İnsanlara hürriyət, millətlərə istiqlal!

KƏMALƏDDİN HEYDƏROVLA MÜBARİZ MƏNSİMOVUN FUTBOL BAZARLIĞI

5021 18.04.2010 09:44 İdman A A

Günün daha bir gərgin oyunu Qəbələdə eyniadlı komanda ilə “Xəzər Lənkəran” arasında baş tutdu. Yeri gəlmişkən, oyun öncəsi futbol ictimaiyyətində söhbət açdığımız qarşılaşmanın nəticəsinin əvvəlcədən danışıldığı barədə xəbərlər yayıldı. Hətta Bakıdakı bəzi bukmeyker kontorlarında da qarşılaşmanın danışılmasını təsdiqləyən hallar qeydə alınıb. Belə ki, “Xəzər Lənkəran”ın “mətbəx”inə yaxın futbol adamları cənub klubunun qələbəsinə pul qoyuluşları etməyə can atıblar. Amma oyunun nəticəsinin əvvəlcədən danışılmasından duyuq düşən bukmeyker kontorlarının əksəriyyəti “Qəbələ” - “Xəzər Lənkəran” oyununa pul qoyuluşu götürməkdən imtina ediblər.
“Yeni Müsavat”a daxil olan məlumata görə, oyunun nəticəsinin danışıldığı o qədər geniş çevrəyə yayılıb ki, hətta “Xəzər Lənkəran”a yaxın bir neçə mətbuat nümayəndəsi də “Qəbələ”nin məğlubiyyətinə xeyli miqdarda “stavka” vermək istəyiblər. Aldığımız məlumata görə, jurnalistlərin danışıldığı iddia olunan oyuna külli miqdarda pul qoymaq istəkləri də baş tutmayıb. Bayaq da qeyd etdiyimiz kimi, yerli bukmeyker kontorları məsələdən dərhal duyuq düşərək şübhəli oyuna pul qoyuluşu götürməyiblər.
Oyunun nəticəsi də yayılan söz-söhbətlərin təsadüfi olmadığını göstərdi. Final mərhələsində “Neftçi”ni səfərdə udan, çempionluğa real namizədlərə öz meydanında yenilməyən “Qəbələ” bu dəfə deyəsən, bilərəkdən “Xəzər Lənkəran”a uduzdu. Bir faktı da yada salaq ki, “Qəbələ” final mərhələsində uğurlu çıxış etməsinə baxmayaraq ilk pillələri tutmaq şansını itirmişdi. Yaxşı parası olan “Xəzər Lənkəran”a da çempionluq yolunda Qəbələdə qələbə mütləq lazım idi. Hər halda “Xəzər Lənkəran” hansı yolla olur-olsun aktivinə 3 xal yazaraq ən azı bir günlük liderliyi ələ keçirdi. Lider “İnter” bu gün paytaxtda “Neftçi” ilə çətin oyunda xal itirsə, lənkəranlılar zirvədə mövqelərini saxlayacaqlar.
Mübariz MənsimovYada salaq ki, “Qəbələ” klubu fövqəladə hallar naziri Kəmaləddin Heydərovundur. “Xəzər Lənkəran” isə Türkiyədə çalışan milyarder həmyerlimiz Mübariz Mənsimova məxsusdur. Belə çıxır ki, Heydərovla Mənsimov futbol meydançasında anlaşa bilirlər. Yəqin ki, belə bir əhəmiyyətli oyunun nəticəsinin əvvəlcədən danışılması klub sahiblərindən xəbərsiz həyata keçirilə bilməz.

“Qəbələ” - “Xəzər Lənkəran” - 1:2
Qollar: Tomaş Stolpa, 39 - Allan Lalin, 10; Emeka Opara, 55

“Qarabağ” - “Bakı” - 1:4
Qollar: Əfran İsmayılov, 58 - Vyaçeslav Sofroni, 6; Jaba, 42; Aleksandr Soliç, 82, Mordeş 88

“Karvan” - “Simurq” - 0:0

Tura bu gün keçiriləcək 3 oyuna yekun vurulacaq:

“Standard” - “Olimpik-Şüvəlan”
“Muğan” - “Turan”
“Neftçi” - “İnter”

Birinci “altılıq”
“Xəzər Lənkəran” - 25 xal (16 oyun), “İnter” - 24 (15 ), “Bakı” - 23 (16), “Qarabağ” - 19 (16), “Neftçi” - 16 (15), “Qəbələ” - 15 (16)

İkinci “altılıq”
“Simurq” - 27 (16), “Olimpik-Şüvəlan” - 25 (15), “Turan” - 23 (15), “Muğan” - 20 (15), “Standard” - 18 (15), “Karvan” - 10 (16)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR