İnsanlara hürriyət, millətlərə istiqlal!

KƏRƏM HƏSƏNOVUN ÇOBAN SEVGİSİ BİTMİR

2639 10.01.2012 09:20 Ölkə A A
Qeyd edək ki, ötən prosesdə hakimin qəfil xəstələnməsinə proses iştirakçılarından biri “deyəsən, Gəray Məmmədovdan əlləri üzülüb, gedirlər təzə çoban axtarmağa” deyə reaksiya vermişdi. Dünənki prosesdə Zülfüqarlıların vəkili Aslan İsmayılovun cavabdehlərə sual-cavabı zamanı məlum oldu ki, qardaşların əllərindən zorla alınmış əmlakı Gəray Məmmədovun adından çıxarılaraq onun yaxın qohumu Mahir Ağayevin adına keçirilib. Zaldakılardan biri yerindən dedi ki, bu şəxs də çobanlıqla məşğul olur.
A.İsmayılov buna görə məhkəmədən xahiş etdi ki, Milli Depozit Mərkəzinə (MDM) sorğu verilərək hazırda Zülfüqarlıların əmlakının kimin adında olması aydınlaşdırılsın. Hakim belə bir sorğunun prosesdə iştirak edən MDM nümayəndəsi Səbinə Xəlilovaya şifahi verildiyini dedi. S.Xəlilova isə sorğunun yazılı şəkildə verilməsini hakimdən xahiş etdi. Məhkəmə MDM nümayəndəsinin xahişini nəzərə aldı. A.İsmayılov isə məhkəmədən xahiş etdi ki, “Bakıpoladtökmə” ASC-nin balans dəyərinin aydınlaşdıırlması üçün Vergilər Nazirliyinə (VN) sorğu göndərilsin. Vəkil belə bir sorğunun müstəqil şəkildə VN-nə dekabrın 22-də yolladığını, lakin sorğusuna cavab verilmədiyini məhkəmənin diqqətinə çatdırdı. O, G.Məmmədovun da prosesdə iştirakının təmin olunmasını istədi:
- Gəray Məmmədovun faktiki olaraq “Bakıpoladtökmə”də baş verənlərdən xəbəri yoxdur. O, qoy bura gəlsin, soruşaq görək ki, adında 80 faiz səhmi olan bir zavodun hansı bankdan nə qədər kredit götürməsindən xəbəri varmı. Olmayacaq. Çünki bu adam mətbuata intervülər verir və baş verənlərdən xəbərsiz olduğunu deyir. Məhkəməyə gəlməyə isə qorxur. Onun həyatı təhlükədədir. Bu işlərin başında duranlar - Kərəm Həsənov, onun müavini vaxt gələcək türmədə oturacaqlar.
ƏMDK nümayəndəsi vəkilin sözlərinə etiraz verdi:
- Kərəm Həsənovun adını hallandırmayın.
A.İsmayılov:
- Niyə hallandırmayaq? Zülfüqarlılardan alınan pullar Kərəm Həsənovla birgə yeyilib. Sizi əmin edirəm ki, həmin adamların hamısı bu əməllərinə görə cavab verəcəklər. Kərəm Həsənov həbs ediləndə də sizlərdən heç biri onun yanında olmayacaq. Kərəm Həsənovun müavini Rüstəm Şahbazov tutulanda da qaçacaqsınız.
Bundan sonra ƏMDK nümayəndəsi Ülvi Nəsibli A.İsmayılovun “Bakıpoladtökmə”nin balans dəyərinin öyrənilməsi ilə bağlı vəsatətinin təmin olunmamasını istədi. A.İsmayılov isə vəsatətin təmin edilməsində israr etdi:
- Bu, ona görə lazımdır ki, aydınlaşdıraq görək həmin bir zavoda 3 milyon 800 min manatdan artıq investisiya qoyan sahibkar sonradan zavodu neçəyə satıb. Saxta alqı-satqı sənədlərində bu rəqəm 3 milyon 600 min göstərilib. Axı necə ola bilər ki, sahibkar bir zavodu alıb ayağa qaldırandan sonra onu aldığı qiymət bir tərəfə qalsın, yatırdığı investisiyadan da aşağı qiymətə satıb? Üstəlik, real qiymətindən 5 dəfə əskik qiymətə sata bilərmi? Bu alqı-satqı saxtadır. Zavodlar adına keçirilən Gəray Məmmədov isə yumşaq desəm, yetimin biridir, Keşlədəki Şanxay qəsəbəsində yaşayır.
Vəsatətə münasibət bildirən MDM nümayəndəsi onun təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdı. ƏMDK və G.Məmmədovun nümayəndələri vəsatətin təmin olunmamasını istədilər. Hakim vəsatəti təmin etmədi. Bundan sonra ƏMDK nümayəndəsi Ü.Nəsibli Zülfüqarlıların məhkəməyə müraciət etməklə bağlı müddəti buraxdıqlarını bildirməklə bu məsələnin aydınlaşdırılmasını və A.İsmayılovla Zülfüqarlı qardaşlarından olan Rövşən Zülfüqarlının müqavilə bağlamaq səlahiyyətinin olub-olmamasına da aydınlıq gətirilməsini məhkəmədən xahiş etdi. A.İsmayılov isə ƏMDK nümayəndəsinə xatırlatdı ki, artıq məhkəmə 3 aydır davam edir və bu məsələni aydınlaşdırmaq 3 ay əvvəl lazım idi. R.Zülfüqarlının onunla müqavilə bağlamaq səlahiyyətinin olub-olmamasına isə vəkilin münasibəti belə oldu:
- İstənilən şəxs vəkillə müqavilə bağlaya bilər. Sizin müdafiəçiləri olduğunuz bandit-quldur dəstəsi Zülfüqarlıları ölkədən didərgin salıb. Gedin “Vəkillik haqqında” Qanunu oxuyun.
Hakim ƏMDK nümayəndələrinin diqqətinə çatdırdı ki, qaldırdıqları vəsatət ötən proseslərin birində müzakirə olunub. Bundan sonra A.İsmayılov dedi ki, prosesin davam etdiyi 3 ay müddətində qanunsuz bağlanmış və iddia predmeti olan alqı-satqı müqaviləsinin müzakirəsi cavabdeh tərəfin əsassız vəsatətləri üzündən yubadılır.
Vəkilin iradından sonra ƏMDK-nın digər nümayəndəsi Azər Tanrıverdi məhkəməyə iddia ərizəsinə etiraz təqdim etdi. Bundan sonra MDM nümayəndəsi Səbinə Xəlilova iddianın təmsil etdiyi mərkəzə aid hissəsində rədd olunmasını məhkəmədən xahiş etdi. A.İsmayılov MDM nümayəndəsinə alqı-satqı ilə bağlı suallar verdi. Nümayəndə alqı-satqı həyata keçirilərkən bütün sənədlərin paket şəklində təmsil etdiyi mərkəzə təqdim edildiyini söylədi, bildirdi ki, sənədlər qaydasında olub.
A.İsmayılov isə iş materiallarında olan sənədləri nümayəndəyə təqdim etməklə sənədlərin qaydasında olmadığını onun diqqətinə çatdırdı:
- 2006-cı ildə “Bakıpoladtökmə” ASC-nin alqı-satqısı zamanı “Birlik” kiçik müəssisəsinin möhüründən istifadə edilib. Amma həmin kiçik müəssisə 2005-ci ildə ləğv edilib. Belə olan halda sənədləri qaydasında hesab etmək olardımı?
MDM nümayəndəsi S.Xəlilova suala sükutla cavab verdi. Bundan sonra A.İsmayılov G.Məmmədovun məhkəmədə dindirilməsini hakimdən xahiş etdi. Bildirdi ki, səhmlər onun adından çıxarılaraq digər bir şəxsin adına keçirilib.
Hakim G.Məmmədovun vəkili Ceyhun Yusifova bununla bağlı müraciət etdi. C.Yusifov isə müvəkkili ilə 1 aya yaxın müddətdə görüşmədiyini və qaldırılan məsələ haqda heç bir söz deyə bilməyəcəyini söylədi. Hakim A.İsmayılova müraciət edərək əmlakın G.Məmmədovun adından digər bir şəxsin adına keçirilməsini haradan bildiyini soruşdu. A.İsmayılov bu barədə “Bakıpoladtökmə” ASC-də baş verən qanunsuzluqlarla bağlı səhmdarların ötən il dekabrın 21-də keçirdikləri mətbuat konfransında məlumat verildiyini diqqətə çatdırdı. Qərara alındı ki, proses MDM-dən hazırda “Bakıpoladtökmə” ASC-nin kimin adında olması barədə sorğuya cavab veriləndən sonra 16 yanvarda davam etdirilsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR