Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İnlə bağlı müəmma bir həftədən artıqdır davam edir. Liderin gah öldüyü, gah komada olduğu, indi də sağ salamat olduğu və istirahət etdiyi xəbəri yayılıb.
Şimali Koreyada nə baş verir, Nüvə silahına malik bu ölkədə hakimiyyət böhranı nə vəd edir?
SSRİ-nin Brejnevdən sonrakı hakimiyyət böhranı ilə Şimali Koreyanın bugünkü durumunun bənzərliyi varmı?

Politoloq Əhəd Məmmədli musavat.com-a bildirdi ki, Şimali Koreyada müəmmalı hadisələr davam edir, özü də koronavirus dövründə, dünyanın diqqətinin pandemiyaya yönəldiyi vaxtda: “Şübhəsiz ki, Kim Çen İnə görünür nəsə baş verib. Çox güman ki, ölüb, ölməyibsə belə başına çox ciddi hadisə gəlib. Bu dövlət dramı bir neçə ssenarilə davam edə bilər. Ölməyibsə, Kim Çen İn sağala bilər və ona bunu edənlərdən intiqam almağa başlayar. Bu gedişat az inandırıcıdır. Çünki əgər onu zəhərləyiblərsə deməli, o, mütləq öləcək. Daxildə bunu edənlər anlayırlar ki, Kim Çen İn sağ qalsa ölkəni onların başına yıxacaq. Digər plan bu ola bilər ki, Kim Çen İn ölür əvəzinə oxşarı gətirilir və dövlət başçısı rolunu oynayır. Bu da o qədər inandırıcı çıxış yolu deyil. Çünki oxşarlar adətən əvəzedici rollarda oynayır, baş rollarda deyil. Ən real sonluq çox güman ki, Kim Çen İnin xəstəlikdən öldüyü məlumatını yayıb, dövlətdə bir neçə gün matəm elan edəcəklər. Sonra da diktatorun bacısını başa gətirib onun adı ili dövləti Kim Çen İni zəhərləyənlər idarə edəcəklər. Bu sınanmış metoddur. İmperialist qüvvələr görəndə ki diktatorları güclə devirə bilmirlər, yaxın ətrafı əla alıb onların əli ilə hədəfi neytrallaşdırırlar. Məsələn, Türkmənbaşı da oxşar variantla ortadan götürüldü”.
Ekspertin fikrincə, Kim Çen İnın həqiqətən xəstəlikdən ölməyi az inandırıcıdır. Əgər doğurdan da xəstəlikdən ölübsə bundan da imperialist qüvvələr öz xeyrinə istifadə etməyə çalışacaqlar. ABŞ bir, Çin digər tərəfdən Koreya Xalq Demokratik Respublikasında söz sahibi olmağa çalışacaqlar: “Hələ mən bu prosesdə görünməyən oyunçulardan danışmıram. Həmin o gözə görünməyən oyunçuların da dünyanın hər yerində olduğu kimi, Şimali Koreya ilə bağlı da yəqin ki, öz planları var. Şimali Koreyadakı vəziyyətlə Brejnevin ölümündən sonra SSRİ-də yaranmış situasiya isə fərqlidir. Bunları müqayisə etməyə lüzum yoxdur”.

AMİP katibi, siyasi analitik Əli Orucov isə dedi ki, Şimalı Koreya dünyanın ən qapalı ölkələrindən biri olduğundan orada nə baş verməsindən məlumat almaq çox çətindir. Xüsusən də dövlət başçısı barədə informasiyalar ümumiyyətlə verilmir. Ona görə də Şimali Koreyanın dövlət başçısı Kim Çen İnnin taleyi barədə indiyədək hətta böyük dövlətlərin xüsusi xidmət orqanları dəqiq məlumat ala bilməyiblər: “Dünya mediasında bir-birini təkzib edən informasiyalar yer alır. Şimali Koreya kimi despotik ölkələrdə hər şey siyasi liderdən asılı olduğundan onun ölümündən sonra bir müddət daxili kataklizmlər yaşanır. Amma deyilənlərə görə varis kimi Kim Çen İnin kiçik bacısı artıq onun səlahiyyətlərini həyata keçirir. Yəni dolaşan ziddiyyətli məlumatlar duman qatını aralamağa və bundan sonra hansı proseslərin cərəyan edəcəyini təhlil etməyə imkan vermir. Amma Kuba kimi daha bir qapalı ölkədə Fidel Kastrodan sonra yerinə hakimiyyətə qardaşı Raul Kastro gəldi və bu ada dövlətdə koordinal olaraq heç nə dəyişmədi. KXDR doğrudur, bir qədər fərqli yanaşma tələb edir.
Çünki nüvə dövlətidir və hərbləşdirilmiş dövlətdir. Orda baş verənlər dünyanın diqqətindədir. Kim Çen İnin hər hansı səbəbdən hakimiyyətdən gedəcəksə, Qərb çalışacaq ki, Şimali Koreyada rejimi heç olmasa bir qədər yumşaladacaq şəxs orada hakimiyyətə yiyələnsin. Kim Çen İnin bacısı qardaşı ilə müqayisədə Qərbə bir qədər meyli şəxs kimi tanınır. Mümkündür Qərb də onun iqtidara sahiblənməsində maraqlı olsun. Lakin orada əsas həlledici təsir Çin və Rusiya malikdir. Hər iki dövlət rejimin olduğu kimi davam etməsini təmin etməyə çalışacaqlar. Hər bir halda Şimali Koreyada hakimiyyət dəyişikliyi dünyaya elə də xüsusi bir təsir göstərəsi deyil.
SSRİ Brejnevin ölümündən sonra təxminən 10 il varlığını saxladı. Zənn etmirəm ki, Kim Çen İn erasından sonra KXDR-də sərt hərbi idarəçilik erası da bitəcək. Nəzərə almaq lazımdır ki, KXDR-ə Çinin böyük təsiri var və Pekin Pxenyanı öz nəzarətindən verməz. Müəyyən yumşalmalar ola bilər. Çünki dünya dəyişir. Koreya yarımadasının hələ vahid dövlət halında birləşməsi isə xeyli zaman ala bilər”.
Etibar Seyidağa,
Musavat.com






