İnsanlara hürriyət, millətlərə istiqlal!

Kann festivalının nüfuzlu proqramına düşən ilk Azərbaycan filminin uğur qazanması ehtimalı varmı?

772 09.06.2020 20:21 Dünya A A

Xəbər verdiyimiz kimi, 73-cü Kann kino festivalına Azərbaycan kinosu da daxil olub. Belə ki, azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı filmi beynəlxalq festivalın ”La Semaine dela Critique” (“Tənqid həftəsi”) proqramına daxil edilib. 

Kinotənqidçilərin də qeyd etdiyi kimi, “Axşama doğru” filmi  bu nüfuzlu proqrama düşə bilən ilk Azərbaycan filmdir. 

Xatırladaq ki, bir müddət bundan əvvəl Ermənistanın Dağlıq Qarabağda çəkdiyi filmin Kann festivalında təmsil olunması Azərbaycanda qıcıqla qarşılanmışdı. Sosial şəbəkələrdə “Bəs niyə Azərbaycan filmlərinin də Kann festivalına göndə bilmirik?” deyə suallar verilirdi. Az keçməmiş Azərbaycan filminin də adı çəkilən beynəlxalq festivalda təmsil olunduğu barədə yayılan məlumat böyük sevincə qarşılandı.

Qeyd edək ki, Kann Film Füstivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalıdır. Festivalın ən əsas mükafatları “Qızıl Palma Budağı”, “Qran-pri”, “Qızıl Kamera” “Jüri mükafatı”dır. 

Bəs Azərbaycanı təmsil edən film nədən bəhs edir, çəkiliş heyəti kimlərdən ibarətdir?

Film şəhərkənarına ailə ziyafətinə gedən cütlükdən bəhs edir. Gündəlik, məişət məsələləri ilə bağlı cütlük arasında yaranan fikir ayrılığı gözlənilməz məqamlara səbəb olur. Bu səbəbdən qadın qəhrəman çətin, amma öncədən təxmin olunan vəziyyətə düşür. Film İTV-in dəstəyilə “FIL PRODUCTION” və “Mandarin Agency” şirkətləri tərəfindən çəkilib. Rolları Leyla Mədətxanova,Teymur Hacıyev, Gültəkin Ağayeva və Oktay Mirzəyev ifa edir. Filmin Ssenari müəllifi Teymur Hacıyev, operatoru Yevgeni Rodindir.

Kann festivalının nüfuzlu proqramına düşən ilk Azərbaycan filminin uğur qazanması ehtimalı nə qədərdir?

Fehruz Şamıyev: “Gənc nəsil tamaşaçıları yenidən kinoteatrlara ...

Mövzu ilə bağlı kinoprodüser, rejissor Fehruz Şamıyev “Yeni Müsavat”a danışıb:

“Kann festivalına Azərbaycan filminin də daxil olması çox ciddi hadisədir. Ən azı ona görə ki, Azərbaycanlı rejissorlarına bir stimul verəcək hadisədir və belə bir festivala düşmək üçün artıq bir addım atılıb. 

Qeyd edim ki, bundan öncə də Azərbaycan-Rusiya istehsalı olan qısametrajlı film Kann festivalına düşmüşdü. Həmçinin Elmar İmanovun da filmi digər qısametrajlı proqrama daxil ola bilmişdi. Həmçinin növbəti proqramların birinə də filmimizin daxil olması çox uğurlu addımdır”.

Fehruz Şamıyev adı çəkilən film barəsində də danışıb:

“Düşünürəm ki, Teymur Hacıyevin “Axşama doğru” filmi Azərbaycanda müəyyən qədər həm kinonun, həm də qısametrajlı filmlərin inkişafına təsir edəcək. Hamı düşünür ki, tam filmlə hansısa festivallar getmək lazımdır. Lakin anlamaq lazımdır ki, ilk olaraq qısametrajlı filmlə uğur qazanıb, onun üzərindən dünya təcrübəsinə əsaslanaraq, bundan sonra tammetrajlı filmlərlə uğur əldə etmək olar. 

“Axşama doğru” filmi onu göstərdi ki, ölkədə qısametrajlı filmlərin sayını artırmaq, bu cür filmlərə daha çox üstünlük verilməlidir. Bu həm də növbəti mərhələyə keçid deməkdir. Bu uğurumuzu təbliğ etməliyik. 

Digər tərəfdən də çalışmalıyıq ki, Avropa ailəsinin üzvü olaraq kinematoqrafiya sahəsində yazılmış qaydalara uyğun olaraq kino istehsalımızı həyata keçirməli, müəyyən islahatlar aparmalıyıq”. 

Kənddə kələm əkmək onunla yaşamaqdan maraqlıdır" - Sevda Sultanova ...

Kinotənqidçi Sevda Sultanova isə qeyd etdi:

“Doğrusu, Kann festivalına düşən “Axşama doğru” filmini izləməmişəm. Ancaq onu deyə bilərəm ki, Teymur Hacıyevin bundan əvvəlki iki filmini izləmişəm. “Şanxay, Bakı”, “Duz, istiot zövqə görə” adlanan filmlər də qısametrajlı filmlərdir və hər ikisi nüfuzlu festivallarda iştirak edib.

Teymur Hacıyev çox istedadlı rejissordur. Onun kinoya yanaşması, kino texnikası çox maraqlı və özünəməxsusdur. Ona görə də “Axşama doğru” filmini izləməsəm də, düşünürəm ki, o da maraqlıdır. Yəqin ki, filmin premyerası keçiriləndə izləyə biləcəyik”.

“Film Kannda nə qədər uğur qazana bilər” sualımızı isə kinotənqidçi bu cür cavablandırdı: “Bunu demək üçün ilk növbədə festivalda olan digər filmləri izləmək lazımdır. Bundan sonra proqnoz vermək olar. Onun sənət dəyəri, üslubu, kino dili, mövzuya baxış bucağı, bütün bunlar çox əhəmiyyətlidir”.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR