İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Şuşanın tarixi abidələrini kütləvi şəkildə saxtalaşdırır

5933 13.05.2013 09:44 KİVDF layihələri A A
Şuşada bərpa işlərini “Hayastan” ümumerməni fondu, qondarma “Dağlıq Qarabağ hökuməti” və erməni xeyriyyəçiləri maliyyələşdirir. Xeyli küçələr abadlaşdırılıb və asfalt çəkilib, çoxmərtəbəli yaşayış evlərinin damları yenilənib, şəhərdəki 1 nömrəli orta məktəb bərpa edilib, Mədəniyyət Evinin, kitabxananın tikintisi gedir. İrəvan Aqrar Universitetinin filialı üçün yeni bina tikilir və tikinti gələn il başa çatacaq. Həmçinin “Artsax” investisiya fondunun maliyyəsi ilə şəhərdə bir neçə çoxmərtəbəli yaşayış binası tikilib və mənzillər “sakinlərə” ipoteka yoluyla satılıb. Hazırda şəhərdə “məhkəmə” binası, Milli şəkil qalereyasının tikintisi yekunlaşmaq üzrədir. İnternat məktəbin tikintisi də davam edir və tikintini fransalı erməni iş adamları maliyyələşdirir. “Şuşada bir neçə mehmanxana, mədəniyyət mərkəzi var, işlər davam edir” - Ayrapetyan bildirir.
Bildirilir ki, şəhər elektriklə tam təmin olunub, 95 faiz qazlaşdırılıb, internet əlaqəsi var, şəhərdaxili marşrut işləyir və hər 30 dəqiqədən bir Xankəndinə marşrut avtobusu yola düşür. Şuşanın iki zonası sutka boyu su ilə təchiz olunub, digər hissələrdə işlər davam edir. Ayrapetyanın sözlərinə görə, tikinti işləri zamanı Şuşanın arxitektur simasına xüsusi önəm verilir: “Tarixi binalar onların ilkin görünüşü nəzərə alınmaqla bərpa olunur”. Erməni arxitektor deyir ki, Şuşada 200-dən çox tarix-mədəniyyət abidəsi, o cümlədən “islam abidələri” var və bunların hamısı “hakimiyyətin” nəzarəti altındadır.
Lakin erməni arxitektorun danışdıqlarından belə məlum olur ki, Şuşada tarixi abidələrin bərpası adı altında əslində onların erməniləşdirilməsi və saxtalaşdırılması prosesi gedir. Bildirilir ki, tarixi binaların və abidələrin bərpası zamanı onların “qədim erməni mədəniyyətinə” aid olduğunu sübut edən çoxsaylı “dəlillər”, xaçkarlar aşkar olunur.
Dağlıq Qarabağ qaçqınları İctimai birliyinin sədri olan Sarasar Saryan da deyir ki, Şuşanın “qədim erməni şəhəri” olduğunu sübut edən çoxsaylı dəlillər aşkar edilir: “Burada çoxlu erməni abidələri var, hətta indinin özündə də qazıntılar zamanı xaçkarlar tapırıq, hansı ki, onları nə vaxtsa məhv etməyə çalışıblar. Kifayət qədər çoxsaylı faktlar var ki, ermənilərin burada həmişə yaşadığını sübut etmək mümkün olsun”. Saryan bir qədər də irəli gedərək deyir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Şuşa şəhərinə iddialarını pisləməlidir.
Məlum olur ki, Şuşada genişmiqyaslı tikinti işləri 2008-ci ildən başlayıb, o cümlədən dünya erməniləri şəhərdəki tarixi binaları və abidələri erməniləşdirmək üçün hərəkətə keçiblər. Onlar hər fürsətdə Şuşanın “erməni mədəniyyəti mərkəzi” olduğunu təbliğ edirlər.
Sarasar Saryan deyir ki, əgər belə getsə, beş il sonra Şuşa dağıntılardan tamamilə azad olan, yeni simaya malik abad şəhər olacaq və turizm mərkəzinə çevriləcək. Şuşa şəhər “administrasiyasında” isə deyirlər ki, son illər şəhərin əhalisinin də sayı artıb. Hazırda Şuşada 4 mindən çox erməni yaşayır. Lakin əsas problem iş məsələsidir. “Kavkazskiy uzel”in Kornelij adlı bloqqeri isə yazır ki, Şuşa Xankəndi ilə müqayisədə xeyli yüksəklikdə, sıldırım qayalıqlarda yerləşir: “Kim Şuşada olubsa razılaşar ki, əgər müdafiəçiləri sonadək dayansalar onu heç kim tuta bilməz. Lakin 21 il əvvəl ermənilər ümidsiz vəziyyətə baxmayaraq hücum edib şəhəri aldılar”.
Qeyd: Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilib. Ötən əsrin 70-ci illərində Şuşada tarix-mədəniyyət qoruğu yaradılıb.
Şəhər işğal olunarkən Şuşa tarixi memarlıq qoruğunun ərazisində ermənilər kütləvi şəkildə vandalizm aktları törədiblər, Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə qoruq şəhərin şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətinı, cümə məscidini və s. tarix-mədəniyyət abidələrini dağıdıblar.
Belə görünür, işğaldan 21 il keçdiyi bir vaxtda şəhəri həmişəlik əldə etdiklərindən arxayınlaşan düşmən indi onun tarix-mədəniyyət abidələrini də saxtalaşdırıb erməni şəhəri kimi tanıtmağa başlayıb. Şuşa məsələsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində gedən danışıqlarda epizodik müzakirə olunub. Azərbaycan tərəfi Dağlıq Qarabağdan olan azərbaycanlı qaçqınların digər yaşayış məntəqələri ilə yanaşı, Şuşaya da geri qayıtması məsələsini qaldırıb. Erməni tərəfi bu məsələyə ancaq Dağlıq Qarabağın yekun hüquqi statusu müəyyən ediləndən sonra baxmağın mümkünlüyünü bildirib. Son dövrlərdəki danışıqlarda isə azərbaycanlı qaçqınların Şuşaya qayıtması məsələsi arxa plana keçib, tərəflər münaqişənin nizamlanmasının baza prinsipləri üzərində işi başa çatdıra bilmədikləri üçün Dağlıq Qarabağdan olan azərbaycanlı qaçqınların geri qayıtması məsələsi gündəmdə olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR