İnsanlara hürriyət, millətlərə istiqlal!

Kədərli torpaqlarda bayram - Kərbəla qeydləri

Nəcəfdə iki gün qaldıqdan sonra Kərbəlaya yola düşdük. Kərbəla Nəcəfdən şimalda, 80 kilometr məsafədə yerləşir. Əvvəki yazıda da qeyd etmişdim (link burada) ki, İraqın digər şəhərləri kimi Nəcəfdə də işıq, qaz və ümumiyyətlə hökumətdəki korrupsiyaya etiraz olaraq mitinqlər keçirilir. Hətta mitinqlər səbəbindən yollar bağlanmışdı və buna görə də iki saata yaxın ləngidik.

 

İraqın İŞİD-dən böyük dərdi

 

İraqın indi ən böyük problemi korrupsiyadır. Hətta mən bir az da irəli gedib keçmişdə də ən böyük problemin korrupsiya olduğunu deyərdim. Məsələn, çünki İraqda İŞİD-in o qədər irəliləməsində və bu günə qədər qalmasında satılmış məmurların, siyasətçilərin rolu az deyil. Hazırda dünyanın ən böyük neft ehtiyatına sahib ölkələrin ilk “beşliyində” yer alan İraq gündəlik 4,4 milyon barrel neft satır.

Bu, İrandan təxminən iki dəfə çoxdur. Sadə hesablama belə Bağdadın gündəlik neft gəlirlərinin fantastik rəqəmlərlə ifadə olunduğunu göstərir. Üstəlik digər səhra ölkələrindən fərqli olaraq İraq münbit, əkinçiliyə yararlı torpaqları, şirin su ehtiyatlarına sahib ölkədir, böyük kənd təsərrüfatı potensialı var. Və nəhayət, bu ölkədə yerləşən dini ziyarətgahlar hər il milyonlarla əcnəbini ölkəyə cəlb edir. Bu isə, istənilən ölkə üçün böyük sərmayə və iş yeri deməkdir.

cc493985-163d-473a-ae78-f626f56722ba.jpg (151 KB)

Ancaq İraqda mövcud olan korrupsiya ölkənin sürətli inkişafına mane olur. Doğrudur, burada davam edən antiterror müharibəsinin də rolu var. Ancaq bu qədər zəngin ölkəni gəzdikcə insan məyus olur. Hətta Kərbəla və Nəcəf kimi Amerika işğalı zamanı müharibə görməyən şəhərlərdə də, abadlaşma yoxdur. Yollar, küçələr hələ də bərbaddır. Ölkə başdan-başa savaş meydançasını xatırladır. Elektrik xətləri nizamsız, küçələr asfaltlanmamış, dağınıq və natəmizdir. Təbii ki, burada əhalinin də ətraf mühitə münasibəti rol oynayır.

bd43ac67-2b70-4003-9bff-20240cd26776.jpg (148 KB)

Nəcəf yazısında da qeyd etdiyim kimi, dünyada, xüsusən də İraqın qonşuluğundakı İran və Türkiyədə gedən devalvasiya bu ölkəyə təsir etməyib. 1 dollar yenə də 1200 və ya 1250 İraq dinarına dəyişdirilir. Bu isə, ötən illə müqayisədə dəyişikliyin olmadığını göstərir. İraq dinarı da neft dollarından asılıdır, demək olar ki, əksər məhsulları idxal edən ölkə neft dolları ilə milli valyutanı qoruyur, Azərbaycan kimi.

Tarixin Kərbəlası

Ancaq təbii ki, hər il dünyanın 4 bir yanından şiələri Kərbəlaya cəlb edən bu şəhərin zahiri gözəlliyi, səliqəsi deyil, burada dəfn olunan Şəhidlər sərvəri İmam Hüseyn (ə) və onun fədailəridir. Dini mənbələrdə qeyd olunur ki, Cəməl savaşına gedərkən Həzrət Əli (ə) ordusu ilə indiki Kərbəla ərazisindən keçir. Və bu yerin hüzünlü torpaq olduğunu, bir zamanlar burada savaş olacağını, Allah yolunda insanların şəhid ediləcəyini bildirir.

Dini mənbələrə əsasən, İmam Hüseynə (ə) ilk əza məclisi Aşura hadisəsi baş verdiyi 680-ci ildə, İmam Hüseyn və tərəfdarları Kərbəlada şəhid olduqdan 40 gün sonra, elə həmin yerdə keçirilib. Aşura hadisəsindən sonra Kufə valisinin ordusu öldürülmüş İmam Hüseyn və tərəfdarlarının başlarını kəsərək nizəyə keçirərək, əsir götürülmüş ailə üzvləri ilə bərabər əvvəl Kufəyə, daha sonra isə xilafətin paytaxtı Dəməşqə aparır. Ancaq hadisə barədə xəbər tutan səhabələrdən bəziləri Kərbəlaya gələrək, İmam Hüseyn (ə) üçün yas tuturlar. İlk mərasim Aşuradan 40 gün sonra Kərbəla şəhidlərinin məzarını ziyarət edən Cabir ibn Abdullah Ənsari olub. Hər il qeyd olunan Ərbəin mərasimi də səhabə Cabirin adı ilə bağlıdır. Eyni zamanda həmin vaxt ətraf qəbilələrin də bu matəmə qoşulduğu qeyd olunur. Sonradan bütün müsəlman ölkələrindən insanlar bu kədərli və faciəvi hadisənin baş verdiyi torpaqlara gələrək Peyğəmbərin (s.ə.s) sevimli nəvəsinin qəbrini ziyarət etməyə başlayırlar. Bir zamanlar boş çöllükdən ibarət olan Kərbəla tezliklə şəhərə çevrilir. Hazırda 1 milyona yaxın əhalisi olan Kərbəla dünyada ən çox insanın ziyarət etdiyi şəhərlərdən biridir.

1126f7ee-4054-49c6-b669-6b9926f4274b.jpg (136 KB)

Bizim Kərbəlaya ziyarətimiz Qurban bayramı günlərinə təsadüf edir. Bunun da özəl səbəbi var. Qeyd edim ki, Kərbəla və Nəcəf kimi yerlərin ziyarəti müstəhəb, yəni bəyənilən əməldir. Quranda buyurulan Həcc ziyarəti kimi vacib əməl deyil. Bu səbəbdən də il ərzində bu yerləri istənilən vaxt ziyarət etmək mümkündür. Ancaq bəzi özəl günlər var ki, həmin günlərdə Kərbəlanı ziyarət etmək daha çox tövsiyə olunub. Bunlar Aşura günü, eləcə də Ərbəin, yəni İmam Hüseyn və şəhidlərin qətlinin 40-cı günü və Ərəfə, yəni Qurban bayramı günləridir. 

Ərəfə günü, Qurban bayramından bir öncəki gündür. Həmin gün islam aləmində xüsusi qeyd olunur. Həcc ziyarətində olan müsəlmanlar həmin gün Ərəfat dağına çıxır, burada dualar və ibadətlər yerinə yetirirlər. Səhərisi gün isə, Qurban bayramı qeyd olunur. İslam tarixi mənbələrinə əsasən hicrətin 60-cı ilində Həcc ziyarətində olan İmam Hüseyn (ə) Ərəfə günlərində xəlifə Yezidin nümayəndələrinin beyət tələbləri və sui-qəsd xəbərdarlığından sonra ziyarətini yarımçıq qoymaq və Həcc ziyarətinin gedişatının pozulmamağı üçün Məkkəni tərk etmək məcburiyyətində qalır. Bu səbəbdən də həcc ziyarətinə gedə bilməyən şiə müsəlmanlar Ərəfə günündə Kərbəlaya gedərək, Şəhidlər sərvəri Həzrət Hüseynin yarımçıq qalmış Həcc ziyarətini xatırlayır və mübarək günü onun məzarı başında qeyd edirlər. Bir sözlə, onunla həmrəylik nümayiş etdirilir.

Kərbəla məsclisləri – şəhidlər

Əvvəlki illərdə olduğu kimi, bu il də Kərbəlada Ərəfə günü münasibətilə mərasim təşkil olundu. Baxmayaraq ki, adətən kənardan olan xətiblərə Kərbəladakı müqəddəs məkanda minbərdən istifadəyə icazə verilmir, ancaq bu dəfə də Azərbaycan üçün xüsusi münasibət göstərildi. İmam Hüseynin (ə) məqbərəsinin içərisində azərbaycanlı zəvvarların məclis təşkil etməsi üçün yer ayrıldı. “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli məclisdə geniş xütbə etdi. İmam Hüseynin (ə) yüz illərdir unudulmayan hərəkatı, Kərbəlada baş verənlər və onun mahiyyəti, günümüz üçün aktullalıq kəsb edən tərəflərini qeyd elədi. Kərbəla-Aşura hadisəsi bir növ özünüfədaetmə hadisəsidir. Aşura günü şəhid olan İmam Hüseyn (ə) tərəfdarları hər biri böyük bir fədakar idi. Başda öz övladlarını və qardaşını itirən İmam Hüseyndən (ə) tutumuş ən sonuncu döyüşçüyə, hətta azyaşlılara qədər hər kəs fədakar insanlar idi.

cd75be23-25ec-4304-912f-a1405d5c2319.jpg (153 KB)

Xüsusi olaraq onu da qeyd edim ki, avtobus və təyyarə ilə gedənlərin sayı ümumilikdə 700 nəfərə yaxın idi. “Salam Tur” şirkəti zəvvarlar üçün üzəri yazılı xüsusi köynəklər hazırlamışdı, köynəklərin bir qisminə isə Azərbaycan şəhidlərinin rəsimləri çəkilmişdi. Bundan başqa böyük bir lövhə ingilis dilində “Azərbaycan şəhidləri” yazısı və Qarabağ şəhidlərinin bir qisminin fotoları ilə bəzədilmişdi. Bu lövhə də Ərəfə məclisində divardan asıldı. Maraqlidir ki, 700 nəfərlik Azərbaycan heyəti, xüsusən də eyni geyimlər və şəhid rəsmləri Kərbəlada böyük diqqət toplamışdı. İnsanlar, əsasən də başqa ölkələrdən olanlar yaxınlaşıb maraqlanır, rəsmlərin kimlərə aid olduğunu soruşurdular. Aldıqları cavablar onların marağına səbəb olurdu. Nə də olsa, İraq da daxil olmaqla əksər müsəlman ölkələri indi savaş yaşayır və şəhidlərin nə demək olduğunu öz həyatlarında görürlər.

0970cc8d-711b-4c23-8a1e-aa597ebac6eb.jpg (231 KB)

Qeyd edim ki, növbəti tədbirimiz avqustun 21-də, Kərbəlanın başqa bir tarixi nöqtəsində, bir zamanlar çadırların qurulduğu bölgədə təşkil olundu. Ümumiyyətlə, yalnız dini müqəddəs ərazilər xüsusi qorunub və ildən ilə genişləndirildiyi halda, digər müsəlman ölkələrində olduğu kimi, Kərbəlada da tarixi abidələr qorunub saxlanılmayıb. Baxmayaraq ki, bütün islam aləminin nəzərində olan bu ərazilər böyük bir tarixi dönüşün baş verdiyi, min ildən çoxdur haqqında yazılar yazılan, araşdırmalar aparılan bir yerdir. Yalnız müqəddəs məqbərələr və qismən də olsa ətrafında bir neçə dini-tarixi önəm daşıyan bölgələr zəvvar axınını qəbul etməsi üçün ildən ilə tikilərək genişləndirilir. Ancaq buna baxmayaraq, elə məqbərənin ətrafında nimdaş binaları söküb, kompleks ətrafında tarixi yerlərdə muzey tikilməsi, qalan ərazilərdə isə genişləndirmə işlərinin aparılması mümkün olmur. Ancaq bununla yanaşı məqbərənin daxilində həm də muzey fəaliyyət göstərir və maraqlanan şəxslər məqbərənin tarixi ilə muzeydə tanış ola bilər.

Bayram sıxlığı

Ötən yazımızda Ərbəin günlərində Kərbəla və Nəcəfə 20 milyona yaxın insanın gəlməsi ilə bağlı qeydimiz oxucuların bəzilərində suallar yaradıb. Baxmayaraq ki, bu barədə son illərdə beynəlxalq mediada onlarla xəbər və süjetlər gedib. Ərbəin günlərində olduğu qədər olmasa da, Ərəfə günlərində də Kərbəlaya böyük axın olur. Həm xarici ölkələrdən, həm də İraqın müxtəlif əyalətlərindən on minlərlə insan Kərbəlaya axın edir. Ərəfə günü və Qurban bayramı günortaya qədər Kərbəlada, xüsusən də hərəmlər (məqbərələr – K.R.) ətrafında insan selini yarıb keçmək mümkün deyil. Əsasən Ərəfə və Qurban bayramı arasındakı bir sutkada sıxlıq maksimum səviyəyə yüksəlir. Minlərlə insan “Beynəlhərmeyn” - yəni iki hərəmin arası, İmam Hüseyn (ə) və qardaşı Əbəlfəzl Abbasın (ə) hərəmləri arasındakı ərazı, o cümlədən hərəmlərin ətrafı insanlarla dolub daşır. Ərəblər meydanda, hərəmin ətrafında asfalt üzərinə xalça-palaz sərib orda gecələyirlər. Qəribə də olsa bu qədər böyük izdiham bayramdan dərhal sonra yoxa çıxır. Həyat yenə də əvvəlki axarına dönür. Ancaq bu təcrübə ildə bir neçə dəfə yaşandığı üçün şəhər bələdiyyəsi, o cümlədən məqbərə-kompleksin rəhbərliyi, təmizlik, su təminatı, eləcə də pulsuz səyyar tulaletlərin quraşdırılması üçün zəruri işləri operativ şəkildə yerinə yetirir.

Təbii ki, bir də təhlükəsizlik. İraqda davam edən terror müharibəsi səbəbindən ölkədə polis və ordu qüvvələrinin sayı 1 milyona yaxınlaşır. Bunun böyük bir qismi heç şübhəsiz ki, postlarda keşik çəkən qüvvələrdir. Demək olar ki, hər addımbaşı yoxlamalar var. Xüsusən də insanların gur olduğu yerlərdə giriş zamanı ziyarətçilər bir neçə dəfə yoxlanılır. Bundan başqa bayram və əlamətdar günlərdə ordu da şəhərlərə yeridilir. Xüsusi günlərdə hərəmin ətrafında belə pülemyotlu patrul maşınları və silahlı hərbçilərin sayı artırılır, təhülkəsizlik tədbirləri gücləndirilir.

2dc77f8f-e273-4132-9ddc-74cf4d30f402.jpg (148 KB)

İraqda həddən artıq yoxlamalar adamı bəzən yorsa da, düşünəndəki hər an terror təşhülkəsi var, bu yoxlamalara nəinki dözümlü, həm də rəğbətlə yanaşmalı olursan. Kərbəla və Nəcəf isə İraqın ən təhlükəsiz və əminamanlıq olan şəhərləridir. Təbii ki, bu əminamanlığı minlərlə polis, əsgər və mühafizəçi hesabına təmin etmək mümkündür.

Bayram artıq bitib, bizim də Kərbəlada son günlərimizdir. Növbəti dayanacağımız İraqın nisbətən şimalında yerləşən Samirra şəhəridir. Abbasi xəlifələrinin xüsusi sifarişi və dizaynı ilə yeni paytaxt olaraq tikilmiş Samirra azərbaycanlılar üçün xalq qəhrəmanı Babəkin edam edildiyi şəhər kimi məşhurdur. Şiə müsəlmanlar üçünsə Samirra 10-cu və 11-ci imamın dəfn olunduğu şəhərdir. 2006-cı ildə iki imamın dəfn olunduğu məqbərədə terror törədilməsi nəticəsində kompleks tamamilə dağıdılmışdı. Ancaq artıq ziyarətgah təmir olunub. Yeri gəlmişkən, Samirra şəhəri həm də 12-ci İmamın (ə) qeybə çəkildiyi şəhər hesab olunur.

2bcaceff-16d9-463b-9a51-c846f0041d38.jpg (166 KB)

Samirradan sonra isə Bağdada, Kazimeyn məntəqəsinə gedəcəyik. Burada isə iki şiə imamı – 7-ci İmam Musa əl-Kazim (ə) və 9-cu İmam Məhəmməd Təqi (ə) dəfn olunub. Bağdad İraqdakı son dayanacağımız olacaq. Hələliksə yola və ziyarətə davam.

Kənan Rövşənoğlu,
Bakı-Tehran-Məşhəd-Nəcəf-Kərbəla

 

Yazarımızın ziyarət reportajları aşağıdakı linklərdədir:

 

http://musavat.com/news/erefe-yolculugu-qerib-imam-in-seherinde-reportaj-fotolar_548693.html

http://musavat.com/news/iranin-ziyaret-seherinde-veziyyet-meshed-qeydleri-fotolar_549551.html

http://musavat.com/news/elinin-e-seherinden-yol-qeydleri-necefi-azerbaycana-baglayan-teller-fotolar_549784.html

 

 

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR