İnsanlara hürriyət, millətlərə istiqlal!

KASIBIN BRİLYANTI

1257 13.10.2011 09:32 Yazarlar A A
Şəhərdə hərlənəndə qızılla dolu univermaqları görüb elə bilmişəm qızıla aid çoxlu məsəllərimiz, atalar sözlərimiz var. Ola bilsin, bütün tarix boyu xalqımızın qızıl haqda atalar sözü düzəltməyə kasıbçılıqdan heç vaxtı olmayıb. Yazıq xalq havax əlinə qızıl alıb ki? Qızıl Nikolayın dövründə rusa satılmış gədə-güdələrdə olub. Onlar da qaçaq-quldurun əlindən orda-burda basdırıb gizlədirlərmiş. Sonralar da çoxusunun yeri yadından çıxırmış.
Sovet dövründə də çoxlu qızıl oldu, ancaq xalq üzünü də görmədi. Çünki o dövrdə də qızılı oğurluğa qurşanan kommunistlər yığdı. Milli hakimiyyətin yıxılmasında kommunistlərin gizlətdikləri qızılların böyük rolu oldu. Kommunistlər gizlətdiyi qızılları Qarabağ müharibəsində ortalığa çıxartmadılar, ancaq milli hakimiyyəti yıxıb bugünkü dövranı qurmaq üçün bütün qızıllarını xərclədilər.
O günləri qəzetdə oxudum, ölkədə son vaxtlar qızıl yenə bahalanıb. Başımı itirmişəm, heç bilmirəm nədən yazam. Qızıl haqda məsəllərimiz ola bilər, ancaq mən birini də yada sala bilmədim. Yəqin evimdə bircə dənə qızıl üzük olsaydı, məsəllərdən heç olmasa bir naziyini yada salardım. Qızıl yoxdu, ona görə yaddaşım parlamır. Yaddaş da parlamayanda beynin içi qaranlığa qərq olur. Beyin də qaranlığa qərq oldumu, orda mütləq göbələyə oxşar fikirlər cücərməlidir.
Ətrafda varlıların villalarına fikir vermisinizmi? Bu malikanələrdə gecə-gündüz işıqlar yanır, ucqarlara səpələnmiş kasıb evlərində isə axşamdan işıqlar keçir, hər tərəf zülmətə qərq olur. Niyə? Çünki varlılar sabaha kimi yatmır, pul sayır, daş-qaşın tozunu alırlar. Xalçanın üstündə dairəvi bardaş qurub ailəvi pul sayırlar. Saydıqca həvəslənirlər, həvəsləndikcə gözlərinə yuxu getmir.
Bir də gördün ortalarda sayı itirdilər, məcbur olub təzədən bir də sayırlar. Pulları dəst-dəst çinləyəndən sonra keçirlər daş-qaşa, brilyant-almaza. Üzükləri, sırğaları, qolbəndləri, sinəbəndləri, nə bilim, ayaqbəndləri xüsusi yumşaq materiallarla silib təmizləyirlər. Barmaqlarına taxıb gözəlliyinə tamaşa eləyirlər. Boyunlarına keçirib otaqlarda gəzişir, sonra da ehmallıca öz qabına qoyurlar. Ləzzət eləyir, üstünə taxıb gəzənə də, kənardan baxan ailə üzvlərinə də. Gecə səhərə qədər əlləri qızıl-brilyantla, pulla oynayır. Adamın gözünə yuxumu gedər?
Özü də belə malikanələr heç vaxt işıqpulu-qazpulu ödəmir. Hansı işıqpulu yığan qorxusundan belə villaların qapısına yaxın düşə bilər? Bunların hesabları işıq idarələrində aparılır və elə oradaca xətm olunur.
Müxbirimiz qızıl dükanları şəbəkəsi olan MUM-da, “Moskva” univermağında işləyən satıcıları çox kədərli görüb. Qızıl bahalanıb, alıcı yoxdu, zinət mağazaları qəbiristana, fəxri xiyabana bənzəyir. Vətəndaşlarımız hüzn içində boğulur.
Univermağın pilləkənləri üstündə halsız vəziyyətdə oturmuş bir ağbirçəkdən soruşdum ki, ey analar anası, nədir sənin dərdin. Dünya görmüş ağbirçək mənə dedi, ey gözümün nuru oğul, Allah sənə də qismət eləsin, nəvəmi evləndiririk, istəyirəm gəlinə brilyant qaşlı bir dəst boyunbağı, sırğa, bilərzik, üzük alam, amma pulum bir az çatışmır. Dedim, ey dünya görmüş ağbirçək ana, brilyant qaşları olan boyunbağı çoxmu vacibdi. Dedi, ay oğul, el var, adət var, mən gəlinə brilyant almasam, qonum-qonşu adama nə deyər.
Bircə onu bilirəm ki, qızılın bahalaşması kasıbın belini qıracaq. Çünki qızıl-brilyant alan təkcə kasıblardı...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR