İnsanlara hürriyət, millətlərə istiqlal!

Keyfiyyətsiz içki üstündə başlayan böyük qiyam- Xruşşov dövrünün ilginc hadisəsi

3547 14.02.2021 14:20 Yaxın tarix A A

 

SSRİ-nin mövcud olduğu 70 il ərzində ölkədə kütləvi etiraz aksiyaları, tətil və nümayişlər, qiyamlar daha çox Nikita Xruşşovun 11 illik hakimiyyəti dövründə baş verib.

Sosial rifahlarından, yaşam tərzindən, ümumiyyətlə, ölkədə aparılan islahatlardan narazı olan insanlar rejimin sərtliyinə baxmayaraq küçələrə çıxmağa, etiraz səslərini ucaltmağa məcbur olublar. Məhz bu dövrdə ayrı-ayrı şəhər və rayonlarda dövlət qurumları, xüsusilə də milis orqanları əməkdaşları ilə baş verən kiçik insidentlər kütləvi narazılıqlara çevrilib.

1960-cı ildə Odessada baş verən və “Moldavanka qiyamı” kimi tarixə düşən ixtişaşlar da Xruşşov hakimiyyətinə qarşı olan növbəti etiraz aksiyalarından biri olub.

Hər şey kiçik bir mübahisədən başlayıb. Həmin ilin dekabr ayının 18-də günorta saatlarında Odessada dislokasiya olunan inşaat (stroybat) hərbi hissəsinin əsgəri ilə Odessanın Moldavanka qəsəbəsində yerləşən ərzaq mağazasının alkoqollu içkilər satan satıcısı ilə mübahisəsi düşüb. Əsgər satıcını keyfiyyətsiz içki satmaqda ittiham edib və pulunu geri istəyib. Satıcı nümayişkarcasına əsgəri təhqir edərək onu itələyib və mağazadan qovub.

x0igxdh1q1brhw4r2ujgrcu0p.jpg (78 KB)

Bu səhnə mağazada olan və küçədən keçən adamların qıcığına səbəb olub. Əslində, insanların qıcığına əsas səbəb heç də satıcının əsgərlə kobud rəftarı olmayıb. Qəsəbə sakinləri həmin satıcının kobudluğunu illər boyu müşahidə ediblər və həqiqətən də onun gizli sexlərdə kustar üsulla hazırlanan içkilər satdığını da yaxşı biliblər.

Sanki məqam gözləyirmiş kimi qəsəbə sakinlərinin bir neçəsi əsgəri müdafiə edərək satıcı ilə haqq-hesab çəkmək qərarına gəliblər. Mübahisə sözdən əlbəyaxa davaya keçib. Çox qısa müddətdən sonra mağazanın qarşısına yüzlərlə insan toplaşıb. Təbii ki, sahə müvəkkili və patrul xidmətində olan milislər yüzlərlə insanı sakitləşdirmək gücündə olmayıblar.

i1rTFS5I5SY.jpg (75 KB)

Bir neçə saatdan sonra qəsəbə sakinlərinin yarıdan çoxu küçələrə axışıb. Antisovet və Xruşşov əleyhinə şüarlar səsləndirilib. Etiraz dalğaları bütün Odessanı bürüyüb. Saat 16-da Odessa vilayət Partiya Komitəsinin birinci katibi Aleksandr Fedosoyev təcili müşavirə çağırıb, müvafiq tapşırıqlar verib. Konkret tədbirlərin görülməsi üçün isə o, Ukraynanın birinci katibi Nikolay Podqornıya hadisələr haqqında məruzə edib. Nikolay Podqornı Xruşşovdan icazəsiz heç bir addımın atılmayacağını bildirib.

Elə bu danışıqlar zamanı artıq Odessadakı vəziyyətdən xəbər tutan Xruşşov özü Podqornıya zəng vurub. Baş katiblə birinci katibin arasında telefon danışığı qısa, amma çox gərgin olub. Xruşşovun əsəbləri tarıma çəkilib:

-Nikolay Viktoroviç, heç bir işə yaramayan bir kommunist kimi indi siz hansı işlə məşğul olursunuz? Burnunuzun altında sovet hökumətini söyürlər, siz isə kabinetdə mürgüləyirsiniz. Nəyi gözləyirsiniz? Gözləyirsiniz ki, Qərb mətbuatı bizim karikaturalarımızı çəksin?”

Nikolai_Podgorny_in_1973 (1).jpg (97 KB)

Podqornı adətinə uyğun olaraq təmkinin pozmadan cavab verib:

-Nikita Sergeyeviç, hadisələr nəzarətimiz altındadır. Hansı göstərişiniz olacaq?”

-Sən qənd bişirməkdən başqa heç nəyi bacarmırsan. Nəyin bahasına olursa-olsun Odessadakı xuliqan və banditləri həbs edin. Ordunu da bu işə cəlb edin.

Podqornı bu sərt dialoqdan sonra Ukraynanın ikinci katibi İvan Kazanetsi Odessaya göndərib və Odessa Hərbi Dairəsinin komandanı ilə məsələni həll etməyi tapşırıb.

Axşam saatlarında Odessa vilayət Partiya Komitəsində müşavirə keçirilib. Qiyamın yatırılması ilə bağlı müzakirələr aparılıb, təkliflər verilib.

Müşavirə iştirakçıları yekdil qərar qəbul etməkdə çətinlik çəkiblər.

Odessa Hərbi Dairəsinin komandanı əslən Şəmkirdən olan Amazasp Babacanyanın təklifi müzakirələrə son qoyub: “Mənə bir saat vaxt və Nikita Xruşşovun razılığı lazımdır. Odessa küçələrində bir nəfər də olsun qalmayacaq...”

Xruşşovun ordunun müdaxiləsinə razılıq verməsini Babacanyana bildirdikdən sonra Babacanyan küçələrə qoşun yeridib. Qısa müddət ərzində etirazçı kütlələr dağıdılıb. İxtişaş zamanı milis maşınları, dövlət qurumlarının inzibati binaları dağıdılıb. Milislərdən və aksiya iştirakçılarından yaralananlar olub. Ölüm hadisəsi qeydə alınmayıb.

RIAN_169362.HR-pic4_zoom-1500x1500-80703.jpg (128 KB)

Səhəri günü xüsusi əməliyyat və istintaq qrupları işə başlayıb. 167 nəfər həbs olunub. Onlardan 13 nəfəri 15, 13 nəfəri isə 9 il ərzində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, digərlərinə inzibati cəzalar tətbiq olunub.

Odessa hadisələri Mərkəzi Komitənin geniş tərkibli iclasında müzakirəyə çıxarılıb. Ukraynanın birinci katibi, Xruşşov hakimiyyətdən devrildikdən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutan Nikolay Podqornı ciddi partiya xəbərdarlığı alıb. Həmçinin Odessa vilayətinin və şəhərinin bir çox yüksək vəzifəliləri işlərindən azad olunublar.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR