18 ildən sonra mətbuata çıxmaq qərarına gəlməsində və bunun üçün də “Yeni Müsavat”ın redaksiyasını seçməsində əsas məqsədinin istiqlalçı deputatların sayının 43 nəfər yox, 36 nəfər olduğunu ictimaiyyətə çatdırmaq olduğunu bildirdi. 18 il öncə ölkənin əsas postlarından birində təmsil olunmuş Vaqif Novruzovdan geniş müsahibə almaq fürsətini əldən vermədik. Öncə geniş müsahibəyə razılaşmaq istəməsə də, biz hər fürsətdə ard-arda suallarımızı ona ünvanladıq. Nəticədə geniş və olduqca maraqlı müsahibə alındı.
İlk sualımız da onu narahat edən istiqlalçı deputatların siyahısında neçə nəfərin adının yer alması ilə bağlı oldu.
- 1991-ci ilin martın 7-də SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi Ali Sovetdə səsə qoyulanda 360 deputatdan cəmi 36 nəfəri SSRİ-nin saxlanılması üçün referendum keçirilməsinin əleyhinə və faktiki olaraq, Azərbaycanın müstəqilliyinə səs verdilər. 7 nəfər isə bitərəf qalmışdı. Mən həmin bitərəf qalanların hərəkətinin vətənə xəyanətə bərabər olduğunu hesab etmişdim və edirəm. Çünki necə yəni, sən ölkənin müstəqil olması məsələsində bitərəf olasan? Buna başqa ad vermək olmur. İndiyə qədər yanlış olaraq ictimaiyyətə bir sıra adamlar məlum referendumun əleyhinə 43 deputatın səs verdiyini məlumat veriblər. Əslində isə 43 yox, 36 nəfər olub. O zaman mənim yadımdadır həmin səsvermədən sonra deputatların siyahısı “Yeni Müsavat” qəzetində dərc olundu. Siyahıda adları və soyadları ilə göstərilirdi ki, 36 nəfər SSRİ-nin saxlanması üçün referendumun keçirilməsinin əleyhinə səs verib. 7 nəfər isə bitərəf qalıb. 250-dən yuxarı deputat isə SSRİ-nin saxlanmasının tərəfdarı olaraq səs vermişdilər. Bu, əslində müstəqilliyin əleyhinə səs vermək idi. Mən xahiş edirəm, “Yeni Müsavat”ın arxivindən həmin siyahının dərc olunduğu nömrəni tapasınız. Çünki bu zaman təsdiqlənəcək ki, istiqlalçı deputatların sayı 43 yox, 36-dır. Mənim bu məsələsinin üstündə bu cür ciddi dayanmağımın səbəbi odur ki, məsələ tarixi məsələdir. Ola bilsin indi bu məsələyə o qədər də qiymət verilmir. Ancaq gələcəyi düşünmək lazımdır. Gələcəkdə istiqlalçı deputatların kimliyi tarix kitablarında əksini tapacaq, onlara layiqli qiymətlərini verəcəklər. Ona görə də mən istəmirəm ki, əslində istiqlalçı deputat olmayan kimlərinsə adları o siyahıda yer alsın. Hərəyə həlledici, tarixi anlarda tutduğu mövqeyinə, hərəkətinə görə qiymət verilməlidir. ABŞ-da Amerikanın suverenliyinə səs verən adamları onlar millətin atası hesab edirlər. Gürcüstanda da belədir. Bir sıra ölkələrdə isə ölkənin müstəqilliyinə səs verən adamlara hətta milli qəhrəman adı verilib. Mən inanıram ki, gələcəkdə Azərbaycanda da istiqlalçı deputatlara münasibət bu cür olacaq. Ancaq indi bu 36 nəfərlik siyahıya 7 nəfər əlavə edib, 43-ə qaldırmaqla bu tarixi məsələni ucuzlaşdırmaq istəyirlər. 1991-ci ildə SSRİ-nin saxlanmasının əleyhinə çıxmaq böyük risk idi. Biz 36 nəfər həyatımızı riskə qoyub bu addımı atmışdıq.

- Həmin deputatların 25-i “Demblok” adlanan cəbhəçi deputatlar olublar. Siz isə "Demblok"da olmayan və vəzifədə təmsil olunan deputat olaraq SSRİ-nin saxlanmasına qarşı səs verənlərdənsiniz. Bu addımınız mərkəzdən sizə təzyiqlərə gətirib çıxarmadı?
- Mən 1984-cü ildən polkovnik idim. 1991-ci ilə qədər Daxili İşlər Nazirliyində 6-cı İdarənin rəisi idim. 1991-ci il fevral ayının 4-də SSRİ prezidenti Qorbaçov fərman verdi. Bütün respublikaların 6-cı idarələri keçdi SSRİ-nin 6-cı Baş İdarəsinin tərkibinə. O vaxt məni SSRİ Daxili İşlər Nazirliyinin kollegiyasında 6-cı Baş İdarənin idarə rəisi təsdiq elədilər. Mənə də 150 nəfər ştat verdilər. SSRİ-nin saxlanması ilə bağlı Azərbaycan Ali Sovetində referendum keçirilməsi məsələsi səs qoyularkən və mən əleyhinə səs verərkən həmin vəzifədə idim.
Təzyiqlər, təqiblər əlbəttə ki, oldu. Sağ qalmağımızın özü bir möcüzə idi. Mən “Demblok”a bir vəzifədə olan şəxs kimi çox köməkliklər etmişəm. 1989-cu ildə meydan hərəkatı zaman fasiləsiz mitinqlərdə meydandakı insanların ərzaqla təminatını kim təşkil edirdi? Azərbaycanın paytaxtından və başqa şəhərlərimizdən ermənilərin köçürülməsini kim edirdi? Onu da Vaqif Novruzov kimi, Abdulla Allahverdiyev kimi, Adıgözəlov kimi adamlar edirdi. Biz o dövrdə polis rəisi idik. Amma xalq hərəkatına çox böyük köməkliklər edirdik. Biz respublikamızın azadlığını hər şeydən üstün tuturduq. Millətini, xalqını sevən adam vəzifə karyerasına son qoyulmasına, həyatına təhlükə yaranmasına fikir verməməli, xalqının, ölkəsinin maraqları nəyi tələb edirdisə, həmin yolu tutmalı idi. O vaxtkı rejim milləti əzirdi, müstəqilliyimizə nail olmağımıza hər cür əngəl yaradılırdı. Ona görə də biz bütün təzyiqlərə rəğmən məlum addımları atdıq. Xalq Cəbhəsindən olan insanlar da çalışırdı xalqın əzilməsinin qarşısını alsınlar. Heydər Əliyev 20 Yanvar hadisələrindən dərhal sonra Moskvada SSRİ-yə qarşı sərt mövqe ortaya qoydu. Bu addım ona həyatı bahasına başa gələ bilərdi. Ancaq Heydər Əliyev hər şeyi göz önünə alaraq məlum addımı atdı. Dediyim odur ki, millətinin marağını düşünən hər bir azərbaycanlı təzyiqlərdən çəkinmirdi. 18 oktyabr 1991-ci ildə bizim mübarizəmiz öz bəhrəsini verdi, Azərbaycanın müstəqilliyi haqqında konstitusiya aktı qəbul olundu.
- Sizin vaxtilə indiki milli təhlükəsizlik naziri Eldar Mahmudovla Nərimanov Rayon Polis İdarəsində bir yerdə işlədiyiniz deyilir. Vhpress.az saytında bildirilir ki, Eldar Mahmudov əmək karyerasına Nərimanov Rayon Polis İdarəsində başlayıb. Həmin vaxt leytenant rütbəsində olan Eldar Mahmudovun rəisi siz olmusunuz. Ona o dövrdə dəstək vermisiniz. Bunlar doğrudurmu?
- Bəli. Eldar Mahmudov baş leytenant olaraq Nərimanov Rayon Polis İdarəsində işləyirdi. Mən də rəis idim. Eldar Mahmudov düz 10 il həmin rayonda işlədi. Ona dəstək verməyim isə özünün haqq etdiyi dəstək idi. Çünki o, gənc kadr kimi çox bacarıqlı, peşəkar, işinin öhdəsindən çox yüksək səviyyədə gələn polis zabiti idi. Eldar Mahmudov aristokrat ailədən idi. Atası çox səviyyəli alim idi. Eldarın işə münasibəti, bacarığı yüksək olduğundan, onun irəli çəkilməsini labüd edirdi. Əməliyyat işini idarə eləmək hər polis işçisinin yaxşı bacardığı məsələ deyil. Eldar bu işi çox yüksək səviyyədə bacarırdı. Bütün bunlara görə mənim bir rəis olaraq belə bir kadra dəstək verməyim təbii idi. Mən nazir olanda Eldar Mahmudovu kollegiyaya üzv seçdim. Baş İdarəyə rəis təyin elədim. Bu adam bacarığı ilə bunlara nail olurdu. İndiki milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov da mənim rəis olduğum 6-cı İdarənin işçisi idi. Mən nazir olanda Hilalı Nərimanov rayon polis idarəsinə rəis təyin elədim. Çünki onun da bacarığı yüksək səviyyədə idi. İnanın ki, nazir olduğu üçün demirəm, əvvəldən onun işinə, xidmətinə birbaşa bələd olan şəxs kimi deyirəm ki, Eldar Mahmudova milli qəhrəman adı verilməsi yaxşı olardı. Ona bu ad çoxdan yaraşır.
- Eldar Mahmudovla sonrakı illərdə əlaqəniz olubmu, indi necə, belə əlaqələriniz varmı?
- Yox. Mən çalışıram ki, heç kimlə əlaqə saxlamayım. Sual oluna bilər. Niyə? Bilirsiniz, kənardan baxanda deyirlər ki, nazirdir kefdədir. Əslində belə deyil. Mən də nazir olmuşam və bilirəm ki, bu cür mühüm vəzifədə işləyən adamın gecəsi-gündüzü olmur. Bir saat belə, vaxt olmur, son dərəcə gərgin iş sistemi var. Bax, məsələn mən nazir işləyəndə gecə saat 1-də, 2-də rəhmətlik prezident Heydər Əliyevlə görüşüb ona vəziyyəti məruzə edirdim. Prezident işdən gecə saat 2-də gedirdi. Mən ondan sonra gedirdim evə. Şəhərdə evim olmadığına görə Mərdəkanda bağ evində yaşayırdım. Elə indi də həmin bağ evində yaşayıram, şəhərdə evim yoxdur. Səhər saat 9-da Mərdəkandan qayıdırdım işə. Bilmirdim heç nə təhər yatdım, nə təhər durdum. Təbii ki, milli təhlükəsizlik nazirinin işi də bu sür sıx qrafiklədir. Mən bu cür məsələləri nəzərə alıram.
- Həyatını, karyerasını riskə qoyub Azərbaycanın müstəqilliyinə səs verən, meydan hərəkatına dəstək verən polkovnik Vaqif Novruzov Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə məntiqlə hakimiyyət komandasında təmsil olunmalı idi. Bəs, nədən belə olmadı?
- Mən polkovnik olanda İsgəndər Həmidov kapitan idi və “obxss” respublikada işləyirdi. Hətta bir ara oradan da kənarlaşdırıb, barəsində cinayət işi qaldırmışdılar. Xalq Cəbhəsi hakimiyyətə gəldi və onu gətirib qoydular Azərbaycan Respublikasının daxili işlər naziri. Onlarla bərabər Azərbaycanın müstəqilliyinə çalışan, əməli addımlar atan polkovnik Vaqif Novruzov isə işə qoyulmadı. Bəylərin (Xalq Cəbhəsi hakimiyyətindəkiləri nəzərdə tutur -E.S.) komandaları, kadr potensialı yox idi. Ola da bilməzdi. Çünki Xalq Cəbhəsi bir-iki ilin içində yaranmışdı və xalq hərəkatı şəklində idi. Bir neçə ilin içində isə kadr potensialını yetişdirmək mümkün deyildi. İkinci problem onların yanaşmasındaydı. Onların yanaşması belə idi ki, meydanda kim ucadan qışqırırdısa, potensialının imkan verib-verməməsindən asılı olmayaraq, onlar da vəzifə almalı idi. Məsələn, Tahir Əliyev var idi. Mən onu sahə müvəkkili belə saxlamazdım. Cəbhəçilər onu daxili işlər naziri qoydurdular, sonra müdafiə naziri elədilər. O, iki-üç tərəfə işləyirdi. Bilirsən, insanın bir üzü olmalıdır.
- Peşəkar polis polkovnikiydiniz. Sizə ümumiyyətlə heç bir iş təklif edilmədi?
...






