Kiyevdə öldürülən Niqoyan Qarabağ ermənisi imiş
Virtualaz.org saytı “İnterfaks-Ukrayna” agentliyinə istinadən bildirir ki, bunu yerli jurnalistlərə açıqlamasında Sergey Niqoyanın atası Qaregin Niqoyan deyib.
Qaregin Niqoyanın sözlərinə görə, onun ailəsi Dağlıq Qarabağdakı müharibədən xilas olmaq üçün Ukraynanın Dnepropetrovsk vilayətinə köçməyə məcbur olub. O, etiraf edib ki, oğlunu Avromaydana getmək fikrindən daşındırmağa çalışıb.
“Amma Sergey öz bildiyini elədi. O, Avromaydana öz ayağı ilə getdi. Mənim oğlumu “Berkut” xüsusi təyinatlıları öldürdü” deyə Qaregin Niqoyan bildirib.
Xəbərdə o da deyilir ki, Niqoyanlar ailəsi Dnepropetrovsk vilayətinin Solonyansk rayonuna 1992-ci ildə köçüb. Sergey Niqoyan Dneprodzerjinsk idman kollecində təhsil alıb. Ermənistan XİN-dən isə bildiriblər ki, Kiyevdəki iğtişaşlar zamanı ölən erməni Ukrayna vətəndaşı olub.






