ABŞ vitse-prezidenti Kamala Harrisə administrasiyada yeni vəzifə verilib. Bundan sonra o, Milli kosmik şurasının rəhbəri funksiyasını da daşıyacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə onun özü “Tvitter” hesabında məlumat yayıb.
“Mən əvvəl dediyimi təkrarlamaq istərdim. Biz yenidə Aya doğru gedirik və orada bayrağımızı sancacayıq. Ona görə Milli kosmik şurasının sədri təyin olunmağımı özüm üçün şərəf hesab edirəm”,-deyə o yazıb.
Qeyd olunur ki, hələ bu ilin fevral ayında Ağ Evdə vitse-prezident Kamala Harrisin xarici siyasətlə bağlı birbaşa məşğul olacağı sahələr açıqlanmışdı.
Xanım Harrisin üzərinə kibertəhlükəsizliyin təmin olunması, səhiyyə üzrə beynəlxalq əməkdaşlığın təmin edilməsi kimi məsələlərin kurasiyası həvalə olunub.
Kamala Harris prezident Co Baydenlə birlikdə ötən ilin noyabrında ABŞ rəhbərliyinə seçilib. O, Birləşmiş Ştatlar tarixində ilk afroamerikan və Asiya mənşəli qadın vitse-prezident sayılır. Bundan daha öncə, xanım Harris Kaliforniya ştatının baş prokuroru və həmin ştatdan ABŞ Senatının üzvü olub.
Musavat.com






