İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş nazir nəvəsi vəkil baş prokurora gözlənilməz məktubu ilə özünü ifşa edib- TƏFƏRRÜAT

4214 30.07.2019 10:35 Kriminal A A

Keçmiş vəkil növbəti dəfə hakim qarşısına çıxarılıb. Bir zamanlar başqalarının hüquqlarını müdafiə edən şəxs indi özü dələduzluqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Vüqar Poladovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Ötən məhkəmədə hazırlıq iclası baş tutmamışdı. Buna səbəb hakimin özünün-özünə etiraz etməsi idi. Belə ki, məhkəməyə sədrlik edək Cavid Hüseynov bu işdə adı təqsirləndirilən şəxs kimi keçən sabiq müstəntiq Misir Əmirovla tələbə yoldaşı olduğunu və buna görə də işə baxmaqdan imtina etdiyini deyib. Digər vəkillər müşavirə otağında bununla bağlı qərarı qəbul edib və iş başqa hakimə verilib. Hazırda işə hakim Samir Əliyevin sədrliyi ilə baxılır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən Vüsal Poladov 35 tələblə vəsatət qaldırıb.

O, cinayət işinin istintaqa qaytarılması, onun işini aparmış Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi Kazım Həmzətovun cəzalandırılmasını, məhkəmənin əvvəldən sonadək videolentə alınmasını, çıxışlarında sözünün kəsilməməsini istəyib.

Vüqar Poladov həmçinin mediadan da şikayətlənib. O bildirib ki, mətbuatda haqqında yazılanlardan çox sarsılırmış...

Bu işi maraqlı edən məsələ haqda da V.Poladov məhkəmədən xahiş edib.

Belə ki, Vüqar Poladov bir neçə ay əvvəl Baş Prokurorluğa göndərdiyi məktubun sübutlar siyahısından çıxarılmasını istəyib. Keçmiş vəkil həmin məktubda rüşvət verilməsində iştirakını etiraf edib, bu haqda ətraflı məlumat verib. Vüqar Poladov baş prokurora məktubunda hakimlərə pul verib xeyrinə qərar çıxardığını etiraf etmişdi. Sonra həmin məktubu inkar edirdi. İndi isə inkar etməsə də, sübutlar siyahısından çıxarılmasını istəyir. Növbəti proseslərdə Vüqar Poladovun həmin məktubu yazmasının səbəbini neçə izah edəcəyi maraqla gözlənilir.

Məhkəmənin davamında hakim V.Poladovun vəsatətinin təmin edilmədiyini elan edib.

Bildirək ki, Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. Daha sonra isə vəkil kimi fəaliyyət göstərib.

V.Poladov uzun müddət İctimai Televiziyada "İcra məmuru" rubrikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. Sonradan vəkillik fəaliyyətini də qeyri-müəyyən səbəbdən dayandırıb.

V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir. 

O, Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham olunur. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Vəkilə cinayət işi açılması ilə bağlı ilginc məlumatlar var. Belə ki, criminal.az saytı yazırdı ki, V.Poladov özü baş prokurora müraciət edərək hakimlərə rüşvət verdiyini, xeyrinə qərarlar çıxardığını deyib.

Amma Poladov bu iddianı rədd edir, deyir ki, barəsində cinayət işi açılması müxalifətin sifarişidir. Belə ki, o müxalifət düşərgəsində xeyli agent yerləşdirdiyini, müxalifətin bundan xəbər tutduqdan sonra barəsində sifarişlə cinayət işi açdırdığını iddia edir.

İlkin Muradov
Musavat.com

6cf0fcb7-80b8-4b77-8452-417b20a54b05.jpg (37 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR