İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəmfürsətlərin bazarını necə bağlamalı...

1750 30.06.2020 09:30 Yazarlar A A

Deyirlər, o vaxt Stalin və Bağırov kəmfürsət adamları tutdurub güllələdirmiş, ya da Sibirə basırmış. Tarixi məxəzlər bu fikri təsdiq edir. Gerçəkdən də o vaxtkı rəhbərlərin yaxın ətrafında olan yüksək vəzifəli kəmfürsətlərin bir xeylisi əlli-ayaqlı gedib (hərçənd “böyük rəhbərlər”in göz yumduğu yaramazlar da olub).

Ona görə də bu cür söhbətlər el arasında milyon dəfələrlə təkrarlanıb, el-el, ev-ev yayılıb. Elə bir kənd-kəsək, qəsəbə-filan yoxdur ki, həmin ağır illərdə orada xırdabaş kəmfürsətləri, möhtəkirləri Ucar beçəsi kimi cələkləməsinlər. Odur ki, o zamanlar qorxusundan belə neqativ əməlllərlə məşğul olanlar indikindən qat-qat az olub.

Kəmfürsət və möhtəkir deyəndə kimlər nəzərdə tutulur, bir ona da diqqət edək. O adama kəmfürsət deyərlər ki, tutalım, ağır vaxtdır, müharibədir, qıtlıqdır, camaat bir torba buğda dəninə möhtacdır, kolxozun anbardarı isə fürsətdən istifadə edib bir kisə buğdanı gecəylə qızıl qiymətinə satır. Möhtəkir də o adamdır ki, pulu çoxdur, buğdanı alır-yığır, qıtlıq və aclıq şiddətlənəndə ikiqat, üçqat qiymətə xırıd edir.

Xalqımız dövri-qədimdən bu iki tip insana dəruni nifrət edir, fəqət hamının işi ondan keçdiyi üçün, balaları ac qalmasın deyə, heç kim onlara qarşı səsini çıxarmır.

Elə aclıq illərində də belə olub, heç kəs kəmfürsət anbardarla, möhtəkir hesabdarla açılışmayıb, söz-sözə gəlməyib, pulunu, qızılını verib, buğdasını, ağ neftini, odununu alıb. Amma bu fağır camaatın içində mütləq əli qələm tutan biri tapılıb ki, götürüb yuxarılara kəmfürsət və möhtəkirləri ifşa edən imzasız məktub yazıb və bir gün gəlib onları aparıblar. Sibirə göndərilən də olub, möhtəkirliklə yığdığı pulları son qəpiyinə qədər itirən də. Xalq arasındakı inanca görə, heç kəs bu yolla yığılan pulu rahat yeyə bilməz.

Xalqımızın bir hissəsinin belə məsələlərdə üzü ağdır, il uzunu fürsət gözləyərlər ki, 5 manat artıq pul qazansınlar. Ət alverçiləri Qurban bayramını fürsət bilir, şagird geyimi satanlar - sentyabrda məktəblərin açılmasını, gül-çiçək ticarətçiləri - 20 Yanvarı, 8 Martı, turizmçilər yayın və turistlərin gəlişini və s.

Heç bilirsiniz, son illərdə Bakıya niyə qar yağmır? Sinoptiklərin, metereoloqların dediyi havayı sözlərdir, Bakıya qar sırf taksi sürücülərinin üzündən yağmır. Çünki yerə 0,1 (sıfır tam onda bir) santimetr qar düşəndə onlar özlərini elə aparırdılar ki, sanki Alyaskada, Çukotkada maşın sürəcəklər, qiyməti 3-4 qat artırırdılar. Sərnişinlər də əllərini göyə qaldırıb dua edirdilər ki, Allah bu kəmfürsətlərə fürsət verməsin. Nə işdirsə, bu dəfə gözəgörünməz xalqın arzusunu nəzərə aldı... Yəni qlobal istiləşmə-filan boş şeydir.

İntəhası, heç gözləmədiyimiz halda 6 aydır canımıza bir koronavirus bəlası müsəllət olub, bu da kəmfürsətlərin işinə yarayıb.

Yadınızdadırsa, əvvəl-əvvəl spirt və maska möhtəkirləri fürsətdən yararlanmağa, 5-10 qəpiklik maskaları 50 qat bahasına satmağa çalışdılar, bir xeyli də satdılar. Sonra yeni maska sexləri açıldı, onların bazarı bağlandı.

Bakıdan rayonlara, rayonlardan Bakıya adam daşıyanlar da kəmfürsətlik edirdilər, qiyməti 3-4 qat artırmışdılar, torpaq yolla gedirdilər, postda duranlarla dil tapırdılar və sair əməllərə əl atır, çoxlu pul qazanmaq istəyirdillər.

İnsanların can qorxusundan yararlanan bəzi klinikalar koronavirus testinə dair xidmətin qiymətini 100-180 manat arasında edərək bir neçə çuval pul qazanmağı düşünürdülər, amma deyəsən, bu bazar da bağlanmaq üzrədir. İşinə davam edənlər də ola bilər. Lap axırda isə onların qapısına gələn, pulla dolu üç çuvaldan ikisinə tamah salanlar da olacaq, bişəkk. Axı onlar da bu camaatdandır, fürsəti boş buraxmağı sevməzlər.

Elə adamlar da var ki, oturub nə vaxt əllərinə fürsət düşəcəyini gözləmirlər, özləri özlərinə fürsət yaradırlar və fövtə vermirlər. Onlar peşəkar kəmfürsətlərdir. Böyük adamlar həmişə var və hər zaman çıxışlar edirlər, siyasi kəmfürsətlər isə onların ağzından çıxan sözü göydəcə tutur, endirib şərh edir, sözə qüvvət verir, dəstəkləyir. 3 gündən sonra bir daha, 5 gündən sonra yenə də...

Keşkə, yaradan qar məsələsində olduğu kimi, bu dəfə də səsimizi eşidə, qlobal və məhəlli fəlakətlərdən pul-para qazanmaq istəyənlərə fürsət verməyə, ya da o kəmfürsətlərə şəxsi planda elə cəza verə ki, camaatı incitməyələr.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR