İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kişi gərək sözünü tutsun..." - Parisdə yaşayan jurnalist 7 fevraldan yazdı...

999 08.02.2024 18:46 Yazarlar A A

İndiyə qədər 4 prezident seçkisində (2003-2008-2013-2018) seçici kimi iştirak hüququm olsa da, bu hüququmdan istifadə etməmişəm.

Nəhayət, dünən keçirilən prezident seçkisində öz seçici hüququmdan istifadə edərək, siyahıdakı ƏN DOĞRU NAMİZƏDə səs verdim.

Uşaqlığımız və gəncliyimiz Azərbaycanın siyasi, iqtisadi və hərbi təlatümlü dövrlərində keçib, bu günkü Azərbaycanın formalaşması prosesinin ağırlığına şahid olmuşuq.

Buna görə də ilk dəfə seçkidə iştirak etdim və ilk dəfə İlham Əliyevə səs verdim. Bunun özü, çox qəribə duyğudur; ancaq Qarabağın fatehinə hər birimizin bir təşəkkür borcu vardı və mən bunu yerinə yetirdim.

"Niyə İlham Əliyevə səs verdim?" sualına bir-bir, maddə-maddə cavab verməyə çalışacam.

1. Seçki bülletenindəki namizədlər arasında ən uyğun namizəd o idi. Digər namizədlər, siyasi təcrübə, dövlət idarəçiliyi və s. əhəmiyyət kəsb edən məsələlərdə açıq ara ondan geri qalırdı.

Bəlkə də, Allahın hikmətidir, klassik müxalifət də, bu seçkidə öz namizədini çıxarmamışdı, yaxud çıxara bilməmişdi. Bu, bir daha onu sübut etdi ki, xarici ölkələrdən dəstək almadan, xarici ölkələrin göstərişi olmadan birləşə, bir yerdə hərəkət edə, yaxud vahid namizəd çıxara bilmirlər.

Hazırkı vəziyyətdə, ən demokratik və şəffaf seçkidə belə, İlham Əliyev istənilən rəqibinə asanlıqla qalib gələ bilər.

Seçkidə öz namizədini çıxarmayanların, yaxud çıxara bilməyənlərin və ya namizəd olma cəsarəti göstərə bilməyənlərin, namizəd olmaqdan qorxanların, öz elektoratına arxalanmayanların, seçki günü deyinməsi, sadəcə, boş qazan səsini xatırladır.

İlham Əliyev, Azərbaycanın sosial, ictimai və siyasi reallıqlarına uyğun, hətta bu reallıqdan bir neçə addım öndə olan namizəd və siyasi xadimdir.

2. İkinci Qarabağ müharibəsində bizə böyük zəfər yaşadan və Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməklə, suverenliyimizi tam mənada bərpa edən də, məhz İlham Əliyevdir.

Böyük şücaətlə, torpaqlarımızı işğaldan azad edən milli ordumuzun ali baş komandanı da odur!

Müharibə şəraitində, hərbi əməliyyatlara paralel olaraq, diplomatik danışıqları fəhmlə davam etdirən, istifadə etdiyi siyasi-hərbi taktika və manevrlərlə düşməni və onların havadarlarını neytrallaşdıran, yeri gələndə ölkəmizə vaxt və güc qazandıran sərkərdə də o idi.

Uzun müddət, "Bu hakimiyyətin dövründə, Qarabağı geri ala bilməyəcəyik!" deyənlər, yaxud hansısa ictimai-siyasi müzakirə və mübahisələrdə "İlham Əliyev Qarabağı alsa, səsimi ona verəcəm" deyənlər üçün 7 fevral, öz sözlərini yerinə yetirmək günü idi.

Kişi söz verdisə, gərək heç nəyə baxmadan yerinə yetirsin!

Bəli, üzərindən əsrlər keçsə belə, İlham Əliyev, artıq Azərbaycan və dünya tarixində öz yerini alacaq. Qarabağı, yenidən Azərbaycana bəxş edən bir sərkərdə kimi yadda qalacaq.

Sırf, Qarabağın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün yenidən bərpasına görə, İlham Əliyev, bu seçkinin şübhəsiz qalibi olmalıydı.

3. Mən İlham Əliyevin hakimiyyət dövrünü iki yerə ayırıram.

2003-2013 - birinci onillik İlham Əliyevin siyasi hakimiyyətinin güclənməsi dövrüdür.

2013-2023 - ikinci onillik isə, artıq öz komandasını formalaşdırmış İlham Əliyevin, Azərbaycanda ciddi siyasi, iqtisadi, administrativ, sosial və hərbi islahatlar apardığı dövrdür.

Xüsusən, 2-ci onillikdə, o, hakimiyyət və dövlət strukturlarındakı keçmiş sovet qalıqlarını böyük qətiyyətlə, dövlət və hakimiyyət idarəçiliyindən uzaqlaşdırdı. Manqurt idarəçilər, milli ruhda böyüyən gənc və peşəkar kadrlarla əvəzləndi.

Mən əminəm ki, bu islahatlar, növbəti 7 ildə də şaxələnərək, daha əhatəli şəkildə davam edəcək.

İnanıram ki, yaxın gələcəkdə, İlham Əliyevin rəhbərliyi altında, güclü təhsili və məhkəmə sistemi olan, sağlam iqtisadi təməllərə dayalı, qüdrətli ordusu və hərbi sənayesi formalaşan, yüksək rifah səviyyəsinə malik olan, nəinki öz regionunun, həm də Yaxın Şərqin açar ölkələrindən birinə çevrilən, Avropa ilə Asiya arasında körpü rolu oynayan, inkişaf edən bir Azərbaycan görəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR