İnsanlara hürriyət, millətlərə istiqlal!

“KƏLBƏCƏRİN İŞĞALINDA İSGƏNDƏR HƏMİDOVU GÜNAHLANDIRMAMIŞAM...”

2012 06.04.2010 09:49 Gündəm A A

“Kəlbəcərin işğalı bizim üçün təbii olaraq kifayət qədər kövrək mövzudur, ona görə də bu məsələyə diqqətlə yanaşırıq” , deyən Arif bəy bir daha qəzetdə fikirlərinin bəzilərində təhrifə yol verildiyini qeyd etdi: “Məsələn, mən kəlbəcərlilərin Bakıda keçirdiyi hansısa mitinqlərdən ümumiyyətlə danışmamışam. Çünki belə mitinqlər əslində Bakıda yox, Gəncədə, Xanlar rayonu ərazisində keçirilib və bu mitinqlərdə iştirak edənlərin əksəriyyəti kəlbəcərli deyildi, bu vəziyyətdən istifadə etməyə cəhd göstərirdilər. Bu mitinqlərin İsgəndər Həmidov tərəfindən təşkil olunduğu fikrini də işlətməmişəm. Çünki onları o təşkil etməyib”.
İsgəndər HəmidovA.Hacılının sözlərinə görə, yazıdan belə nəticəyə gəlmək olur ki, guya o, Kəlbəcərin işğalı ilə əlaqədar İ.Həmidovun rolunu şişirdir və bu məsələdə günahkarlardan biri kimi onun adını çəkir. Müsavat funksioneri bu fikri də səsləndirmədiyini dedi: “Bu, həqiqət deyil. Kəlbəcərin işğalının təşkilatçıları Moskvada oturmuşdular və onların xüsusilə Gəncədə, Azərbaycan ordusunda olan əlaltıları bu prosesin həyata keçməsində mühüm rol oynayıblar. Sadəcə olaraq, həmin dövrdə İsgəndər Həmidov bu məsələlərə emosional reaksiya verdi, hesab edirəm ki, onun televiziyada yaratdığı olay ölkədə gərginliyi artırdı və sonrakı mərhələdə də hakimiyyəti dəstəkləmədi. Ona qarşı olan iradlar bundan ibarətdir.
Bu vəziyyətdən yararlanaraq öz siyasi mövqelərini möhkəmləndirmək, hakimiyyətə gəlmək, Elçibəy hakimiyyətini devirmək haqqında dediklərim isə bir daha konkretləşdirmək istəyirəm, o dövrün siyasi müxalifətinə aiddir. Yeri gəlmişkən, bir neçə dəfə “siyasi müxalifət” ifadəsi işlətsəm də, bu, nədənsə “siyasi qüvvələr” kimi yazılıb. Həmin dövrün siyasi müxalifəti də ilk növbədə Yeni Azərbaycan, Sosial Demokrat, Milli İstiqlal partiyaları idi ki, onlar da yaranmış situasiyada hakimiyyəti dəstəkləməkdənsə, əslində daha da vəziyyətin gərginləşməsinə səbəb olan addımlar atırdılar və bu vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə cəhd göstərirdilər.
Sərdar HəmidovKəlbəcərin icra hakimiyyəti ilə bağlı fikir səsləndirərkən, Surət Hüseynovun ən yaxın adamı dedikdə mən ilk növbədə həmin dövrdə icra başçısının birinci müavini təyin olunmuş Əvəz Şükürovu nəzərdə tutaraq bu fikri işlətmişəm. Hesab edirəm ki, həmin dövrdə icra başçısının dəyişdirilməsi və İlham Həsənin indi adını xatırlamadığım şəxslə əvəz olunması da yanlış qərar idi. Düzdür, Sərdar Həmidov öz müsahibəsində bildirir ki, o şəxs Surət Hüseynova, Rəhim Qazıyevə dəxli olmayan bir adamdır. Mənim belə bir iddiam yoxdur, amma bilirəm ki, bu şəxs istər icra başçısı təyin olunmamışdan əvvəl, istərsə də sonra Elçibəy hökumətinin, şəxsən Elçibəyin özünün əleyhinə mövqe tuturdu və bir çox publik çıxışlarında öz mövqelərini gizlətmirdi. Belə bir şəxsin Kəlbəcər kimi rayona icra başçısı təyin olunması yanlış idi və mən o qərarın qəbul olunmasına müqavimət göstərmişəm.
O ki qaldı İlham Həsənin guya Bakı mitinqlərində iştirak edənlərin tələbi ilə vəzifədən çıxarılması fikirlərinə, mən belə bir fikir işlətməmişəm. İlham Həsən hələ icra başçısı işləyən vaxt onu Gəncədə Surət Hüseynovun tərəfdarları həbs etmişdi və o, Gəncə həbsxanasında idi. Ona görə də onun Bakı mitinqlərində səslənən tələblərdən sonra çıxarılması fikri yanlışdır və mənə məxsus deyil".
Qeyd edək ki, İ.Həmidovun qardaşı Sərdar Həmidov da redaksiyamıza gələrək, A.Hacılının qəzetdə dərc edilən fikirlərinə rəy bildirib. Arif bəy açıqlamasında həmin rəydə deyilənlərə də münasibət bildirdi. O, S.Həmidovun bir iradı ilə razı olduğunu dedi: “O, düz deyir ki, Kəlbəcərə üç yox, beş tərəfdən hücum olub. Mən özüm də bu fikri işlətməmişəm, qəzetdəki materialda da bu yoxdur. Onu Sərdar Həmidovun haradan götürdüyünü bilmirəm. Bundan əlavə, onun guya mənim hərbi vəziyyətdən xəbərimin olmaması, Kəlbəcərdəki vəziyyətlə maraqlanmamağım haqda fikirləri həm yalandır, həm də çox ədalətsizdir. Açığı, Sərdar Həmidovun bu cür fikirlər səsləndirəcəyini gözləməzdim, çünki başqaları bilməsə də o, müharibədə, torpaqlarımızın müdafiəsində mənim iştirakım və rolum barədə kifayət qədər geniş məlumatlara malikdir. İstər Ağdərə, istər Tərtər üçün ən ağır günlərdə mən həmin ərazilərdə olmuşam, Sərdar Həmidovun özünə, həmin ərazidə olan hərbçilərə daim yardım göstərmişəm. Bir faktı da xatırlatmaq istəyirəm ki, elə İsgəndər Həmidovun televiziyaya gələrək canlı yayımda bəyanatlar verdiyi çıxışa da Tərtər rayonunda Sərdar Həmidovla, Nəcməddin Sadıqovla, Səfər Əbiyevlə, Vasyakla və orada olan başqa hərbçilərlə birlikdə baxmışam. Dediyim odur ki, həmin zaman da mən Tərtər rayonunda idim və istər Kəlbəcər ətrafında baş verən hadisələr, istərsə də digər rayonlardakı vəziyyətlə bağlı geniş məlumatlara malik idim. Ona görə də Arif Hacılının bu məsələlərdən xəbəri yoxdur iddiası yanlışdır. Başqa bir yanlışlığa yol verilib, bildirilir ki, guya mən Kəlbəcərin işğalını həm də İsgəndər Həmidovun rus səfirliyi qarşısında çıxışı ilə əlaqələndirmişəm. Nə ”Yeni Müsavat"a, nə də başqa mətbu orqana belə bir fikir səsləndirməmişəm. Fikirlərimi rezümə edərək bir daha onu demək istəyirəm ki, mən Kəlbəcərin işğalında İsgəndər Həmidovu günahlandırmamışam. Tarixi həqiqət naminə demək istəyirəm ki, bu məsələdə onu günahlandırmaq haqsız və ədalətsiz olardı. Sadəcə olaraq, jurnalistin mənə verdiyi suala cavab olaraq İsgəndər Həmidovun həmin dövrdə oynadığı rolun uğurlu olmadığını və onun hakimiyyəti müdafiə etmədiyini bildirmişəm və həmin fikirlərimi indi də təsdiq edirəm".
A.Hacılıdan sözügedən açıqlamaları qəzetimizin əməkdaşı Etibar Seyidağa almışdı. Bu səbəbdən də məsələyə onun da mövqeyini öyrəndik. Etibar Seyidağa bildirdi ki, Arif bəyin narazı qaldığı yazıda İsgəndər Həmidovun Kəlbəcərin işğalında günahı və ya rolu olması barədə heç bir fikir yoxdur: “Mən Arif bəyə ”Kəlbəcərin işğalından sonra Bakıda “Azərnəşr”in binası qarşısında kəlbəcərlilərin hakimiyyətə qarşı etiraz aksiyaları keçirilirdi və orada İsgəndər Həmidov da iştirak edirdi. Bunlardan hakimiyyətin xəbəri var idimi?" sualını vermişdim. Arif bəy də cavabında bildirmişdi ki, “bəzi siyasi qüvvələr Kəlbəcərin işğalından öz siyasi maraqları üçün hakimiyyətə qarşı istifadə edirdilər və həmin insanların toplanmasını təşkil edirdilər. Kəlbəcərin işğalı zamanı yaranmış mürəkkəb vəziyyətdə İsgəndər Həmidov təəssüf ki, hakimiyyətə dəstək vermədi. Əksinə, bəzi hallarda haqlı olaraq narazı qalan, bəzi hallarda qızışdırılmış insanların yanında olmağa üstünlük verdi”. Arif bəyin bu fikirləri qəzetdə olduğu kimi dərc edilib. Göründüyü kimi, İsgəndər Həmidovun Kəlbəcərin işğalında günahlandırılmasından söhbət belə getmir. Söhbət İsgəndər bəyin hakimiyyətə qarşı çıxışlar edilən mitinq xarakterli toplantılarda həmyerlilərinin yanında olmasından gedir. Yazını oxuyan istənilən qərəzli və emosional olmayan şəxs bunu təsdiq edər. Mənim açıq şəkildə ünvanladığım və indi xatırlatdığım suala cavab olaraq Arif Hacılı həmin açıqlamaları vermişdi. Onu da bildirmişdi ki, Kəlbəcərin icra başçısını uzaqlaşdırmaq məsələsini də sözügedən toplantıları təşkil edənlər qaldırıblar. Arif bəy hətta onlara şəxsən etiraz etdiyini də bildirmişdi. Mən bilmirəm dostumuz niyə həmin yazını o şəkildə təqdim edir". E.Seyidağa Arif bəyin həmin açıqlamalarını diktofonda saxladığını da qeyd etdi: “Sonda onu da qeyd etmək istəyirəm ki, mənim bir kəlbəcərli kimi Arif Hacılıdan tutmuş, o dövrdə hakimiyyətin başında dayanan bütün şəxslərin yaxasından tutub “Kəlbəcərin işğalının qarşısını niyə ala bilmədiniz? Günahınızı nə vaxt etiraf edəcəksiniz?” tələbini etməyə haqqım çatır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR