İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərəm Həsənov Fazil Məmmədovu məhkəməyə verib

4261 21.05.2013 09:51 Gündəm A A

Fazil MəmmədovSaytın məlumatına görə, bu ilin birinci rübündə Vergilər Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsində yoxlama aparmaq qərarını verib. Daha doğrusu, Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi Əmlak Məsələləri Dövlət Komitəsinin həyata keçirdiyi hərracları, səhm satışını, yeni müəssisələrin qeydə alınmasını və sair sahələr üzrə gördüyü işləri yoxlamaq istəyib. K.Həsənov isə buna müqavimət göstərib. Tərəflər arasında yaranmış gərginlik ona gətirib çıxarıb ki, Vergilər Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə yaradılan bir sıra kommersiya təyinatlı müəssisələrin vahid pəncərə sistemində qeydiyyata almaqdan belə imtina edib. K.Həsənov və onun müavinləri isə Vergilər Nazirliyinin bu qərarının gələcəkdən çox ciddi problemlərə yol açacağından ehtiyatlanaraq problemin operativ həll olunmasına da cəhd eləyiblər. Bu məsələ ilə bağlı K.Həsənov F.Məmmədovla anlaşmağa çalışıb. Ancaq Vergilər Nazirliyi prinsipial mövqeyindən geri çəkilməyib. Bu isə K.Həsənovu qorxuya salıb. Onlar özlərini gözləyən təhlükələrdən sığortalamaq üçün məhkəmə vasitəsi ilə məsələni həll etməyə cəhd ediblər. Əmlak Məsələləri Dövlət Komitəsi Vergilər Nazirliyi Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin bəzi qərarlarının ləğv edilməsi məqsədi ilə məhkəməyə də üz tutub: “Əmlak Məsələləri Dövlət Komitəsi Vergilər Nazirliyinin adıçəkilən departamentinin qərarlarının ləğv edilməsi tələbi ilə əvvəlcə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Lakin bu məhkəmə instansiyasının çıxardığı qətnamə problemi həll etməyib. Yəni məhkəmə iddianı təmin etməyib və nazirliyin mövqeyini haqlı sayıb. Bu səbəbdən də komitə qərardan yuxarı məhkəmə instansiyasına şikayət verib".
Əmlak Məsələləri Dövlət Komitəsi ilə Vergilər Nazirliyi arasındakı məhkəmə çəkişməsi hazırda Bakı Apelyasiya Məhkəməsində davam edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarından verilən şikayət artıq Bakı Apelyasiya Məhkəməsinin hakimi Səriyyə Seyidovanın sədrliyi ilə araşdırılır. Hakim Səriyyə Seyidova icraatında olan bu iş üzrə may ayının 14-nə iclas saatı təyin etsə də, həmin günü qərarını elan etməyib. Hakim iş üzrə iclası bir gün sonraya, yəni may ayının 15-nə təyin etsə də, həmin günü də təyin olunmuş proses təxirə salınıb. Tərəflər arasındakı çəkişməyə may ayının 29-da baxılacaq.
Yada salaq ki, bir qədər öncə K.Həsənov müdafiə sənayesi naziri Yavər Camalovla məhkəmədə çəkişirdi. Bu məhkəmə çəkişməsi torpaq məsələlərinə görə yaranmış mübahisəni çözürdü. Ancaq bu məsələdə K.Həsənov iddiaçı yox, cavabdeh idi. Müdafiə Sənayesi Nazirliyi iddia edir ki, nazirliyin balansındakı torpaqları komitə fiziki şəxslərə satıb.
Nazirlik “Xaçmaz Kondensator Zavodu” MMC-nin torpaq sahələrinin satılması ilə bağlı həm alıcılara, həm də Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdı. İddiada Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı verdiyi “şəhadətnamələrin etibarsız sayılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması” tələb edilirdi. Ancaq iddiası təmin olunmamış, qərardan Bakı Apelyasiya Məhkəməsinə qərardan şikayət verilmişdi. Ancaq Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı.
Yavər CamalovObyektivlik naminə qeyd edək ki, bu məsələdə komitənin arqumentləri daha güclü idi. Çünki iddia predmeti olan ərazi Müdafiə Sənayesi Nazirliyi yaradılmamışdan öncə özəlləşdirilib (nazirlik prezidentin 2005-ci ilin 16 dekabr tarixli sərəncamı ilə yaradılıb). Bu səbəbdən də Y.Camalov məhkəməni uduzdu. Hətta Y.Camalovun məsələni ictimailəşdirməsinin də faydası olmadı (məhkəmə ərəfəsində naziri yaxın ətrafı bu məlumatları KİV-ə ötürməsi barədə məlumatlar vardı -red.) Ancaq F.Məmmədovla məhkəmə çəkişməsində K.Həsənovun arqumentləri ciddi təsir bağışlamır. Çünki Vergilər Nazirliyi həm dövlət, həm də özəl müəssisələrdə vergi qanunvericiliyinə əməl edilib-edilməməsini yoxlamaq hüququna sahibdir. Yoxlamaların nəticəsi olaraq qəbul edilən qərarların da icrası müəssisələr üçün vacibdir. Düzdür, vergi ödəyicilərinin də bu qərardan məhkəməyə şikayət etmək hüququ var. Ancaq komitənin nəyə əsaslanaraq məhkəməyə şikayət etməsi bəlli deyil.
Tərəflərin hər birinin mövqeyini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR