İnsanlara hürriyət, millətlərə istiqlal!

KİŞİNİN ŞALVARI CIRILDI

1016 14.01.2012 09:02 Yazarlar A A
Natiqlər bir-birini əvəzləyərək tribunaya qalxır, köşkün məhv edilməsi üçün müxtəlif ideyalar səsləndirirdilər. Alovlu natiqlərdən biri söylədi ki, yoldaşlar, köşkü aradan götürmək üçün bizə güclü mücahidlər və kamikadze qadınlar lazımdı. Aydındır ki, mücahid və kamikadze hazırlığına vaxt tələb olunur. Biz özümüzə mücahid hazırlamaq üçün çoxlu sayda yaratdığımız gənclər təşkilatı üzvlərindən seçdiyimiz adamları təlim keçmək üçün İraq və Türkiyə ərazilərinə göndərə bilərik. PKK yaraqlıları Bakıdakı qəzet köşkünü məhv etmək istəyən hər bir insana sevinc və fərəhlə təlim keçə bilər. Biz öz mücahidlərimizi kürd yaraqlı dəstələrinin aralarında yetişdirib qəzet köşkünü asanlıqla mühasirəyə ala bilərik. Kamikadze qadın yetişdirmək üçün isə ən əlverişli məkan Əfqanıstandır. Göndərdiyimiz xanımlara trotilin kəmərlə incə belə bağlanma üsulunu və obyektlə bərabər özünü partlatma əməlini təfsilatı ilə öyrədəcəklər. Bu işlərə hazır gələn mücahidlər köşkü çox asanlıqla mühasirəyə ala bilərlər. Yaxud beli trotilli xanım qəzet almaq bəhanəsi ilə köşkə yaxınlaşıb özünü partlatsa, köşk də, satıcısı da, hətta ətrafdakılar da göyə sovrulacaq. Tərəfimizdən həyata keçirilən əməliyyatdan sonra xalq arasında qəzet satmağa və qəzet almağa meyllənən olmayacaq. Nəticədə şəhərin ən “xodovoy” yerlərindən biri boşalacaq. Həmin yerə özümüzün qutab, dönər, qril, siqaret, “Ailə sevinci”, “Tale açarı” lotereyaları, göz muncuğu, alışqanlar, “Sim-kart” və “Cin-kart” qardaşları, şar, pozan, qələm satan köşkümüzü qoya bilərik...
Maraqlı təklifi ilə yadda qalan alovlu tribunlardan digəri məsələni daha kəskin qoydu. Gur tellərini “poxmel”dən əsən barmaqları ilə arxaya darayaraq çıxışa başlayan natiq dedi, yoldaşlar, məndə olan məlumata görə, Rusiyadan bir xeyli “S-300" raketləri almışıq. Bu raketləri bizə Rusiya satıbsa, demək, ermənilərə bundan da müasirlərini bağışlayıb. Yəni biz bu raketlərdən onsuz da heç vaxt başlamayacaq Qarabağ müharibəsində istifadə edə bilməyəcəyik. Bəs bu silah əlimizdə var ikən niyə də onu qəzet satanlara və qəzet alanlara qarşı işlətməyək? Mən əlində qəzet satan kişini öz gözlərimlə görmüşəm. Tutaq ki, biri dəli olub qəzet satır, inandırım sizi, ondan qəzet alanları da görmüşəm. Biz "S-300" raketlərini qəzet köşkünün ön, arxa, sağ və sol tərəflərində quraşdırıb eyni anda dörd atəş aça bilsək, sizə söz verirəm, belə genişmiqyaslı hücumdan sonra köşkün yerində yalnız dərin quyu görəcəksiniz. Sonra həmin quyunu hasara alıb üstünə “Müvəqqəti narahatçılığa görə üzr istəyirik!” yazsaq, ətrafdakılar elə biləcək orda təmir işləri gedir. Bu bəhanə ilə büdcədən nə qədər desən pul silə bilərik. Əlində qəzet satan və qəzet alanları qəfil raket atəşinə tutmaq üçün “S-300"-ləri şəhərin müxtəlif yerlərində binaların üstündə quraşdırmaq lazımdı.
Ən çox maraq doğuran ideyanı isə sonuncu natiq dilə gətirib. Yaxası medallı ağsaqqal deyib ki, qəzetsatan köşkün və qəzet oxuyan xalqın kökünü tamam kəsmək üçün İran dövləti ilə hərbi əməkdaşlığa getməli, uranın zənginləşdirilməsi təcrübəsini mənimsəməliyik. Çətini uranı zənginləşdirməkdi, ondan sonra hər şey yağ kimi gedəcək. Nüvə silahı əldə edildikdən sonra qəzet çap eləyənin, satanın və oxuyanın hakimiyyət üçün heç bir təhlükəsi olmayacaq. Düyməni basan kimi hamısı külə dönəcəklər!
Etibarlı mənbə and içib söyləyir ki, iclasdakılar sonuncu natiqi o qədər atıb-tutdular ki, axırda kişinin şalvarı çilçırağa ilişib cırıldı...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR