Kafir bir addımlıqda
Suriyada, İraqda, uzaq -uzaq ölkələrdə savaşan, ölən, öldürən Azərbaycan vətəndaşları bir addımlıqlarında olan Qarabağda savaşmaq belə istəmirlər. Kimlər üçünsə Qarabağda savaşmaq cihad deyil, Vətən uğrunda ölməklə şəhidlik məqamına yüksəlmək olmaz. Kimlərsə, Arazın o biri tayından gəlməli olan fitvanı gözləyirlər. Fitva isə yubanır, gəlmir.
Yaxın Şərqdə savaşan sələfi, xəvaric və təkfirçi qrupları anlamaq olur. Onlar “vətəni sevmək imandandır” hədisini yalan hesab edirlər. Onlar üçün dünyəvi Azərbaycan vətən deyil.
Onlar belə hesab edirlər ki, Azərbaycan müsəlman ölkəsi deyil, vətən deyil, vətəni sevmək kimi bir dini çağırış da səslənməyib, odur ki, bu ölkədən hicrət edib, islam ölkələrində cihad etmək və şəhid olmaq lazımdır. Onların fikrincə, şərab satılan Qarabağda müsəlmanların qətlinə göz yummaq olar. Bu qorxulu düşüncə minlərlə insanı düşüncəsiz robotlara çevirib. Onların ən çox nifrət etdikləri şüar “öncə Vətən” çağırışlarıdır.
Odur ki, İraqda baş kəsən Azərbaycan vətəndaşı olan təkfirçilər doğma torpaqlarında savaşmaq istəmirlər.
Lakin Azərbaycan əhalisinin mühüm hissəsini təşkil edən şiələrin alimlərindən də səs çıxmır. Onların nə cihad çağırışları eşidilir, nə də dünya şiələrini Qarabağı azad etməyə çağırırlar.
Bəziləri hesab edir ki, Qarabağda cihad etmək üçün heç bir əsas yoxdur. Ümumiyyətlə, cihad elan edilməsinə hazırda islam alimlərinin özlərinin də münasibəti birmənalı deyil.
Hər özünü “İslam alimi” elan edən təkfirçi cihad elan edə bilməz. Odur ki, bu gün uzaq bir ölkədə oturan, kimliyi bəlli olmayan bir “təkfirçi alimin” çağırışına yüzlərlə Azərbaycan gəncinin qoşulmasının nə dini hökmlərə, nə də cihada heç bir bağlılığı var.
“Cihad anlayışı”na İslam məzhəblərinin fərqli baxışları mövcuddur. Odur ki, bu məsələnin müzakirəsinin özü də gərginlik yarada bilər. Məsələ kimin haqlı, kimin haqsız olduğunda da deyil. Lakin dini siyasi alverə çevirmək istəməyən istənilən ilahiyyatçı təsdiqləyə bilər ki, bu gün Suriyadan, İraqdan səslənən cihad çağırışının heç bir dini əsası yoxdur. Azərbaycanlıları bu ölkələrə çağırıb, ölümə göndərmək də dinə söykənmir.
Azərbaycanlıların özlərinin torpaqları işğal edilib.
Lakin problem təkfirçilərlə bitmir. İraq, Suriya, Fələstinlə bağlı fitva verən şiə alimləri, müctəhidlər, mərcəyi - təqlidlər Qarabağa axıdılan müsəlman, şiə qanına bu qədər seyrçi qalırlar. Fələstin, Qəzza üçün göz yaşları axıdan Türkiyə hakimiyyəti “bir millət, iki dövlət” olan Azərbaycanlı qardaşlarının ermənilər tərəfindən qətlinə bu qədər biganə yanaşır.
Əslində din, millət, məzhəb təəssübkeşliyi hamını Qarabağa axışmağa, bu müsəlman yurdu uğrunda savaşmağa vadar edir. Qarabağda yaşayan minlərlə müsəlman zorla torpaqlarından çıxarılıb. Hər gün Qarabağda Azərbaycan əsgərinin və dinc sakinlərinin qanı axıdılır. Lakin nə sələfi və digər təkfirçilər, nə şiə icmaları, nə də ki türk qardaşlarımız tərəfdarlarını Qarabağ savaşına çağırmağı ağıllarından belə keçirmirlər. Təkfirçiləri anladıq. Şiə müctəhidlərinin öz məzhəb qardaşlarının ölümünə bu dərəcədə seyrçi qalmasına nə ad verək? Görünən budur ki, Qarabağdakı müsəlman qadınlarının qeyri-müsəlman işğalçıların girovunda qalması çox az adamı maraqlandırır.
Suriya və İraqda döyüşən təkfirçiləri uzaq ölkələrdə “cihad” adı altında terror, partlayışlar törədərək, dünyada müsəlmanları vəhşi kimi qələmə verməyi özlərinə rəva bilirlər, vətəni qorumağı isə şənlərinə sığışdırmırlar. Şiə alimləri də deyəsən ermənilərin xətrinə dəymək istəmir.
Azərbaycan insanı inanclıdır. Sadəcə olaraq, ruhani xadimlər xalqın dini maraqlarının təmin olunmasında önəmli rol oynaya bilmirlər və bunu istəmirlər. Çünki Azərbaycanın tanınmış ruhani xadimlərinin önəmli hissəsi xarici qüvvələrin, eyni zamanda hakimiyyətin nəzarətindədir.
Azərbaycan dindarının önəmli hissəsinin dini rəhbəri olan müctəhidlərdən, rəhbərlərdən Qarabağa dair mövqelərini nəzərdən keçirtməyi tələb etmək haqqı var.
İnanclı insanlar Qarabağ savaşında misilsiz qəhrəmanlıqlar göstəriblər. Bunu təkrar etmək iqtidarındadırlar. Qarabağın azadlığı uğrunda vuruşaraq şəhid olmaq diktator Bəşər Əsədin hakimiyyəti uğurundakı döyüşlərdə ölməkdən daha şərəflidir.
Bu gün qan tökmək istəyənlərə meydan var - bu Qarabağdır. Bir türk - İslam torpağı işğal olunub. Din alimləri isə bunu görmək belə istəmirlər...






