"Mənim ermənilərin hücumuna məruz qalmağım, xəsarət almağım və bu səbəbdən xəstəxanaya yerləşdirilməyim barədə məlumatlar səhvdir".
Bu sözləri Musavat.com-a İsveçdə yaşayan azərbaycanlı Kənan Hacıəkbəroğlu ermənilər tərəfindən döyülməsi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ermənilərlə zaman-zaman müəyyən gərginliklər olur, lakin bu səhər hücuma məruz qalması doğru məlumat deyil.
K.Hacıəkbəroğlu bildirib ki, boğazında olan şişlərin götürülməsi üçün əməliyyat olunub, barəsində yayılan informasiyalardan indi xəbər tutub: "Mən burada ermənilərlə müəyyən biznes əlaqələri olan, onlarla oturub-duran bəzi azərbaycanlılara xəbərdarlıq edirdim ki, ya onlardan uzaqlaşın, ya da restoranıma gəlməyin. Bu sözümdən xoşu gəlməyən azərbaycanlılardan biri bu gün bizim restorana gəlib, təsadüfən eşidib ki, xəstəxanaya yerləşdirilmişəm, dediyim sözlərə görə heyf çıxmaq üçün bu cür dezinformasiyanı yayıb. Çox təəssüf ki, yaxın dostlar da bunun yalan olduğunu bilmədən inanıblar, mənə görə üzülüblər və ictimailəşməsi üçün dərhal mediada tirajlayıblar. Bildirirəm ki, ermənilər tərəfindən hücuma məruz qalmamışam. Əməliyyatdan yeni çıxmışam, özümü yaxşı hiss edirəm".
Emil Salamoğlu
Musavat.com






