"Hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq torpaqların elektron uçotu informasiya sistemi yaradılır".
APA-nın xəbərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, bu ilin sonuna kimi 17 regionda - 3 şəhər və 14 rayonda torpaqlar elektron kadastr uçotuna alınacaq.
Onun sözlərinə görə, 2019-cu ilə kimi ölkədəki bütün torpaqların elektron kadastr uçotu sisteminin yaradılmasına nail olunacaq: “Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur. Layihə çərçivəsində elektron kadastr informasiya sisteminin yaradılması ilə torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqları aradan qaldırılır və çoxsaylı torpaq mübahisələrinə son qoyulur".
Komitə sədri qeyd edib ki, torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında "Azərkosmos" ASC-nin fəaliyyəti əsasında əldə olunan kosmik imkanlardan - süni peyklərin məlumatlarından istifadə olunur. Onun sözlərinə görə, bundan başqa daşınmaz əmlak idarəçiliyində Azərbaycanda ilk dəfə AZPOS sistemləri şəbəkəsi qurulub. Ölkə ərazisi üzrə 37 ədəd daimi geodeziya stansiyaları fəaliyyət göstərir.






