İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərbəla şəhərində Qarabağ şəhidlərinin xatirə məclisi keçirilib

960 03.12.2020 11:11 Son xəbər A A

İki gün əvvəl İraqın müqəddəs Kərbəla şəhərində Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Nəcəf şəhərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş tədbir İmam Hüseyn və Həzrət Abbas məscidlərinin arasında, Beynəl-hərəmeyn adlı məkanda baş tutub.

Bu barədə Musavat.com-a verilən məlumata görə, tədbirin keçirildiyi üstüörtülü qalereyada Qarabağ Müharibəsində şəhid olmuş azərbaycanlı döyüşçülərin şəkillərindən, ermənilər tərəfindən raket atəşinə tutulmuş Gəncə və Bərdə şəhərlərində mülki əhali arasındakı itkiləri əks etdirən fotolardan, ermənilər tərəfindən təhqirə məruz qoyulmuş məscidlərin görüntülərindən ibarət sərgi təşkil olunub. Fotosərgidə Azərbaycan Ordusunun qələbələrini və mübariz ruhunu canlandıran plakatlar da nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan azərbaycanlı tələbəmiz qonaqları salamladıqdan sonra İslam dinində şəhidə verilən dəyər barədə danışıb. Eyni zamanda Qarabağ probleminin tarixçəsi, Azərbaycan Ordusunun öz torpaqlarını azad etməyə yönəlmiş haqq mübarizəsinin mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, 30 ilə yaxın davam etmiş erməni işğalı nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın dinc əhali yurd-yuvasından didərgin düşüb. Nəhayət, bu ilin sentyabrın ayının 27-də Azərbaycan Ordusu işğal altında olan torpaqları qarış-qarış azad etməyə başlamış, məğlub olan erməni silahlı qüvvələri tutduqları ərazilərdən çıxmağa məcbur olub.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, müsəlman coğrafiyasında Azərbaycan özəl yerə malikdir. Bu torpaqlarda İslam tarixinin və mədəniyyətinin mühüm abidələri mövcuddur. Azərbaycanın elm və sənət adamları müsəlman şərqinin elm, ədəbiyyat və incəsənət tarixinə böyük töhfələr vermişlər; Kərbəla şəhərində dəfn edilmiş dünya şöhrətli şairimiz Füzuli bu şəxsiyyətlərdən biridir.

Tədbirdə çıxış edən şəxslər Qarabağ şəhidlərinin xatirəsinə sayğı və ehtiramlarını bildirmiş, Azərbaycan xalqının azadlıq mücadiləsində qalib gəlməsindən məmnunluq duyduqlarını bildirmişlər. Onlar İraq xalqının Azərbaycanla həmrəy olduğunu dilə gətirərək bir daha bəyan etmişlər ki, Nəcəf və Kərbəla dini elm mərkəzləri Azərbaycan xalqının yanındadır. Çıxış edənlər bu kimi tədbirləri müsəlman həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirmiş, müharibənin nəticələrini aradan qaldırmaq sahəsində Azərbaycana uğur diləmişlər.

Tədbirdə ölkəmizin İraqdakı diplomatik missiyasının rəhbəri Nəsir Məmmədov, konsul Hafiz Qocayev, Kərbəla şəhərinin valisi Nəsif C. əl-Həttabi, İraqda böyük nüfuza malik olan Həkimlər ailəsinin nümayəndəsi Seyid İzzəddin əl-Həkim, Ayətullah Sistaninin Kərkük üzrə nümayəndəsi Seyid Qənbər əl-Musəvi, İraqın əl-Mehdi kanalının müdiri Əla əl-Kəbi və başqa şəxslər iştirak ediblər. Bundan əlavə, İmam Hüseyn və Həzrət Abbas ziyarətgah kompleksinin idarə heyətinin üzvləri, Nəcəf və Kərbəlanın nüfuzlu din alimləri, məntəqədə yaşayan ərəb tayfalarının başçıları, Tuzxurmatu şəhərindən gəlmiş türkmən nümayəndə heyəti, elm adamları, jurnalistlər, İraqda fəaliyyət göstərən bütün məşhur müctəhidlərin ofislərinin nümayəndələri də tədbirə qatılıblar.

Beynəl-hərəmeyndə təşkil olunmuş sərgi Kərbəlaya ziyarətə gəlmiş dindarlarda və şəhər əhalisində də böyük maraq doğurub. 200 nəfərdən artıq şəhidimizin fotolarını əks etdirən plakatlar, Bibiheybət ziyarətgahının görüntüləri xüsusi marağa səbəb olub. Sərgidə Azərbaycandakı dini tolerantlığı əks etdirən fotolar da nümayiş etdirilib. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş Ağdam məscidini ziyarət etməsini və hər il Ramazan bayramında ölkədəki dini konfessiya başçıları ilə bir masa arxasında əyləşməsini əks etdirən fotolar da sərgi iştirakçılarının diqqətindən kənarda qalmayıb. Azərbaycanlı tələbələr ziyarətçilərə eksponatlar haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, tədbir İraq KİV-ində və yerli televiziya kanallarında ətraflı işıqlandırılıb.

Sərgi daha 2 gün davam edəcək.

Xatırladırıq ki, iki həftə bundan əvvəl İraqın Nəcəf şəhərində də azərbaycanlı tələbələrin təşəbbüsü ilə şəhidlərimizin anım mərasimi yüksək səviyyədə keçirilib.

 Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR