İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kafedə işləsə, başını kəsərəm” - qayınanası və qayınatasını öldürən ömürlük məhkumun narazılığı

2184 21.05.2017 17:12 Kriminal A A

Qayınanasını, qayınatasını tüfənglə öldürən, arvadını isə 5 yaşlı qızının gözü qarşısında vəhşicəsinə döyən şəxsin şikayəti təmin edilməyib.

Musavat.com xəbər verir ki, bir müddət əvvəl iki nəfəri öldürməkdə təqsirləndirilərək 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Həsənov Bayram Mirzağa oğlunun vəkili apellyasiya şikayəti vermişdi.

Cəzası azaldılsa da, sonradan artırıldı

Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılaraq B.Həsənovun ömürlük azadlıqdan məhrumetmə cəzası qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdi. Bu qərardan dövlət ittihamçısı kassasiya protesti vermiş və Ali Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin hökmünü ləğv edərək cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarmışdı.

İşə növbəti dəfə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qəbul edilən qərara görə, 1978-ci il təvəllüdlü Bayram Həsənovun ömürlük azadlıqdan məhrum edilməsi cəzası qüvvədə saxlanılıb.

İttihama görə, Bayram Həsənov 2006-cı ildən qeyri-rəsmi nikahda olduğu, 2013-cü ilin noyabr ayından ayrı yaşadığı Gülnar Hüseynovanın atası Nəzər Hüseynovdan torpaq sahəsi almaq üçün 2011-ci ildə 8900 manat pul götürüb. Pulun üstünə 2100 manat da qoyaraq Novxanı kəndində torpaq sahəsi alıb. Razılığa əsasən torpaq sahəsi Nəzər Hüseynovun adına sənədləşdiriləcəkmiş. Amma B.Həsənov torpaq sahəsini Nəzər Hüseynovun yox, Gülnar Hüseynovanın adına rəsmiləşdirəcəyini deyib.

İttihamda qeyd edilir ki, bu zaman qayınatası B.Həsənovdan pulunu geri istəyib. Aralarında yaranmış mübahisə zamanı Bayram Həsənov Nəzər Hüseynovu, onun arvadı Rəfiqə Hüseynovanı xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürüb həmin pulu qaytarmaqdan yaxa qurtarmaq qərarına gəlib.

Ata yaralı vəziyyətdə qızına köməyə gəlib

B.Həsənov tüfəngdən əvvəlcə Rəfiqə Hüseynovanın göz nahiyəsinə atəş açıb. Ardınca qayınatası Nəzər Hüseynovu vurub. İttihamda yazılır ki, B.Həsənov yaralı vəziyyətdə ona müqavimət göstərən qayınatasına əsa ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Bundan sonra Bayram Həsənov cinayət əməllərini davam etdirərək, həmin vaxt valideynlərinin öldürüldüyünü görən Gülnar Hüseynovanı azyaşlı qızı Aytacın gözləri qarşısında öldürmək qərarına gəlib. Əvvəlcə əlindəki tüfəngin qundağı ilə, sonra da yumruq və təpiklə, əlindəki əsa ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Bu zaman yaralı vəziyyətdə olan Nəzər Hüseynov qızı Gülnarın köməyinə gələrək Bayram Həsənova müqavimət göstərib. Gülnar Hüseynov bu qarışıqlıqdan istifadə edərək evdən qaçıb.

Bayram Həsənov ona verilmiş ömürlük cəzadan narazı qalaraq apellyasiya şikayəti vermişdi. Onun müdafiəçisi apellyasiya şikayətində hökmün dəyişdirilərək məhkum barəsində təyin olunmuş ömürlük azadlıqdan məhrumetmə cəzasının müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş edib.

Vəkil qeyd edib ki, Bayram Həsənovun odlu silahla iki nəfər şəxsi qəsdən öldürməsi mübahisə doğurmur, lakin ona elan olunan ittihamın həcmi ibtidai istintaq orqanı tərəfindən süni surətdə artırılıb. Müdafiəçinin fikrincə, Bayram Həsənova digər ağırlaşdırıcı əlamətlərə görə ittiham elan edilməsi qanunaziddir.

Ömürlük cəzadan narazılıq

“Bayram Həsənov Rəfiqə Hüseynovanı və Nəzər Hüseynovu aralarında baş vermiş münaqişə və hadisələrin təsadüfü axarı zəminində odlu silahla vurub. Lakin həmin vaxt Gülnar Hüseynova və onun azyaşlı qızı Aytac Həsənova başqa otaqda olub, onların həyatı üçün hər hansı bir təhlükə mövcud olmayıb. Həmçinin, Bayram Həsənov Rəfiqə Hüseynovaya tərəf atəş açarkən, Nəzər Hüseynovun həmin otaqda olması və onun həyatı üçün də təhlükə yaranması halı da həqiqətə uyğun deyil. Cinayətin ümumi təhlükəli üsulla törədilməsi kimi qiymətləndirilməsi də düzgün olmayıb. Müdafiə etdiyim şəxsin əməlində xüsusi amansızlıqla adam öldürmə cinayətinin əlamətləri mövcud deyil.

Həmçinin Bayram Həsənov bu cinayəti tamah niyyəti ilə törətməyib. Bayram Həsənov pulu qaytarmaq üçün torpaq sahəsinin satılmalı olduğunu deyib. Bayram Həsənovun nə əvvəl, nə də sonra Gülnar Hüseynovanı öldürmək niyyəti olmayıb. Tüfəngdə iki patron da olub. Bu faktın özü Bayram Həsənovun Gülnar Hüseynovanı öldürmək qəsdinin olmasını təkzib edir. Əgər istəsəydi, onu da öldürə bilərdi” - deyə vəkil şikayətini əsaslandırarkən deyib.

Bayram Həsənov məhkəmədə ifadəsində deyib ki, Gülnar Hüseynova ilə yola gedə bilmədiklərindən 2012-ci ilin noyabr ayında ayrılıblar. O, hadisə baş verən gün yaşananlardan danışarkən qeyd edib: “31 dekabr 2013-cü ildə Gülnara zəng elədim. Bir həftə əvvəl yol qəzasına düşdüyümü, qızım Aytacı görmək istədiyimi dedim. Gülnar səhər uşağı əvvəl birlikdə kirayədə yaşadığımız Novxanı kəndindəki evə gətirəcəyini dedi. Gülnar anası Rəfiqə, atası Nəzər və qızım Aytacla evə gəldilər. Oturub çörək yedik, Nəzərlə hərəyə 100 qram araq içdik. Aytaca və Gülnara aldığım hədiyyəni və bayram münasibətilə ayırdığım 100 manatı verdim. Söhbət əsnasında Nəzər yenə həmin torpaq sahəsindən danışdı. Torpağı onun adına keçirməyimi ya da pulu geri qaytarmağımı istədi. Dedim ki, satıb pulunu qaytararam. Sonra mətbəxə keçib Gülnara qızımla birlikdə mənimlə qalmalarını təklif etdim. Bu vaxt anası Rəfiqə də mətbəxə gəldi və bizə danışmağa imkan vermədi. Dedi ki, “mən sağ olduğum müddətdə sizə tək qalmağa imkan verməyəm”. Dedi ki, Gülnara kafedə ofisiant işi tapacaq”.

“Gülnar kafedə işləsə, başını kəsərəm”

Bayram Həsənov ifadəsində deyir ki, qayınanasının bu sözlərindən qəzəblənib: “Mən də dedim ki, Gülnar kafedə işləsə, başını kəsərəm. Qayınanam qaytdı ki, artıq Gülnarı kafedə işə düzəldib. Dedi ki, əgər bacarıramsa, başını kəsim. Sonra ölülərimi söyməyə başladı. Anamın ölümündən bir il keçməmişdi, bu söz məni bərk qəzəbləndirdi. Gedib dəhlizdə ayaqqabı şkafının altında gizlətdiyim tüfəngi çıxarıb Rəqifə və Nəzərin olduqları otağa gəldim. Gülnar qarşıma çıxıb tüfəngin lüləyini öz sinəsinə sıxaraq yalnız onu vurmağımı istədi. Bu zaman Rəfiqə “burax şərəfsizi, vursun” dedi. Üzümə tüpürdü, əli ilə üzümü cırmaqladı. Bir dəfə tavana atəş açdım. Onlar məni itələyərək, evdən bayıra çıxardılar. Gülnar anası və atasını sakitləşdirməyə çalışarkən Rəqifənin telefonla polisə zəng etdiyini eşitdim.

Gülnardan xahiş etdim ki, anasını razı salsın ki, polisə zəng etməsin. Amma Rəfiqə söyüş söyməyə davam elədi və artıq polisə xəbər verdiyini dedi. Qapıya təpik vuraraq içəri girdim və atəş açdım. Rəfiqənin başından dəydiyini gördüm. Halım pisləşdi. Yerə oturanda Nəzərin üstümə gəldiyini gördüm. Mənə “ay alçaq, sən bunu öldürdün” dedi. Nəzərin boynunun arxa tərəfindən vurdum”.

“Ailəmin dağılmasında günahkar qayınanam olub”

Bayram Həsənov arvadını öldürmək niyyətinin olmadığnı söyləyib: “Bu vaxt Gülnar otağa girəndə onu tutdum ki, atası ilə anasını görməsin. Gülnar qışqıranda ona yumruqla vurdum. Birdən evin qapısının açıldığını, Nəzərin çölə çıxdığını gördüm. Arxasınca çıxanda yerə yıxıldığını gördüm. Bu vaxt Gülnar olduğu otağın pəncərəsini açıb evdən qaçmaq istədi. Gülnarı çəliklə və yumruqla vurdum. O, huşunu itirdi. Sonra hasardan tullanaraq qaçdım. Ailəmin dağılmasında günahkar qayınanam olub”.

Zərərçəkmiş Gülnar Hüseynova isə məhkəmədə deyib ki, keçmiş əri anasını öldürdükdən sonra atasını yaralayıb: “Atam hələ ölməmişdi. Ona çəliklə vururdu. Dedi ki, “bax gör indi sənin qızının başına nə oyun açacam”. Məni əlləri ilə boğmağa başladı. “Skoç”la əllərimi bağlamaq istədi, amma “skoç”u aça bilmədi. Atam yaralı vəziyyətdə ayağa qalxıb Bayramla əlbəyaxa dalaşmağa başladı. Mən özünü toparlayıb evdən bayıra çıxdım. Həyətin girişində atamı yerə yıxılmış vəziyyətdə gördüm. Bayram onun başına çəliklə vururdu. Qızım Aytac da evin içində qalmışdı. Evin arxa tərəfinə qaçdım. Hasardan qonşunun həyətinə tullandım. Qonşular məni evə buraxdı. Sonra polisə xəbər verdik”.

Məhkəmənin yekun qərarında qeyd edilir ki, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfərin həyatdan məhrum edilməsinə cəhd olunub. Cinayətin baş verməsi nəticələrinin ağırlığı və odlu silahdan istifadə edilməklə törədilməsi onun ictimai təhlükəlilk dərəcəsini xarakterizə edir. Cinayətin baş vermə səbəb və şəraitini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi üsulunu, baş vermiş nəticənin ağırlığını nəzərə alan məhkəmə kollegiyası məhkuma təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasının müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini məqsədə müvafiq hesab etməyib.

Qeyd edək ki, Bayram Həsənov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.7, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinir.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR