İnsanlara hürriyət, millətlərə istiqlal!

KAPİTAL BANKIN FİLİALLARI QARŞINDA YENƏ CANLANMA VAR

1201 19.12.2012 09:32 Ölkə A A
Ödəmələri həyata keçirən KapitalBankın xidmət məntəqələri növbəti bir il ərzində fəaliyyət göstərsə də, bu məntəqələr gələn il yalnız ödəmələrin aparılması ilə məşğul olacaq. Bu ayın sonuna qədər vaxt tapıb sənədlərini banka təqdim etməyən vətəndaşlardan isə daha sənəd qəbul olunmayacaq. Elə buna görə də Maliyyə Nazirliyi əmanətçiləri tələsməyə, 31 dekabr 2012-ci il tarixinə qədər KapitalBankın xidmət məntəqələrinə müraciət etməyə çağırıb. Məlumatda o da bildirilib ki, istirahət və bayram günləri olmasına baxmayaraq, xidmət məntəqələri 29, 30, 31 dekabr tarixlərində də işləyəcək və həmin günlərdə də əmanətçilərdən həm sənədlərin qəbulu, həm də ödəmələrin verilməsi həyata keçiriləcək.
Beləliklə, cəmi bir neçə gündən sonra Azərbaycanda əmanətçilərin 20 ildən bəri həsrətlə gözlədikləri mürəkkəb bir prosesin əsas hissəsi başa çatmış olacaq. Vətəndaşların sovet dövründə Əmanət Bankında batmış pullarının qaytarılması, gerçəkdən, son dərəcə çətin bir addım kimi görünürdü. Bunun həlli üçün müxtəlif variantlar təklif edilirdi. Amma bu ilin 1 iyun tarixindən başlanan prosesin axarı bu məsələdə ciddi bir narahatlığa əsas olmadığını göstərdi.
Sənəd qəbulunun ilk günləri KapitalBankın xidmət məntəqələri qarşısında böyük növbələrlə müşayiət olunsa da, əmanətçilərin kütləvi axını müəyyən problem yaratsa da, bu ajiotaj tədricən səngidi və proses öz məcrasına düşdü. Yalnız bir bankın belə genişmiqyaslı işin öhdəsindən gələcəyi barədə şübhələr də getdikcə aradan qalxdı. Tezliklə hiss olundu ki, KapitalBank prosesə o qədər də pis hazırlaşmayıb və üzərinə düşən vəzifələri yerinə yetirmək üçün mümkün olanları edib. Prosesi asanlaşdırmaqdan ötrü bank tərəfindən atılmış müəyyən addımlar, çoxsaylı məntəqələrin yaradılması, onların yerinin elektron xəritə üzərində təsbit olunması, ərizə formalarının internet vasitəsilə əldə edilməsi imkanı, məlumatların jurnalistlər üçün açıqlığı, hər halda, bu sahədə KapitalBankın fəaliyyəti ilə bağlı kəskin tənqidə yer qoymadı.
Bank tərəfindən açıqlanan son məlumatlara görə, artıq 1 milyon 500 min nəfərə yaxın vətəndaş fərdi birdəfəlik ödəmə alıb. Sənədlərini təqdim edib hələ pulunu almamış əmanətçilər də, qeyd etdiyimiz kimi, gələn ilin son gününə qədər vəsaitlərini bankdan götürə biləcəklər.
Sənəd qəbulu başa çatmaq üzrə olduğundan KapitalBankın xidmət məntəqələri qarşında yenə canlanma müşahidə edilməkdədir. Sənədlərini hələ banka təqdim etməmiş əmanətçilər də dekabrın 31-nə qədər olan son bir neçə günlük fürsətdən yararlanmağa çalışırlar.
Əlbəttə, əmanətlərin qaytarılması üçün Azərbaycanda ideal bir variantın seçildiyini iddia etmək olmaz. Vətəndaşlar ölkənin imkanlarını nəzərə alaraq, hökumətdən daha böyük məbləğ gözləyirdilər. Ona görə sözügedən fərman əhali tərəfindən sevinclə qarşılansa da, tətbiq olunan hesablama əmsalları müəyyən məyusluq da doğurdu.
Amma ədalət naminə, ekspertlər MDB məkanında bu sahədə ən yüksək ödəniş sisteminin məhz Azərbaycanda tətbiq edildiyini də xatırladırlar. Azərbaycana qədər MDB ölkələri arasında ən yüksək hesablanma əmsalı Ukraynada tətbiq edilmişdi: hər 2000 rubla görə 200 dollar. Amma Ukraynada bu prosesi axıra çatdırmaq mümkün olmadığından məsələ 2011-ci ildə qeyri-müəyyən vaxta qədər təxirə salındı. Azərbaycanın isə hər 2000 rubla görə vətəndaşlara, təxminən 385 dollar ödədiyini, üstəlik, əmanətçilərin böyük hissəsinin artıq öz pullarını götürdüklərini nəzərə alsaq, “buna da şükür” söyləmək qalır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR