İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş işçisindən Şəfiqə Məmmədovaya ittiham - "Yüz minlərlə yeyintiyə yol verib" - Özəl

2239 24.01.2023 14:02 Mədəniyyət A A

“2016-cı ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıram. Şəfiqə Məmmədova saxta seçki prosesini protokollaşdırıb. Guya ona sədr olması üçün yekdilliklə müraciət olunub və seçki keçirilib. Halbuki, seçki olmayıb, hətta yığıncaq zamanı etiraz edilib”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Musavat.com-a eksklüziv açıqlamasında işindən ayrılmasının səbəblərinə aydınlıq gətirib. O, qeyd edib ki, saxta seçkinin nəticələri Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməyib: “Hazırda Şəfiqə Məmmədova legitim deyil. Yenidən seçki keçirilməlidir. İttifaqın 300 üzvü var. Sədr yalnız onların 80 faizinin razılığı ilə seçilə bilər. Şəfiqə Məmmədovanın sədr seçilməsini heç kim istəmir. O, bir nəfərin adından bütün üzvləri aldadıb. Həmin adam ailəsi ilə bərabər Şuşadadır, heç nədən xəbəri yoxdur. Şəfiqə Məmmədova ittifaqın reputasiyasına çox böyük zərbə vurub. Mən də saxta seçkiyə etiraz olaraq işimdən ayrılmışam”.

Ə.Vəliyev bu qərarın başqa səbəblərlə də əlaqəli olduğunu bildirdi. O, Şəfiqə Məmmədovanın çox böyük yeyintilərə əl atdığını dedi: “Şəfiqə Məmmədovanın oğlu Ülvi Mehdi İTV-dən qovulmuşdu.  Ş.Məmmədova oğlunu ittifaqda vəzifəyə təyin etdi. Ülvi Mehdi hamıdan çox maaş alır. Yalnız özünün və oğlunun maaşını iki dəfə qaldırıb. İttifaqın cəmi 10 işçisi var. İldə quruma təxminən 400 min manat vəsait ayrılır. Bildiyim qədər bu vəsait artırılıb. Ən çox maaş 700-800 AZN-dir. İşçilərə ildə 100-150 min manat xərclənir. Bəs Şəfiqə Məmmədova geri qalan məbləği hara xərcləyir? Tədbirlər, yubileylər keçirilmir. Bu yaxınlarda Ənvər Həsənov, Şeyx Əbdül Mahmudov xəstələnmişdi. Onların hərəsinə cəmi 300 manat yardım edildi. Şəfiqə Məmmədova niyə 80 yaşında ictimai təşkilatdan getmək istəmir? Səbəb budur. Ustad dərsləri adı ilə pullar silinir. Kimsə vəfat edəndə ittifaqda bayram olur. Gül sifariş verilir, pul ayrılır, Şəfiqə Məmmədova qapısı önündəki özünə aid gül dükanından iki kala götürüb ziyarətə gedir. Pullar bu yolla mənimsənilir. Onun aylıq gəliri təxminən 10 min manatdan çoxdur. İttifaqın sədri kimi 3 min manat alır, deputat pensiyası 6-7 mindir, prezidentin şəxsi təqaüdü 1500 manatdır, hələ müəllim kimi və s. gəliri də var. Biləcəridən o tərəfə keçməyən aktrisa “Oskar” komissiyasının sədridir. Bu necə ola bilər? O heç bilmir ki, hansı festivalda yeniliklər var. Ona görə də ermənilər Kann festivalına film təqdim edir”.

Ə.Vəliyev daha bir məlumatı Musavat.com-la bölüşdü. Belə ki, Şəfiqə Məmmədova bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla görüşüb: “Vasif Talıbov istefa verməmişdən öncə Şəfiqə Məmmədova ona müraciət etmişdi, o da dərhal qəbul etmişdi. Aldığım məlumata görə, özü şəxsən qəbul edib. Düz Ali Məclisin qapısına qədər V.Talıbov onu yola salıb. O, ittifaqın Naxçıvanda nümayəndəliyini yaratmaq istəyirdi.”

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb. Bu barədə Əli Vəliyev özü bildirib.

Xatırladaq ki, ötən ilin sonlarında ARKİ sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. İddialara görə, Ş. Məmmədova ARKİ üzvlərinin iştirakı olmadan seçkilər keçirib, özünü sədr elan edib.

Ə. Vəliyev 2016-cı ildən bu vəzifədə çalışırdı. Bundan əvvəl isə o ATV telekanalında "Səni axtarıram" proqramında icraçı prodüser-redaktor, xəbərlər xidmətinin baş prodüseri, “Eurovision”, "Bakı2015" layihələrinin redaktoru və baş prodüseri vəzifələrində çalışıb.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR