İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş sovet kəşfiyyatçısından Putin və Rusiya ilə bağlı şok proqnoz

6300 05.02.2016 17:48 Region A A

“Monqol-tara zülmündən üzü bəri Rusiya belə ağır durumda olmamışdı. Vladimir Putin öz ölkəsini o dərəcədə effektli şəkildə dağıdır ki, hətta düşmənin xüsusi xidmət orqanlarının adamları da həsəddən öz dirsəklərini yeyə bilər”. 

Musavat.com-un məlumatına görə, belə bir fikri Ukraynanın “QORDON” nəşrinə müsahibəsində keçmiş sovet kəşfiyyatçısı, hazırda isə amerikalı maliyyə analitiki Yuri Şvets bildirib.

Analitikin fikrincə, Rusiyada sadəcə olaraq böhran yaşanmır, Putin Rusiyası həm də sistemin aqoniyası mərhələsinə girib: “Burada təbii ki, neftin qiymətinin çökməsi də rol oynayır. Neft bumu dövrü artıq bitib. Həmişəlik. Dünyada alternativ mənbələr sürətlə inkişaf edir, avtomobil mühərrikləri təkmilləşdirilir. 10-15 il sonra neftə ehtiyac dəfələrlə aşağı düşəcək. Rusiyanın isə buna cavab verəsi bir şey yoxdur... 

Hərdən mənə elə gəlir ki, Rusiyanın mövcudluğunun anlamı yalnız odur ki, əsrlər boyu ölkələrə və xalqlara necə yaşamaq lazım olmadığının nümunəsini göstərsin. Yəni “baxın bu adamlara və heç vaxt belə eləməyin!” İndi məndə belə hissiyyat da var ki, Yaradanın nöqteyi-nəzərzincə, Rusiya öz missiyasını uğurla yerinə yetirib və artıq onu bitirmək olar”.

“Bəs aqoniya dövrü nə qədər çəkəcək” sualına ekspertin cavabı belə olub: “Bu, bir neçə amildən, xüsusən də xarici amillərdən asılı olacaq. Hazırda Rusiya iqtisadiyyatının açarı ABŞ-ın əlindədir. Kremlin buna təsir imkanları mövcud deyil. Kobud desək, Putin Rusiyasının var olub-olmamasını indi Obama həll edir. Əgər ABŞ belə bir hədəf qoyubsa ki, Rusiya iqtisadiyyatını çökdürsün, bunu onlar ilyarım-iki ilə edərdilər. Amma mən düşünmürəm ki, ABŞ-a, bütövlükdə Qərbə bu, lazım olsun. Bəs nə lazımdı? O ki, Kremlin artıq pulu olmasın, əks halda onun başı çönür.

Yada salın, SSRİ ilə ABŞ arasında ən mürəkkəb dönəmlər nə vaxt olmuşdu? O vaxt ki, Sovet rəhbərliyi (Nikita Xrüşşev) hesab eləmişdi ki, Amerika prezidenti zəifdir. Nəticə - Karib böhranı oldu, dünya nüvə müharibəsindən güclə sovuşdu. Növbəti dəfə - 70-ci illərdə Amerikaya Cimmi Karter kimi olduqca saf və dərin inanclı adam, protestant rəhbərlik edərkən Kreml buna Əfqanıstana hərbi müdaxilə və orta mənzilli SS-20 raketlərini SSRİ-nin qərb hisslərində yerləşdirməklə cavab  verdi. Yenə situasiya kəskinləşdi.  
Həmçinin, Barak Obamaya münasibətdə Kreml böyük ölçüdə yanıldı, düşündü ki, o da zəifdir. Nəticə etibarilə öz hibrid müharibəsinə hibrid cavab aldı: sanksiyalar, neftin qiymətinin çökməsi və s. İndi Putin Rusiyasının varlığı xeyli dərəcədə Obamadan asılıdır – Putini axıradək o, sıxmaq istəyəcək, ya yox?”

Analitik ardınca özü də bu suala cavab verməyə çalışır: “Qərbdə heç kəs fəlakətli ssenari arzulamır. Ən dəhşətlisi - əlbəttə ki, nüvə başlıqlarıdır. Yada salın, SSRİ dağılanda ABŞ-ın əsas problemi məhz portativ nüvə başlıqları və nüvə texnologiyalarının marginalların əlinə keçməsi ilə bağlı olmuşdu. Bəs Rusiya dağılsa? Siz Kadırovu nüvə başlığı ilə təsəvvür edirsinizmi? Elə Putinin özü də son vaxtlar tez-tez özünün nüvə torbasından danışır. Odur ki, Amerika və Avropa liderlərinin yerində olsaydım, mən bir az da irəli gedər və Rusiyanın cilovlanması siyasətinə Qərbin mütləq təhlükəsizlik qarantiyasına da daxil edərdim. Söhbət nədən gedir?

Ondan ki, elə təcili tədbirlər görülməlidir ki, Putinin hansısa düzəldilməz axmaqlığa risk eləməsin. Vaxtilə Ronald Reyqan belə etmişdi: SSRİ Berlini, Parisi və Londonu vura biləcək SS-20 raketlərini Avropada yerləşdirəndə buna cavab olaraq ABŞ Avropada “Perşinq 2” raketlərini yerləşdirmişdi. Hansıların ki, Moskvayadək uçuş müddəti cəmi 10-12 dəqiqə idi. Məhz ondan sonra Kreml “özünə gəldi”. Çünki 12 dəqiqə faktiki olaraq, gicgaha sıxılmış tapança kimidir. 

İndi də analoji sığortalanmaya ehtiyac var. Düşünürəm ki, ABŞ-ın növbəti prezidenti bu dəfə səsdən iti “Perşinq 3” raketləri barədə fikirləşməli olacaq. Bunun ardınca “qırmızı xətt” müəyyən edərək, onu həm hərbi, həm də diplomatik kanallarla Kremlə çatdırmaq lazımdır. Siqnal isə qısa və aydın olmalıdır: əgər siz bu xətti keçsəniz, o zaman biz 3-4 dəqiqəyə Moskvaya çatacaq öz “Perşinq 3”lərimizi 24 saat ərzində NATO-nun şərq hissəsində yerləşdirəcəyik. Bununla da Kremlin davakarlığı çəkilib gedəcək...” 

Sabiq sovet kəşfiyyatçısı Putinin könüllü şəkildə istefaya getməsini istisna edir: “Bu – mümkün deyil. Hazırda Rusiyanın taleyini iki birinə zidd faktor müəyyən edir: birincisi Putin və klanının sonadək hakimiyyətdə qalmaq kimi həyati ehtiyacıdırsa, ikinci - Rusiyanın mövcud olmaq və inkişafa ehtiyacıdır. Bu iki şey bir yerə sığmır, kimsə məhv olmalıdır. Hərgah, Rusiyada tez-tez olduğu kimi,  hər şey ən pis ssenari üzrə də gedə bilər – Pütin rejimi çökəcək və arxasıyca da bütün ölkəni aparacaq”.

Bəs Rusiya üçün Yeltsin variantı necə, mümkündürmü? Təhlilçiyə görə, yox: “Birincisi, Yeltsin Putin qədər qan tökməyib. İkincisi isə, Yeltsin Putin qədər oğurlamayıb. Söhbət artıq yüz milyardlarla dollardan gedir. Kreml rejiminin cinayətkarlığı və Putinin onda şəxsən iştirak  eləməsi elı miqyasa çatıb ki, mən təsəvvürə gətirə bilmirəm ki, kim ona zəmanət verə bilər. Hərçənd, nəzəri cəhətdən mümkündür və hətta, işarələr də vurulub...”

Siyasət şöbəsi  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR