İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirilenkonun büdrəməsi, Ustinovun minnəti, Brejnevin eyhamı – Siyasi Büroda incikllik

2340 19.07.2022 16:31 Yaxın tarix A A

1970-1980-ci illərdə Kremlin yüksək ranqlı dövlət məmurlarının əksəriyyətinin səhhətində ciddi problemlər olub. Mövcud rejim bir çox problemləri gizli saxlaya bilsə də, bu problemi ictimaiyyətdən gizli saxlamaq mümkün olmayıb. Məhz həmin dövrdə müşavirə zalına təcili olaraq tibbi personal da çağrılıb, kabinetlərdə ürəktutmaları da baş verib, dövlət tədbirlərində bayılanlar da olub.

SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi (dövlət məmurlarının səhhətinə cavabdehlik daşıyan idarə) Yevgeni Çazov öz xatirələrində bu məsələyə də toxunub:

“İdarəmizin fəaliyyət dairəsi geniş idi. Biz təkcə baş katibə, Mərkəzi Komitənin katiblərinə, Siyasi Büro üzvlərinə deyil, eyni zamanda nazirlərə, komitə sədrlərinə, onların müavinlərinə, idarə və şöbə rəislərinə də xidmət göstərirdik. Bu iş bizdən xeyli vaxt tələb edirdi. Amma bizim vaxtımız əsasən ən yuxarı siyasi eşеlona sərf olunurdu. Belə ki, Siyasi Büro üzvlərinin, demək olar ki, hamısında sağlamlıq baxımından kifayət qədər böyük problemlər var idi. Digər tərəfdən, siyasi liderlərin kaprizləri də bizim vaxtımızı alırdı. Onlara xəstəliklərinə uyğun hər hansı bir göstəriş yazırdıq, ancaq bununla işimiz bitmirdi. Çünki yaxşı bilirdik ki, “ali” pasiyentlərimiz göstərişlərimizə çox vaxt əməl etmirlər. Buna görə də məcbur olub yazdığımız göstərişlərin, təyin etdiyimiz müalicələrin icrasını da nəzarətdə saxlayaq.

230px-Kirilenko,_Andrey_Pavlovich.jpg (31 KB)

Əks təqdirdə, siyasi birincilər sağalmayanda bizi günahkar sayırdılar. Yaşı 70-i ötən, səhhətlərində problem olan siyasilərdən heç kim könüllü olaraq vəzifəsindən getmək istəmirdi. Hətta bu yaşdan sonra onlar daha böyük vəzifələrə can atırdılar. Təbii ki, onların işləməsinə, təyinatlarına mən qarışa bilməzdim. Amma həm Leonid Brejnev, həm də Yuri Andropov kimisə yüksək vəzifəyə təyin edəndə onun səhhəti ilə bağlı vəziyyəti məndən soruşurdular. Mənim “sağlamlığı qənaətbəxş deyil” rəyimə isə heç biri məhəl qoymurdu. Belə çətin bir vəziyyətdə işləyirdik...”

Məmurların sağlamlıq problemi ilə növbəti “insident” isə 1978-ci ildə baş verib. Həmin ilin noyabrın 7-də oktyabr inqilabının ildönümü ilə bağlı Qırmızı meydanda nümayiş və parad keçirilib. Əvvəlki illərdə olduğu kimi baş katib başda olmaqla yüksək ranqlı dövlət məmurları və ali rübəli hərbçilər mavzoley tribunasına qalxıblar. Tribunaya qalxan zaman Mərkəzi Komitənin katibi Andrey Kirilenko büdrəyib. Bu məqamda onun arxasınca pillələri qalxan SSRİ müdafiə naziri, marşal Dmitri Ustinov cəld bir hərəkətlə Kirilinkonun qolundan tutaraq onun yıxılmağına imkan verməyib.

800px-Устинов_и_Брежнев.jpg (89 KB)

Ustinov Kirilenkonu “xilas” etdikdən sonra bir az yüksək tonla, Brejnevin də eşidəcəyi səslə yıxılmaqdan qurtulan Mərkəzi Komitənin katibinə deyib:

- Biz hərbçilər olmasaq, siz siyasətçilər nə edərdiniz? Həmişə sizin xilaskarınız olmuşuq.

Yaxın dostluq münasibətində olduğu Ustinovun bu ironiyalı ifadəsi Brejnevin xoşuna gəlməyib. Baş katib bu ifadəni patiyanın “bostanına daş atmaq” kimi qiymətləndirib. Amma həmin məqamda marşala heç nə deməyib.

Qeyd edək ki, Dmitri Ustinov Siyasi Büronun üzvü olub, siyasi elitada əsas söz sahiblərindən biri sayılıb, o cümlədən Brejnevlə arasında çox isti münasibətlər hökm sürüb.

1ffc9314e0d84340b2481bee780a66e3.jpg (65 KB)

Həmin ilin noyabrın sonlarında keçirilən Siyasi Büronun iclasında Brejnev 7 noyabrda baş verən hadisəni Ustinova xatırladıb. Baş katib iclasın girişinə belə başlayıb:

- Bu gün müzakirə edəcəyimiz məsələlərdən məlumatlısınız. Növbəti iclasda silahlı qüvvələrlə bağlı müzakirələr aparacağıq. Dmitri Fyodoroviç, bunu nəzərə alın və Siyasi Büroya təqdim etmək üçün arayış hazırlayın. Biz çalışmalıyıq ki, müdafiə sistemimiz daha güclü olsun. Eyni zamanda siz partiyamızın da qorunmasına bütün gücünüzü səfərbər etməlisiniz. Biz vaxtında müharibədə sizi qoruduq. Dima (Brejnev Ustinova çox vaxt belə müraciət edib), sən o vaxtlar silah naziri idin, yəni səngər zabiti deyildin, kabinet məmuru kimi xidmət edirdin. Biz siyasətçilər isə səngərlərdə faşistlərə qarşı mübarizə aparırdıq. Bu mübarizənin fəsadları indi səhhətimizdə özünü biruzə verir.

1478501269_12.jpg (88 KB)

Ustinov Brejnevin nəyə işarə etdiyini yaxşı anlayıb. Baş katiblə mübahisə etməyi düzgün saymayan marşal vəziyyəti yumşaltmağa çalışıb:

- Leonid İliç, sizi və bütövlükdə sizin komandanızı qorumaq bizim borcumuzdur. Mən sizi anladım.
Bu hadisədən sonra baş katiblə müdafiə nazirinin arasında soyuqluq yaranıb. Onlar yalnız bir aydan sonra, dekabrın sonlarında Ukraynaya səfərləri zamanı “barışıblar”. Həmin səfər zamanı həm Ustinov, həm də Kirilenko baş katibi müşayiət ediblər. Hadisələrdən məlumatlı olan Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Şerbitski ziyafət zamanı məmurlar arasında mehribanlıq yaradıb, həmin məclisdə Ustinov zarafatla Kirilenkoya bir atmaca da atıb:

- Bir daha yıxılmayın və məni də yıxmaq haqqında düşünməyin. Biz hamımız eyni şineldən çıxmışıq...

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR