İnsanlara hürriyət, millətlərə istiqlal!

“Khazar” avtomobilləri “Made in Azerbaijan” brendi ilə yerli və xarici bazarlara çıxarılır

5519 07.04.2018 09:30 Reportaj A A

Neftçala Sənaye Məhəlləsində bir gün

Aprelin 5-də İqtisadiyyat Nazirliyi yeni istifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsinə mediatur təşkil edib. Mediaturda KİV nümayəndələri ilə bərabər iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və bir qrup iqtisadçı ekspert də iştirak edib. Səfər iştirakçıları sənaye məhəlləsində görülən işlər və bu yaxınlarda istifadəyə verilmiş “Khazar” Avtomobil Zavodunun fəaliyyəti ilə əyani tanış olublar.

Musavat.com-un əməkdaşının da iştirak etdiyi mediaturda ilk olaraq sənaye məhəlləsi ilə ümumi tanışlıq olub. Bildirilib ki, hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir.

Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri açılıb. Həmçinin Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, “Start-up”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir.

Öyrəndik ki, sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 10 ha genişləndirilməsi nəzərdə tutulur və artıq müvafiq prosedurlara başlanılıb.

Burada fəaliyyət göstərən müəssisələrdən biri balıq, toyuq və mal-qara yemi istehsalını həyata keçirən “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyətidir. İllik istehsal gücü 25 min ton olan müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Həmin müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 30 nəfərə yaxın şəxs işlə təmin edilib.

Sənaye məhəlləsinin digər bir rezidenti “Gilan PİVOT” MMC-dir. Müəssisədə müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal olunur. Bu yeni texnologiya əkin sahələrinin suvarılma sisteminin daha da asanlaşdırılmasına xidmət edir. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. “Gilan PİVOT” MMC-nin rəhbəri Ruslan Ələsgərov bildirib ki, istehsal mərhələli şəkildə həyata keçirilir: “İlkin mərhələdə birləşdirici borular, aprel-may ayında künclüklər, sentyabr ayında təkərlər arası resursların və digər avadanlıqların yığılması burada olacaq. Sentyabr ayına qədər suvarma sisteminin yığılması başa çatacaq. Bir sistem 800 metrə qədər uzana bilir və 130 ha yeri suvarmaq olur.

Hacıqabul rayonunda Padarçöl sahəsində 5 min ha ərazinin suvarılması üçün 76 ədəd sistem artıq quraşdırılıb. Bundan əlavə, yeni sifarışlərimiz də var. Həm Padarçöl, həm də Biləsuvar rayonunda 2 min ha ərazinin suvarılması üçün 32 ədəd pilot suvarma sistemi hazırlanır. Suvarma sisteminin bir ha üçün təxmini maya dəyəri 1050-109- dollar civarındadır".

Neftçala Sənaye Məhəlləsində olan rezidentlərdən biri də modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olan “Providence Limited” MMC-dir. 80 min manat investisiya yönəldilən müəssisədə hazırda 15 nəfər çalışır. Bu şirkətin hazırladığı modul tipli məktəblər cənub rayonlarında quraşdırılacaq. Bundan əlavə, burada konservləşdirilmiş və soyudulmuş təzə balıq istehsal edən “Azproduct” MMC, məhəllədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal edən “Metak” MMC, polietilen suvarma boruları istehsal “Toğrul-2008" MMC də fəaliyyət göstərir.

 Neftçala Sənaye Məhəlləsinin diqqəti çəkən ən iri rezidenti “Khazar” Avtomobil Zavodudur. Bildirilib ki, “Azərmaş” MMC və “İran Khodro” şirkətlərinin birgə istehsalı olan bu zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətlidir.

 “Azərmaş” MMC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75%-i “Azərmaş” ASC-yə, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206", ”Peugeot-207", “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunur.

“Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur. Avtomabillərin istehsalı ilə tanışlıqdan sonra onun suya və yolsuzluğa davamlılığını öyrənmək üçün test-drive edildi. Sonda səfərdə iştirak edən iqtisadçı ekspertlərin də fikirlərini aldıq.

İqtisadçı Vüqar Bayramov bildirdi ki, Azərbaycanda avtomobil istehsalının təşkil edilməsi qeyri-neft sektorunda kifayət qədər innovativ müəssisənin istehsalı kimi qiymətləndirilməlidir:

Vüqar Bayramov ile ilgili görsel sonucu

 “Azərbaycan qeyri-neft sektorunda bir sıra məhsulların istehsalını həyata keçirir, amma avtomobil istehsalı spesifikdir, innovasiya tələb edir, eyni zamanda bazarda tələbin olduğu məhsuldur. İlkin olaraq illik 10 min avtomobilin istehsal edilməsi bir tərəfdən idxaldan asılılığın aradan qaldırılması baxımından vacibdir. Nəticədə idxal olunan avtomobillərin bir hissəsi yerli bazar hesabına ödəniləcək. Gələcəkdə ixrac imkanlarının artırılması ölkəyə xarici valyutanın daxil olması baxımından vacibdir. Belə zavodun qurulması bazara müasir standartlar, Azərbaycan brendi ilə keyfiyyətli məhsulların çıxarılmasına imkan verməklə yanaşı, məşğulluq, innovasiyanın regionlara gətirilməsi baxımından önəmlidir”.

V.Bayramov qeyd edib ki, sənaye məhəlləsinin formalaşması sahibkarlar üçün yeni imkan kimi qiymətləndirilməlidir: “Dövlət sahibkarın fəaliyyət göstərməsi üçün lazım olan bütün infrastrukturu formalaşdırıb. Nəticə etibarı ilə sahibkar formalaşdırılmış infrastrukturdan istifadə edir. Həm də sahibkar vergi güzəştlərindən yararlanır. Burada fəaliyyət göstərən sahibkarların hamısı investisiyanın təşviqi sənədindən istifadə edir. Nəticədə nəinki vergi ödənişləri, texnologiyanı ölkəyə gətirən zaman güzəşt əldə etmək imkanı qazanır. Bu baxımdan sənaye məhəlləsinin formalaşması və innovasiyanın yayılması sahibkarlar üçün yeni imkandır. Bu, qeyri-neft istehsalının artırılması baxımından vacibdir, həm də bu, qeyri-neft ixracının formalaşdırılması üçün bir zəmindir”.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 24 sentyabr 2017-ci il tarixində açılıb. Burada dövlət vəsaiti hesabına sahibkarlar üçün bütün infrastruktur yaradılıb. Belə ki, sənaye məhəlləsində 5 MVt gücündə transformator, 25 m3/saat sutəmizləyici qurğu, 100 m3/saat gücündə təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu sahibkarların istifadəsinə verilib, abadlıq işləri görülüb. Sənaye Məhəlləsinin ərazisində yüksək standartlara cavab verən 7 istehsal modulu (6922 m2), inzibati bina (1200 m2, 2 mərtəbə), texniki və köməkçi binalar (1000 m2) tikilib.

Əli RAİS,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR