İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKIDA DÖVLƏT QARABAĞ TARİXİ MUZEYİ BƏRPA OLUNSUNMU?

3114 18.02.2012 09:26 KİVDF layihələri A A

Qarabağ və ona bitişik rayonlar tarixən ölkəmizin indiki hüdudlarında formalaşan dövlətlərin əsas “qida” mənbələrindən olub. Tarixi fakt budur ki, dünyada üçüncü ən qədim yaşayış məskəni - Azıx mağarası, ən qədim Xocalı-Gədəbəy mədəniyyəti öz başlanğıcını bu ərazilərdən götürüb. Adıçəkilən ərazilər alimlərin əsas tədqiqat mənbəyi olsa da bir sıra tədqiqini gözləyən tarixi obyektlər də erməni talanına məruz qalıb. Keçmiş sovet dövründə də tədqiqat obyekti kimi bəzi qədim abidələr siyahıya alınmayıb. Torpaqlarımızın işğal olunması nəticəsində rəsmi rəqəmlərə görə, 35-40 faizlik tarixi mədəniyyətimizi itirmək təhlükəsi ilə üz-üzəyik.
Söz Azadlığı Müdafiə Fondu (SAMF) itirdiyimiz maddi-mədəni irsimizin siyahıya alınması, qiymətləndirilməsi və bərpası, eləcə də işğal olunmuş ərazilərimizdən çıxarıla bilən mədəniyyət nümunələrinin mühafizəsi, bərpası ilə bağlı ötən ay mətbuat konfransı keçirdi.
Qeyd edək ki, 1991-ci ilin fevralında Şuşada Dövlət Qarabağ Tarixi Muzeyinin yaranmasına sərəncam verilib. Yarım ildən çox müddətdə muzeyə eksponatların toplanması ilə bağlı iş aparılıb. Ermənilərin işğalçı hücumlarından sonra muzeyin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
SAMF-nin icraçı direktoru Vüqar Tofiqli hesab edir ki, Bakıda bu muzeyin fəaliyyətini bərpa etmək ən optimal variantdır: “Nəzərə alsaq ki, paytaxtda bu tipli muzey yoxdur, onda belə bir muzeyin yaradılması məsələsi daha da aktuallaşır. Muzeylərin aktiv fəaliyyəti barədə 1980-ci ildə Mərkəzi Komitənin yanvar plenumunun qərarı olub. Bu qərardan sonra bəzi rayonlarda ictimai əsaslarla fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri dövlət statusunda aktiv fəaliyyətə başladı. Muzeylər idarəsinin yaranması, eksponatların sistemli şəkildə bərpası, qorunması, elmi əsaslarla tədqiqində də bu qərarın rolu oldu. Məsələn, 1982-ci ildən fəaliyyətə başlayan Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin zəngin, 30 min eksponatı olub, amma işğal zamanı heç nə çıxarmaq mümkün olmayıb. Ötən 20 il ərzində nə işğal altındakı maddi-mədəni irsimizin tərkib hissəsi sayılan muzeylərin siyahısı, nə də ki, eksponat fondu haqqında dəqiq bilgilər yoxdur. Müxtəlif rəqəmlər səslənməkdədir. Muzeylərin sayı 16-22 arasında dəyişir, eksponat fondunun həcmi isə 40-100 min arası göstərilir. Mədəniyyət və Turizm Nazirliyinin internet saytında nazirliyin hazırladığı "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş maddi və mənəvi ziyan haqqında qısa arayış"da göstərilən rəqəmlərlə saytın muzeylər bölümündə verilən məlumatlar bir-birini tamamlamır. Ümumilikdə 22 muzeyin və 40 mindən artıq muzey eksponatının erməni işğalı altında qaldığı qeyd edilir".

Saytın muzeylər bölümündə işğal altında olan muzeylərin yalnız 16-sı haqqında ancaq ünvan məlumatı var. Zəngilan, Kəlbəcər, Laçın, Ağdərə tarix-diyarşünaslıq muzeyləri, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyi, Şuşada Bülbülün ev-muzeyi və Mir Mövsüm Nəvvabın xatirə muzeyi, Şuşa qalasının Gəncə divarının yanında Daş Muzeyi haqqında hər hansı bir məlumata saytda rast gəlmədik.
V.Tofiqli bununla bağlı deyir: “Bundan başqa, işğaldan sonra fəaliyyəti rəsmiləşdirilən Bala Bəhmənli kənd tarix-diyarşünaslıq muzeyi də siyahıya salınmayıb. Sonuncu qeyd etdiyimiz muzey hələlik diyarşünaslıq muzeyləri arasında yeganə muzeydir ki, muzey rəhbərliyi tərəfindən internet resursu hazırlanıb. Digər tərəfdən, saytda Zəngilan Daş Heykəllər Muzeyinin rəsmi statusu olduğu halda o, filial kimi göstərilib. Bu günədək Xankəndi və Ağdərə Tarix-Diyarşünaslıq muzeyləri barədə məlumatlar hesabatda öz əksini tapmır. Təəssüf doğuran digər bir məsələ isə bölümə salınan muzeylər haqqında ünvan məlumatlarının nə ingilis, nə də ki, rus dilində verilməməsidir”.
Ümid edirik ki, nazirliyin müvafiq strukturları yeni hazırlanacaq internet resursunda bunları nəzərə alacaq.

“İşğaldakı rayonlarımızın muzeyləri mərkəzləşməlidir”

V.Tofiqlinin fikrincə, erməni işğalı nəticəsində məhv edilmiş abidələrin kataloqunun tərtibi, onların yerləşdiyi ərazilərlə birlikdə maketinin hazırlanması, habelə işğal zamanı xilas edilən eksponatların bərpa edilərək nümayişi ölkəmizin tanıdılmasında əvəzsiz rol oynaya bilər: “İşğal olunmuş ərazilərimizdən, məsələn, Cəbrayıl və Füzuli Tarix-Diyarşünaslıq muzeylərindən, o cümlədən Şuşada olan bir neçə muzeylərin eksponatlarının 15-20 faizi İstiqlal Muzeyinin fondunda yerləşdirilib. Cəbrayıldan 17 min, Füzulidən 6 min eksponat çıxarılıb. Amma görək bu eksponatların vəziyyəti nə yerdədir? Onlar nümayiş olunmaq səviyyəsindədirmi? Axı bu eksponatların mühafizəsi, bərpası çox vacibdir. Biz hazırda fəaliyyətdə olan diyarşünaslıq muzeylərinin eksponat fondunun bərpasını həyata keçirməklə onun daimi olaraq mərkəzi muzeydə sərgilənməsinə nail ola bilərik. Bundan əlavə, işğaldan sonrakı müddətdə formalaşan eksponat fondunu da bura əlavə etsək, fəaliyyəti bərpa ediləcək muzeyin zəngin eksponat fondunu formalaşdırmaq mümkündür. Ancaq belə anlaşılmasın ki, rayonlarda fəaliyyətdə olan diyarşünaslıq muzeylərinin fəaliyyətini kölgə altına almaq istəyirik. Biz bu işlərin sistemli şəkildə aparılmasının tərəfdarıyıq. İşğal altında olan hər rayonun maketi, maddi mədəni abidələrin xəritəsinin hazırlanması və nümayişi muzeyin fəaliyyətinin əsas istiqamətlərindən ola bilər. Qeyd edək ki, Bərdə Tarix-Diyarşünaslıq Muzeyində Bərdə şəhərinin tarixini əks etdirən maket yüksək orijinallıqla hazırlanıb və hazırda adıçəkilən muzeydə sərgilənir. Deməli, belə bir təcrübə artıq var”.
SAMF yetkilisi həmçinin hesab edir ki, Dövlət Qarabağ Tarixi Muzeyi bərpa olunduqdan sonra o, ziyarət üçün protokol qaydasında rəsmi qonaqların səfər proqramına da salına bilər: “Əcnəbi turistlərin və böyüməkdə olan gənc nəslin nümayəndələrinin muzeyə ziyarətlərinin təşkili ilə Azərbaycanımızı daha dərindən tanıtmağa nail ola bilərik”.
V.Tofiqlinin sözlərinə görə, bərpa ediləcək sözügedən muzeyin beynəlxalq muzeylərlə əməkdaşlığı da mümkündür. Həmçinin dünya ictimaiyyətinə itmiş maddi-mədəni irsimiz barədə əsaslı məlumatlar yaya bilərik: “Xatırlayırsınızsa, YUNESKO İçərişəhəri məhv olmaq təhlükəsində olan abidələr siyahısına daxil etmişdi. 1977-ci ildə Şuşaya şəhər-qoruq statusu verilib. Bu gün Şüşanın hər bir daşı maddi-mədəni irsdirsə, nədən bu YUNESKO-nun siyahısına düşməsin? Ona görə də bütün bunların geniş təbliğinə ehtiyacı var”.

İşğaldan Azərbaycana nə qədər ziyan dəyib?

Qeyd edək ki, işğal olunmuş 9 rayonumuzun hər birinə dəyən ziyanın müəyyənləşdirilməsi haqqında bu gün müxtəlif rəqəmlər səslənir. Mədəniyyət və Turizm Nazirliyinin hesabatında 7, Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin hesabatında 60, Minalardan Təmizlənmə Dövlət Agentliyinin hesabatında isə Azərbaycana 32 milyard dollarlıq maddi-mədəni ziyan dəydiyi bildirilir.
V.Tofiqli hesab edir ki, real rəqəm daha çoxdur və sözügedən mənəviyyat ocağının bərpası konkret rəqəmlərin müəyyənləşməsinə də kömək edə bilər: “Qarabağ faciəsindən dünyasını dəyişən, zərərçəkən intellektual insanlar, Azıx mağarası, Şuşanın havası, Kəlbəcərin dünyada ən qiymətli suyu hesab edilən İstisuyun dəyəri və bu kimi sair qiymətlər hesablanmalıdır. Lakin Mədəniyyət və Turizm Nazirliyi nədənsə belə bir mənəviyyat mərkəzinin yaranmasına pessimist yanaşır. Əgər Şuşa Rayon İcra Hakimiyyətinin fəaliyyəti üçün ən müasir memarlıq üslubunda inzibati bina tikiriksə, Dağlıq Qarabağın azərbaycanlı icması da fəaliyyətini məhz həmin binada davam etdirirsə, bundan əlavə, prezident sərəncamı ilə ölkə paytaxtında Şuşa Musiqi Məktəbinə bina inşa edilməsi üçün büdcədən vəsait ayrılırsa, deməli, belə bir muzeyin fəaliyyəti üçün binanın tikintisi də real hesab edilə bilər”.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin SAMF-a məsələ ilə əlaqədar ünvanladığı cavab məktubunda onların təklifi alqışlanıb. Lakin F.Babayev bizə bildirdi ki, dövlət bu muzeyin yalnız Şuşada bərpasını məqbul hesab edir: “Bu gün Bakıda Şuşa Musiqi Məktəbi ona görə fəaliyyət göstərir ki, sabah Şuşaya qayıdanda müəssisə tam şəkildə orada fəaliyyət göstərə bilsin. Amma Qarabağ Tarixi Muzeyinin Bakıda yaranmasına ehtiyac görmürük. Torpaqlarımız azad olduqdan sonra həmin muzeylərin fəaliyyəti bərpa olunacaq”.
SAMF yetkilisi isə bu fikirlə razılaşmır: “Gözləmə mövqeyində dayanmış olsaq, onda nə Xocalı sakinləri üçün, nə də Biləsuvar, Yevlax, Ağdam və Ağcabədidə qaçqın şəhərcikləri salınmalı deyildi. Yəni gec-tez torpaqlarımız işğaldan azad ediləcəkdi və məcburi köçkünlərdə çadır şəhərciyindən birbaşa öz yaşadıqları ərazilərə köçürülə biləcəkdilər”.
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov bildirir ki, muzeyin balansında çox qiymətli eksponatlar var: “Bürünc keçi totemi və cəhrənin iyi Bakıdakı bankların birində mühafizə edilir. Bu eksponatlar insanı eramızdan əvvəlki III-IV minilliklərə aparır”.
B.Əsgərovun bildirdiyinə görə, 2005-ci ilə qədər muzeyə atası, əməkdar muzey işçisi Şamil Əsgərov rəhbərlik edib və sıfırdan başlamaqla 5665 eksponat toplanıb. Hazırda muzey Bakıda Heydər Əliyev prospekti, 81-də yerləşən 3 saylı peşə liseyində 22 kvadratmetrlik otağa sığınıb.
Mütəxəssis işğal olunmuş ərazilərin muzeylərinin mərkəzləşmiş qaydada fəaliyyətini təqdir edir: “Bu qədər eksponatı darısqal bir otaqda saxlamaq, mühafizə etmək əlbəttə ki, çətindir. Hər 3 aydan bir havalandırmasını aparırıq ki, heç olmasa qoruya bilək. Məsələn, Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru deyir ki, muzeyə məxsus qədim xalçalar çürüyüb. Amma bu eksponatların saxlanmasına münasib yer ayrılsa, dövlət qayğısı göstərilsə, çox yaxşı olar”.
Tanınmış hüquqşünas Adil Minbaşı da belə bir mənəviyyat ocağının fəaliyyətini vacib hesab edir: “Maddi-mədəni irsimiz, mənəviyyatla bağlı olanlarımız bizim kimliyimizi, tariximizi göstərir, bizi dünyada təbliğ edir. Hər bir xalq öz mədəniyyəti ilə yaşayır. Ölkədə iqtisadiyyat zəif olsa, sabah güclənə bilər, amma itmiş mənəviyyatın tapılması çətindir. Odur ki, biz maddi-mənəvi irsimizi yaşatmalıyıq”.
Ziyalı hesab edir ki, mənəviyyatımızla bağlı olan məsələlərə qayğı vacibdir və bu istiqamətdə fəaliyyət göstərən hər bir kəsə dəstək olmaq insanlıq borcumuzdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR