Keçi ili qapıda: yolka və Şaxta babanın qiymətlərindən xəbəriniz varmı?
Burada Yeni ilə aid istənilən ölçüdə yolka, Şaxta baba oyuncağı və bəzək əşyalarını almaq mümkündür. Qiymətlərə gəlincə isə hər il olduğu kimi, qiymətlər yenə də çox bahadır. Batareya ilə işləyən Şaxta baba və Qar qızın da yer aldığı balaca oyuncaq daha çox diqqətimizi çəkdi. Bu oyuncağın balacası 55 manat, nisbətən böyüyü isə 100 manata satılırdı. Yolkalara gəlincə isə ölçüsünə, bəzəkli və bəzəksiz olmasına görə qiyməti fərqlənirdi. Belə ki, bu mağazada olan ən ucuz yolka 15 manat, ən bahalısı isə 50 manata idi.
Yolkanı bəzəmək üçün olan aksessuarların qiyməti isə bu cür idi: 6 dənəlik xırda yumru yolka oyuncağı 3 manat 50 qəpik, nisbətən böyükləri 5 manat, yolka ağacından asmaq üçün lazım olan mini-yolkalar 6 manat, oyuncaq keçilər ölçüsündən asılı olaraq 20-40 manat, zərlər isə 1 manat 50 qəpik və 3 manat arasında dəyişirdi.
Metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında baş çəkdiyimiz digər məkanda isə yolkaların satışı daha çox üstünlük təşkil edirdi. Burada yer alan Yeni il aksessuarlarının da hər birinin qiyməti üzərinə yapışdırılmışdı. Mağazanın içərisinə keçməzdən əvvəl qarşıda qoyulan yolkalara nəzər saldıq. Burada ən ucuz yolkanın qiyməti 20 manatdır. Ümumi qiymətlər isə 20-300 manat arasında dəyişirdi. Mağazadakı ən hündür yolkanın üzərinə isə bu cür yazılmışdı: “Bəzəkli 150 manat, bəzəksiz 90 manat”.
Diqqətimizi çəkən daha bir oyuncaq isə batareya ilə işləyən və dayanmadan səs çıxaran Şaxta baba oldu. Şaxta babanı hətta almağı belə düşündük. Lakin qiymətini eşitdikdə Şaxta babaya uzanan əlimizi geri çəkməli olduq: 300 manat. Elə onun yanında yer alan Qar qızın isə qiyməti nisbətən ucuz - 150 manat idi. Bunlardan başqa, digər hədiyyələrin də qiymətləri ölçülərinə və keyfiyyətinə görə dəyişirdi. Satıcı isə hələlik alıcıların çox az olduğundan gileyləndi.
Sevdiklərinə Yeni il hədiyyəsi almaq istəyənlər güldanlar, nəlbəkilər və başqa suvenirləri seçə bilərlər. Təbii ki, qiymətlər münasib olsa... Çünki onların da qiyməti artmışdı. Satıcılar bildirirdi ki, 10 gündən sonra bu qiymətə heç nə tapa bilməyəcəksiniz. Qiymətlərin daha da artacağını deyən satıcılar qiyməti onların tənzimləmədiklərini bildirdilər. Mağazada gördüyümüz oxşar yolkaların birinin qiyməti 30 manat olsa da, digəri 700 manata idi. Fərqlərinin nə olduğunu soruşduqda isə satıcı 30 manatlıq yolkanın Çin istehsalı olduğunu, digərinin Fransadan gətirildiyini dedi: “700 manat nədir ki? Şəhərin mərkəzində 1000-2000 manata da yolkalar satılır. Onlar Fransa və Rusiyadan gətirilir. Keyfiyyətli və təhlükəsizdir. Hündürlüyü 60 santimetrdən 2 metrədək olan yolkalar kənarda 20-70 manat, şəhərin mərkəzində isə 150-750 manata satılır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qiymətlərin dövlət orqanları tərəfindən tənzimlənmədiyini dedi: “Dövlət yalnız keyfiyyəti tənzimləyir və sertifikat verir. Ümumiyyətlə, müşahidələr göstərir ki, Yeni il aksesuarlarının qiyməti keçən ilə nisbətən bu il 3-5 faiz artıb. Çünki Azərbaycanda qalxan qiymət bir daha enmir. Bütün sahələrdə artım olduğu kimi bu sahədə də artım müşahidə edilir. Bunun başqa heç bir səbəbi yoxdur. Aksessuarların hansı ölkələrdən gəldiyini isə sahibkarlar tənzimləyir. Ölkəmizə bu aksessuarlar adətən Rusiyadan, Çindən, Pakistandan, Türkiyədən, Tailanddan gətirilir. Yəni açıq bazardır. Hansı ölkədən istəsələr gətirə bilərlər”.
Qeyd edək ki, artıq paytaxtın bir neçə yerində də yolka ağaclarının qurulma prosesinə başlanılıb. Ən böyük yolka isə Fəvvarələr bağında quraşdırılıb. Bulvar ərazisində isə təxminən 10 yolka ağacının qurulacağını deyən Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov dekabrın 15-dən etibarən bu istiqamətdə işlərin aparılacağını dedi: “Dekabrın 15-dən bulvarın təxminən 10 yerində yolka qurulacaq. Bulvar ərazisində olacaq digər tədbirlərə gəlincə isə onları hələ müəyyənləşdirməmişik”.
Günel MANAFLI






