İnsanlara hürriyət, millətlərə istiqlal!

KƏRƏM HƏSƏNOVUN ŞİRKƏTİ MİLYONLARLA MANATI HAVAYA SOVURUB

7493 25.10.2011 09:51 Ölkə A A

Məlumatda deyilir ki, kompleksin tikintisi üçün sifariş alan alman şirkətinin mütəxəssisləri “Azinko”nun həyata keçirdiyi fundament işlərini analiz edərək bu qənaətə gəliblər ki, nəhəng saray bu özülün üstündə davam gətirə bilməz. Nəticədə fundament kifayət qədər etibarlı sayılmadığından, almanlar işi yenidən başladıblar. Bununla da tikintiyə sərf edilən milyonlarla manat boşa gedib.
Xəbər verildiyi kimi, “Eurovision” mahnı yarışması üçün Bakıda yeni idman-konsert kompleksinin tikintisi şəxsən dövlət başçısının nəzarətində olan məsələdir. Tikinti üçün Dövlət Bayrağı Meydanı yaxınlığında yeri də prezident İlham Əliyev seçib. Vaxtın azlığı nəzərə alınaraq hələ tikintinin sifariş ediləcəyi şirkət tapılmadan özül işlərinə başlamaq qərarına gəlinib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kompleksin layihələndirilməsi və tikintisinin ən qısa müddətdə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə bir sıra tanınmış xarici şirkətlərlə danışıqlar aparılıb. Danışıqlar nəticəsində müvafiq sahədə beynəlxalq nüfuza və təcrübəyə malik olan, müxtəlif idman və mədəni məqsədlər üçün inkişaf etmiş Avropa ölkələrində və dünyanın digər bölgələrində çoxsaylı layihələri uğurla başa çatdırmış Almaniyanın “Alpine Bau Deutchland AG” şirkəti podratçı kimi seçilib. Bu ilin avqust ayının 2-də “Alpine Bau Deutchland AG” şirkəti ilə əsas müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Alpine Bau Deutchland AG” şirkəti kompleksin tikinti işlərini 8 ay ərzində başa çatdırmalıdır. Müqavilə üzrə nəzərdə tutulmuş işlərin gedişatına nəzarət üçün peşəkar texniki nəzarətçilər cəlb edilib.
Tikintidəki mənbədən məlum olub ki, “Azinko” şirkətinin apardığı özül işlərinin alman şirkətinin standartlarına cavab verməməsi üzündən təkcə milyonlarla manat itkiyə getməyib, eyni zamanda tikintinin nəzərdə tutulan vaxtda başa çatması da risk altına düşüb. Çünki özülün yenidən bərkidilməsi işləri vaxt itkisinə səbəb olub. İndi ciddi narahatlıq var ki, kompleks gələn ilin mayına qədər hazır olmaya bilər. Etibar PirverdiyevXatırladaq ki, bir müddət əvvəl tikinti meydançasına baş çəkən müxbirimiz də “Azinko” şirkətinin, habelə “Azərenerji” prezidenti Etibar Pirverdiyevin kurasiyasında olan “Azenko” şirkətinin (bu şirkətlərin adlarında bir hərf fərqi var-red.) çoxlu sayda texnikasının və işçi qüvvəsinin özül işlərinə cəlb olunduğunun şahidi olmuşdu. Qeyd edək ki, “Azinko” həm də Dövlət Bayrağı Meydanı yaxınlığında binaların və digər obyektlərin söküntüsünü də həyata keçirir.
Hakimiyyət düşərgəsinə yaxın digər mənbə isə deyib ki, əgər “Kristal Palace”in tikintisi K.Həsənovun kurasiyasında olan şirkətin və onun şəxsən özünün günahı üzündən ləngisə o zaman komitə sədri buna görə dövlət başçısı qarşısında cavab verməli olacaq. Çünki kompleksin nəzərdə tutulan vaxtda başa çatması ölkə üçün prestij məsələsidir. Doğrudur, hökumət yarışmanı keçirmək üçün alternativ yerlər də nəzərdə tutur. Bu məqsədlə Tofiq Bəhramov adına stadionun üstünün örtülməsi və yenidənqurma işlərinin aparılması üçün ölkə başçısı tərəfindən 20 milyon manat vəsait ayrılıb. Ancaq yarışmanın yeni sarayda keçirilməsinə nail olmaq K.Həsənovun və digər cavabdehlərin qarşısında qoyulan əsas vəzifədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR