İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlərin qurultayı bitdi, söz-söhbət niyə bitmir? - rəylər

1730 27.09.2022 09:50 Media A A

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində jurnalistlərin VIII qurultayı keçirildi. Mətbuat Şurasının İdarə Heyəti, Nəzarət Təftiş Komissiyası təzədən formalaşdırıldı.

Qurultay başa çatsa da, bəzi söz-söhbətlər baş qaldırdı. Bu da İdarə Heyətinə seçilmiş jurnalist Niyaz Niftiyevlə bağlı oldu. O, seçildikdən bir gün sonra işlərinin çoxluğunu səbəb gətirərək istefa ərizəsini rəhbərliyə təqdim edib.

İddia olunur ki, qurultaydan sonra İH üzvü, Jurnalist kvotasından seçilmiş Niyaz Niftiyevin istefa verməsindən sonra onun yerinə İctimaiyyət Nümayəndələri kvotasından namizəd olan  Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyevin təyin edilməsi qaydalara uyğun deyil.

Həmçinin MŞ-nin keçmiş sədri Əflatun Amaşovun qurultay öncəsi “Xalq qəzeti”nin baş redaktoru təyin edilməsi faktının kvotalar məsələsində nəzərə alınmaması tənqid edilir.

Bütün bunlarla əlaqədar Azərbaycan Mətbuat Şurası xüsusi məlumatla çıxış edib.

Həmin məlumatı təqdim edirik:

“Azərbaycan jurnalistlərinin sentyabrın 24-də keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmiş Niyaz Niftiyev bu gün işlərinin çox olması ilə bağlı istefa ərizəsini təqdim edib. Bununla əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib. MŞ sədri, ”525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gündəlikdə duran məsələ barədə məlumat verib. O, Niyaz Niftiyevin istefa ərizəsinə həssas yanaşılmasının vacibliyini şuranın strukturunun və gələcək fəaliyyət bölgüsünün tənzimlənməsini tezləşdirmək baxımından əsaslandırıb.

Məsələ müzakirəyə çıxarılarkən bildirilib ki, N.Niftiyev VIII qurultayda jurnalistlərin namizədi kimi İdarə Heyətinə seçilib. İH üzvü seçilmiş Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru təyin edildiyindən, həmçinin uzun illər MŞ-yə jurnalistlərdən olan namizəd kimi rəhbərlik etdiyindən, onun jurnalist nümayəndələrinin sırasına daxil olunması qərara alınıb.

MŞ İdarə Heyəti ictimaiyyət nümayəndələrindən ən çox səs toplamış növbəti namizəd - Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyevanın İdarə Heyətinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edib".

Oxu.az - Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub  adamam - MÜSAHİBƏ

Rəşad Məcid: “Mən tənqidləri qəbul edən insanam, amma...”

Yaranan suallarla, narazılıqlarla bağlı MŞ-nin yeni sədri Rəşad Məcidlə əlaqə saxladıq. O, öncə qurultayın nəticələri barədə danışdı: “2003-cü ilin mart ayında Mətbuat Şurasının yaradıldığı - Azərbaycan Jurnalistlərinin I Qurultayı çox qalmaqallı keçmişdi. Təsəvvür edin ki, qurultayı gecə saat 2-də bitirdik. O qurultayda əsas prosesləri idarə edən mən olmuşam. Bütün prosesləri yaxından izləmişdim. Ondan bəri demək olar ki, bütün qurultaylarda idarəedicilər sırasında idim. Bəlkə də ilk qurultay idi ki, başlayandan sona qədər zalda oturdum, gedişatı müşahidə etdim. Neqativ fikirlərə hər zaman rast gəlmək olar. Amma indi kimsə neqativ fikirlər deyirsə, mənə elə gəlir ki, bir az qərəzlə yanaşır. Orada hər şey hamının gözü qarşısında baş verdi. Nəticələr açıqlananda sürprizlər çox oldu. Bir neçə arzuolunan və tanınan media rəhbərləri var idi ki, İdarə Heyətinə düşə bilmədi. Bu baxımdan, hesab edirəm ki, nəticələr tam demokratikdir. Qurultay nümayəndələrinin qəbul etdiyi bir nəticədir. Neqativ fikirlərin ortaya atılmasına təbii baxıram. Məsələn, üzvlüyə namizədlər olur ki, arzulayırlar, amma düşə bilmirlər. İndi doğrudan da normal bir rəqabət var idi. Nəticələr açıq göründü. Cəmiyyətin Mətbuat Şurasından gözləntiləri həddindən artıq çoxdur. İndinin özündə də deyirlər ki, mətbuatın bütün problemlərini Mətbuat Şurası həll etməlidir. Amma mahiyyət etibarı ilə Mətbuat Şurası özünütənzimləmə qurumudur. Mətbuatla hökumət, mətbuatla məmurlar, mətbuatla ictimaiyyət arasında olan gərginliklərin aradan götürülməsi və bunun məhkəməyə qədər gedib çıxmaması üçün həll yollarına baş vurulur, araşdırma aparılır. Tənqidlərin olmasına normal baxıram. Mən tənqidləri qəbul edən insanam. Amma qərəzin olması qəbuledilən sayılmaz. Biz uzun illərdir ki, mətbuatın içərisindəyik. Kimin nəfəsi nə ilə aldığını, kimin yalanla məşğul olduğunu, kim ədalətlidir, kim kin-küdurətlidir, hamısını açıq-aşkar görə bilirik. Əlbəttə, ciddi, dəyərli adamların tənqidi fikirlərinə cavab verəcəm. Amma müəyyən adamlar var ki, onların mahiyyəti bəlli deyil. Elələrinə fikir verməyə belə dəyməz. Onların tənqidlərinin əsassız olduğunu hər kəs görür. Bu dəqiqə hamının söz demək imkanı var. Hər deyilən sözü doğru saymaq düzgün deyil”.

R.Məcid indiyə qədər MŞ sədrliyinə namizədliyinin bir neçə dəfə verildiyini söylədi: “Son qurultayların birində özüm namizədliyimi Əflatun müəllimin xeyrinə geri götürmüşəm. Mətbuat təmsilçiləri arasında bu məsələ müzakirə olunanda insanlar namizədliyimi irəli sürüblər. Ona görə də bu mənim üçün o qədər də böyük sürpriz deyil. Sadəcə, indi elə gətirdi ki, bu qurultay 2022-ci ilə düşdü. Mətbuat Şurasının qarşısında xeyli vəzifələr var. Onun həlli yolları çətindir. Amma hesab edirəm ki, idarə heyətinin yeni üzvləri ilə biz bunun öhdəsindən gələ biləcəyik”.

Yeni sədr yaşanan narazılıqlara bu cür şərh verdi: “O iddialar yersizdir. Orada sonuncu jurnalistlər içərisindən bir neçə səs fərqi ilə növbəti şəxs Emin Musəvi idi. İdarə heyətinin qərarı ilə yeni üzv ya Emin Musəvi, ya da bizim razılığımızla jurnalistlər tərəfindən Əflatun müəllim olmalı idi. Orada cəmi bir səslə Yeganə Hacıyeva Ceyhun Musaoğludan geri qalmışdı. Ona görə də idarə heyəti Yeganə Hacıyevanın üzv qəbul olunmasına icazə verdi. Bu həm də gender bərabərliyi məsələsidir. Hər zaman arzu etmişəm ki, idarə heyətində qadınlar daha çox təmsil olunsun. İndi də daha çox olmalarını arzu edərdik. Amma bu artıq jurnalistlərin seçimidir. Səadət xanımı təbrik edirəm. Vüsalə xanım Azərbaycan mətbuatında öz sözünü demiş sanballı bir media rəhbəridir. İctimaiyyət içərisindən də Yeganə xanımın olması çox xoş idi. İdarə heyətinin yekun qərarı ilə bu oldu. Narazı qalanlar jurnalistlər içərisindən idarə heyətinə düşən 14-cü adamdan xeyli az səs yığmışdılar. Yeganə xanımla Ceyhun Musaoğlu arasında çox cüzi səs fərqi var idi. 1 səsin olmasını və gender bərabərliyini nəzərə alaraq, belə bir qərar verdik”.

Müsahibimiz Ə.Amaşovun məlum təyinatı ilə əlaqədar seçkilər ətrafında yaranan söz-söhbətlərə də aydınlıq gətirdi: “Ola bilsin ki, son günlərdə bu nəzərə alınmalı idi. Amma bu qəfil oldu. Qurultaya bir gün qalmış belə bir təyinat verildi. Vaxt olmadı, həmin məqamda Əflatun müəllim jurnalistlər içərisinə salınsa, çox yaxşı olardı. Amma mənə elə gəlir ki, idarə heyəti olaraq, bunu korrektə etdik. Normal da nəticə oldu. Hamı gördü ki, seçkilər demokratik keçirildi. Say komissiyasının tərkibi qurultay iştirakçılarının istəkləri ilə 7 nəfərdən 9 nəfərə qaldırıldı. 2 saata yaxın onlar çox diqqətlə səsləri saydılar. Say komissiyasının üzvlərinin hər birinə təşəkkür edirəm. İdarə heyəti üzvlərini təbrik edirəm. Əflatun Amaşovun qurultay getdiyi müddətdə cənab Prezident tərəfindən Fəxri Diplomla təltif olunması həm də Mətbuat Şurasına bir etimad idi. Bu həm də Mətbuat Şurası qarşısında bir öhdəlikdir ki, biz cəmiyyətin bizdən olan gözləntilərini doğrultmaq istiqamətində çalışmalıyıq”.

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

Yeganə Hacıyeva: “Əlavə fikir bildirməyə əsas görmürəm”

Y.Hacıyeva məsələyə artıq şərh verməyi lazım bilmədi: “Mətbuat Şurası artıq vəziyyəti tam izah edən bəyanatını yayıb. Bunlar kifayətdir. İnşallah, gələcəkdə görəcəyimiz işlər, planlarımızla bağlı jurnalist dostlarım suallarını ünvanlasalar, məmnuniyyətlə cavablarıq. Amma dediyim kimi, bu mövzuda əhatəli açıqlama yayıldığı üçün əlavə fikir bildirməyə əsas görmürəm”.

MŞ-nin İdarə Heyətinin yeni üzvləri də danışıblar. "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki, jurnalistlərin səkkizinci qurultayı həm maraqlı, həm də demokratik mühitdə keçirilib. Onun sözlərinə görə, birinci qurultaydan bəri heç bir qurultayda Azərbaycan jurnalistləri bu cür həyəcan və adrenalin yaşamayıb:

 “Qarşımızda mətbuatın problemləri var. Ancaq Mətbuat Şurasının əlində sehrli dəyənək yoxdur ki, bunların hamısını bir gündə həll etsin. Bir sıra problemlər birbaşa Mətbuat Şurasına aid olmadığı üçün şura bunları asanlıqla həll edə bilmir. Qarşımızdakı 4 illə bağlı fəaliyyət planı üçün müəyyən təklifləri dəyərləndiririk ki, bir yol xəritəmiz olsun. Düşünürəm ki, jurnalistlər cəmiyyətin nümunəvi hissəsi və aynasıdır. Ayna sınmadı, yerindədir və bu yöndə fəaliyyətimizi davam etdirəcəyik”.

Hacıbəy Heydərli vəzifəyə seçildi | Shownews.az

 Hacıbəy Heydərli 

“Azxeber.com” xəbər portalının baş redaktoru Hacıbəy Heydərli ilk növbədə ona səs verən həmkarlarına təşəkkürünü çatdırıb: “95 səs toplayaraq 3-4-cü yerdə olmaq mənim üçün çox böyük fəxarət hissidir. Çünki orada uzun illər mətbuatda çalışıb, bütün ömrünü jurnalistikaya həsr etmiş peşəkar insanlar var idi. Onlarla rəqabət aparmaq və onların içində özünəməxsus yer tutmaq məni bir gənc jurnalist kimi çox sevindirdi. Amma təbii ki, əsas idarə heyətinə seçilmək idi. Bu məsələdə mənə etimad göstərənlərə təşəkkürümü bildirirəm. Əlimdən gələni edəcəyəm ki, onların ümidlərini, etimadını doğruldum”.

Hacıbəy Heydərli düşünür ki, 8-ci qurultay hələ uzun müddət jurnalistlərin yaddaşında qalacaq:

“Qurultaya qədər olan mərhələdə 46 namizədin bir çoxunun Mətbuat Şurasının İdarə Heyətinin tərkibinə düşmək üçün apardığı mübarizə Azərbaycan mətbuatının gələcəyinə olan inamın göstəricisidir. Çünki ötən ildən başlayaraq media islahatları aparılırdı və Mətbuat Şurası bu proseslərdən geri qalırdı. Mətbuat Şurasının yeni İdarə Heyətindən cəmiyyətimizin və jurnalistlərimizin çox böyük gözləntiləri vardı. Bu səbəbdən şuranın qurultayında olan ab-hava həmin o gələcəyə olan inamın göstəricisi idi. Burada çox demokratik ab-hava var idi.

 Arzulayırıq ki, Mətbuat Şurası yenidən jurnalistlərin inandığı doğma məkana çevrilsin. Bu baxımdan deyə bilərəm ki, hələ çox böyük yolumuz var. İstək və arzularımız, məqsədlərimiz çoxdur. Məqsədə çatmaq üçün əlimdən gələni edəcəyəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR