İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş kommunistlər, indiki milyarderlər SSRİ-ni bərpa edib partkom olacaqlar?

2355 21.04.2022 13:49 Yazarlar A A

 

Rusiyanın kommunist deputatları keçmiş SSRİ-nin oraq-çəkicli qırmızı bayrağının Rusiya Federasıyasının bayrağı kimi qəbul edilməsinə dair qanun layihəsi hazırlayıb parlamentə təqdim ediblər.

Neçə müddətdir, onların nümayəndələri mətbuat orqanlarında çıxış edərək bildirirlər ki, guya hansısa ictimai rəy sorğusunun nəticələri insanların 67 faizinin SSRİ-nin bərpasına tərəfdar olduğunu göstərib.

Əlbəttə, bu sorğu yalnız Rusiya ərazisində, keçmiş 14 müttəfiq respublikanın metropoliyası olan dövlətdə keçirilibsə, sorğunun nəticələrini şübhə altına almağa dəyməz. Bu, yəqin ki, həqiqətdir. Çünki 1991-ci ildən bəri SSRİ adlanan böyük və qırmızı rus imperiyasının kiçilməsinə görə təəssüflənməyən rus tapmaq çətindir.

44.jpg (5 KB)

Ancaq eyni sorğunu, məsələn, Latviya, Litva, Estoniyada keçirsələr, yüzdə 95 mənfi cavab alınar. Hətta gənclər sorğuya cavab olaraq soruşarlar: “SSRİ nədir?” Onlar üçün SSRİ adlanan dövlətlə Hun imperiyasının və ya Qədim Roma imperiyasının elə bir fərqi yoxdur. Hər üçün keçmişdir.

Gürcüstan, Azərbaycan, Moldova kimi ölkələrdə də SSRİ-nin bərpası avantürasına tərəfdar olanların faiz nisbəti də heç vəchlə 25-30 faizi keçməz. Bəlkə Orta Asiya respublikalarında bu göstərici 3-5 faiz yuxarı ola. Hələ onu da bilmək olmaz.

Rusların SSRİ-nin dağılmasından təəssüflənmələri və bərpasını arzulamaları isə anlaşılandır. Ona qalsa, qardaş türklər də Osmanlı imperiyasının bərpasını istəyərdilər. Fransızlar Əlcəzair, Tunis, Mərakeş və digər müstəmləkələr üzərindəki protektoratlıqlarının bərpasını alqışlayardılar.

55.jpg (135 KB)

Bu baxımdan rusların nəinki 67, hətta 97 faizi SSRİ-nin bərpasına etiraz etməzdi. O biri müttəfiq respublikalarda meyvə-tərəvəzin faraşını, bostan bitkilərinin nübarını ilk növbədə Moskva və Leninqradın (eləcə də Rusiyanın digər iri şəhərlərinin) sakinlərinin ucuzdan da ucuz qiymətə daddıqları çoxlarının yadındadır, ya da ağızdan-ağıza eşidiblər. Əlbəttə, onlar yenə istərdilər ki, isti respublikaların zəhmətkeşlərin gün çıxandan gün batana qədər qəpik-quruşa işləsinlər, maddi bolluq yaratsınlar, özləri isə komfort içində firavan yaşasınlar, kurortlarından, sanatoriyalarından qalmasınlar.

Ancaq görünür ki, sadəlövhcəsinə oturub SSRİ-nin bərpasını arzulayanlara bu ideyanın mümkünsüzlüyünü doğru-düzgün izah edən olmayıb. Rusiya rəhbərliyi sadəcə böyük qurbanlar hesabına, bəşəriyyəti nüvə silahı ilə təhdid edə-edə, ölkələri qana çalxaya-çalxaya bəlkə də SSRİ-nin sərhədlərini bərpa edə bilər, amma SSRİ-nin düzənini, quruluşunu bərpa edə bilməz və heç etməz də.

667.jpg (163 KB)

Necə ola bilər ki, hakimiyyətdə olan milyarderlər və milyonçular yenidən “hər kəsin bərabər şəkildə kasıb olduğu sosialist quruluşu”nu bərpa etsinlər? Bəs öz milyardlarını nə edəcəklər, milliləşdirəcəklər, yoxsa xalqa paylayacaqlar? Bəlkə təzədən “fabrik-zavod fəhləyə, torpaq-kəndliyə” şüarı qaldıracaq və öz malikanələrindən, müəssisələrindən imtina edərək, hansısa zavodda, fabrikdə, kolxozda kasıb partkom olmağa razılaşacaqlar?

Bu oliqarx nazirlərin xarici ölkələrdəki bank hesabları necə olacaq, xaricdə yaşayan övladları qayıdıb yeni BAM-ların tikintisində fəhlə işləməyə, mikrorayon salmağa gedəcəklər?

Rusiya ilə yanaşı, digər 14 müttəfiq respublikada əmələ gəlmiş, keçmiş kommunist və komsomolçulardan ibarət olan partburjuaziya oliqarxiyası necə olacaq? Onlar varidatlarının əldən çıxmasına, həyatlarının isə Kremldə oturan kommunist rəhbərin iki dodağının arasından çıxan sözdən asılı olmasına razı olacaqlar?

Göründüyü kimi, ortada bu kimi yüzlərlə heç bir cavabı olmayan sual var.

66.jpeg (139 KB)

Ona görə də Rusiya kommunistlərinin gah SSRİ-nin himnini, gah bayrağını dirçəltmək istəməsi absurdlar kateqoriyasındandır. Ola bilər, sabah onlar SSRİ konstitusiyasını, hətta bu konstitusiyada kompartiyanın ölkədə yeganə hökmran siyasi partiya olmasını nəzərdə tutan 6-cı maddəsini də bərpa etmək istəyəcəklər.

Fəqət bütün bunlar mümkünsüzdür və Rusiyada hakim mövqedə olan neokapitalistlərin yaxın qoymayacağı perspektivdir. Heç kimi əfi ilanı qutudan çıxarıb boynuna dolamaz.

Ona görə də bəziləri gözlərinə allı-güllü görünən “şanlı keçmiş”ə boylanmağı qurtararaq, mübhəm və sürprizlərlə dolu gələcəyə konsentrasiya olunsalar yaxşıdır. Hamı bilməlidir ki, hipotetik olaraq yalnız çar Rusiyasının sərhədləri bərpa oluna bilər – “ədaləti”, quruluşu, zülmü, kübar cəmiyyəti, rəiyyət kastası çoxdan bərpa olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR