalda “Qraf Kaliostro” filmi nümayiş etdirilib.

Blagorodnoye_Sobranie.jpg (113 KB)

Sovet-alman müharibəsi illərində “NKVD”-nin xüsusi təyinatlı motoatıcı briqadasının qərargahı İttifaqlar Evində fəaliyyət göstərib. Binada mütəmadi olaraq antifaşist mitinqləri keçirilib. O cümlədən Mərkəzi Komitənin hərbi vətənpərvərlik mövzusunda təşkil etdiyi tədbirlər də İttifaqlar Evində keçirilib ki, bu tədbirlərin əsas aparıcıları Kreml rəsmiləri olub.

İttifaqlar Evi uşaq tədbirlərinə geniş yer verib. Onun ayrı-ayrı zallarında əlamətdar günlərlə bağlı mütəmadi olaraq uşaqlar üçün bayram tədbirləri təşkil edilib. 1935-ci ildən başlayaraq İttifaqlar Evində uşaqlar üçün yeni il şənlikləri keçirilib. İlk dəfə Şaxta baba öz “nəvə”sini, Qar qızı uşaqlara məhz İttifaqlar Evində təqdim edib.

1930-cu illərdən başlayaraq İttifaqlar Evi şahmat və dama üzrə turnirələrə də ev sahibliyi edib. 1984-1985-ci illərdə Anatoli Karpovla Harri Kasparov arasında keçirilən şahmat tarixinin ən uzun fasiləli matçları da məhz İttifaqlar Evində keçirilib.

k_img109_b.jpg (189 KB)

İttifaqlar Evinin sütunlu zalı isə daha çox yüksək ranqlı dövlət məmurlarının vida görüşləri ilə yadda qalıb. Bu zalda ilk dəfə 1924-cü ilin 23-27 yanvar tarixlərində Leninlə son vida görüşü keçirilib. Proletaraların rəhbərinə öz ehtiramlarını bildirmək üçün həmin günlər ərzində 50 min nəfərdən artıq insan İttifaqlar Evinin sütunlu zalından keçiblər. Həmin günlərdə sütunlu zala 821 əklil qoyulub.
SSRİ tarixində ən izdihamlı gün də İttifaqlar Evində yaşanıb. İosif Stalinlə son görüş 1953-cü ilin 6-9 mart tarixlərində sütunlu zalda keçirilib. “Xalqlar atası” ilə son dəfə görüşmək üçün təxminən 2 milyona yaxın insan İttifaqlar Evinin sütunlu zalından keçiblər.

1982-ci ilin noyabrında Leonid Brejnevin də nəşi sütunlu zala qoyulub. Bu dəfə də on minlərlə insan baş katibə son ehtiramlarını bildirmək üçün İttifaqlar Evinə üz tutublar.

25073384_1995496433799005_8315016610437601615_o.jpg (237 KB)

O cümlədən Feliks Dzerjinski, Sergey Kirov, Andrey Jdanov, Mixail Kalinin kimi tanınmışlar, marşallar Kliment Voroşilov, Semyon Budyonnı, Andrey Qreçko, Dmitri Ustinov, Siyasi Büro üzvləri Mixail Suslov, Arvid Pelşe ilə də son vida yeri kimi İttifaqlar Evi seçilib.

Həmçinin baş katiblər Yuri Andropovun və Konstantin Çernenkonun da son mənzildən əvvəl “yolları” İttifaqlar Evindən düşüb.

Nikita Xruşov yeganə sovet lideri olub ki, ona İttifaqlar Evinin “urvatı” qismət olmayıb.

İttifaqlar Evinin sütunlu zalında sonuncu vida tədbiri isə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovla bu gün, 3 sentyabr 2022-ci ildə keçiriləcək.

k_img112_b.jpg (124 KB)

Sovet dövründə İttifaqlar Evinin xüsusi akustikaya malik zalında konsert vermək hər müğənniyə qismət olmayıb. Bunun üçün Mərkəzi Komitədən icazə mütləq sayılıb. Müslüm Maqomayev, Lyudmila Zıkina, Klavdiya Şuljenko, Sofiya Rotaru, Lev Leşenko, İosif Kabzon kimi məşhurlara İttifaqlar Evinin qapısı həmişə açıq olub.

Tanınmış elm, mədəniyyət, incəsənət və ictimai xadimlərin yubiley tədbirləri üçün də məkan olaraq İttifaqlar Evi ən prestijli yer sayılıb.

Lenin's_funerals_by_I.Brodsky_(1925)_detail_01.jpg (382 KB)

SSRİ-nin süqutunddan sonra İttifaqlar Evi qapalı səhmdar cəmiyyətə çevrilib. Onun təsisçiləri Ümumi Həmkarlar İttifaqları Konfederasiyası və Moskva Həmkarlar İttifaqları Konfederasiyasıdır. Hazırda İttifaqlar Evinin ayrı-ayrı zalları müxtəlif tədbirlər, qurultaylar, konfranslar, görüşlər, konsertlər üçün icarəyə verilir.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR