Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Musavat.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilir.
Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.
Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.
Prosesdə məlum oldu ki, zərərçəkmiş tərəf kimi tanınan Media İnkişaf Fondu mülki iddia verib.
Onlar mülki iddia ərizələrində dəymiş ziyanla bağlı 18 milyon manata yaxın məbləğin təqsirləndirilən şəxslərdən alınaraq Media İnkişaf Fondunun xeyrinə ödənilməsini istəyiblər.
Daha sonra məhkəmədə Vüqar Səfərlinin rəhbərliyi altında mühasib işləmiş Təhminə Yaqubova ifadə verib.
Onun ifadəsində ziddiyyətlər olduğundan istintaqda verdiyi ifadəsi elan edilib.
Məlum olub ki, T.Yaqubova KİVDF-də jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, Vüqar Səfərlinin xanımının adına olan qəzetə vəsait ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.
T.Yaqubova həmçinin jurnalist olmadığı halda ona verilən mənzil barədə də suaları cavablandırıb. Deyib ki, Vüqar Səfərli onun ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq ona mənzil verib.
Amma Təhminə Yaqubova prokurorun elan etdiyi bu ifadə ilə razılaşmayıb. Deyib ki, istintaq zamanı iki dəfə ifadə verib. Birinci ifadəsini oxusa da ikincini oxumayıb.
Əlavə edib ki, bir jurnalistlər üçün keçirilən tədbirlərdə iştirak edənlər barədə məlumatı olmadığı halda qonaqların sayı ilə bağlı dəqiq rəqəm deməsi mümkün deyil: "Yazılıb ki, mən 450 qonaq yazıldığı halda 250 nəfərin iştirak etdiyini demişəm. Mən tədbirdə kimlərin iştirak etdiyini bilmirdim. Mənə sadəcə say deyilirdi, qeyd edirdim. Həmçinin Vüqar Səfərlinin xanımının adına olan qəzetə pul ayrılması ilə bağlı "Vüqar Səfərli həmin qəzetə vəsait ayırmağa nail olmuşdu" kimi ifadə də səsləndirməmişəm. İkinci ifadə yazılanda dedilər ki, birinci ifadədir, imzala. Mən də imzaladım".
Prokuror qeyd edib ki, Təhminə Yaqubova istintaqda verdiyi birinci ifadəsini oxuduğunu etiraf edib. Prokuror bildirib ki, elə məhkəmədə elan edilən ifadə Təhminə Yaqubovanın birinci verdiyi ifadədir.
T.Yaqubova bu haqda başqa heç nə deyə bilməyəcəyini söyləyib. Prosesdə daha sonra təqsirləndirilən şəxs qismində Dünyamin İsmayılov dindirilib.
O ifadəsində bildirib ki, uzun müddət tikinti sahəsində çalışıb: "10 ilə yaxın Milli Təhlükəsizlik Nazirliyində Tikinti İdarəsində mülki işçi kimi çalışmışam. Daha sonra Nazirlər Kabineti tərəfindən nazirlikdə xadiməçilərdən başqa mülki işçilərin çalışmasına qadağa qoydular. İşdən çıxdım. Bir müddət işsiz qaldım. 2014-cü ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunda çalışmağa başladım. Həmin vaxt fondun rəhbəri Vüqar Səfərli ilə görüşdüm və Fondun Tikintiyə Nəzarət şöbəsinə işə alındım. Mən işə gələn zaman artıq jurnalistlərin ikinci binasının yarısı tikilmişdi".
D.İsmayılov bildirib ki, prokurorluqda çox səmimi söhbət edib: "Heç bir yalan danışmamışam. Mən heç kimlə əlbir olmamışam. Burada məni əlbirlikdə ittiham etdiyiniz çox adamı heç görməmişəm, tanımamışam. Mən maaşdan başqa heç bir əlavə gəlir almamışam. Bəzən binalarda nöqsanlar olurdu. Mələsən, layihədə binada parket vurulması qeyd olunsa da, laminat vururdular. Bununla bağlı rəhbərim Vüqar Səfərliyə məlumat vermişəm. O da məsələdən xəbərinin olduğunu dedi".
Amma məlum olub ki, D.İsmayılov istintaqda fərqli ifadə verib. Bildirib ki, binanın tikintisi aparan şirkət əslində Əli Həsənova məxsus olub: "Nadir Məmmədov formal olaraq orada direktor idi. 3-cü binanın tikintisi zamanı Nadir Məmmədov binanın direktorluğundan çıxarılıb, onun yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gətirildi. Lakin o, işi bacarmadığından yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı mən binada xeyli sayda nöqsanlar aşkarladım. Bununla bağlı rəhbərliyə məlumat verdim. Əli müəllim də 3-cü binanın tikilişi zamanı həftədə bir dəfə binaya gəlirdi. İşlərin gedişatı ilə maraqlanırdı. Mən o zaman nöqsanlarla bağlı Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim. O da Nadir Məmmədova öz tapşırıqlarını verdi. Binada nöqsanlar var idi. Məsələn, binada yerlərə parketin vurulması nəzərdə tutulmuşdusa, yerə laminat vurmuşdular. Lakin qiymətləndirmədə parketin qiyməti yazılmışdı. Daha sonra binada istifadə olunacaq materiallar brend mallar qeyd olunsa da, Çin istehsalı olan mallardan istifadə olunmuşdu. Bundan başqa, layihədə pəncərə altlıqlarını mərmərdən göstərsək də, plastikdən vurulmuşdu. Divarların parça oboydan vurulması nəzərdə tutulsa da, kağız oboydan istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərə Əli Həsənovun nəzarət etdiyini, bu cür işlərə qarışmamağı tapşırmışdı".
Lakin bütün bunlara rəğmən D.İsmayılov istintaqda Əli Həsənovun adını çəkmədiyini deyib.
Qeyd edək ki, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib. Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyiblər. Dəymiş zərərdən ən çox məbləğ ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.
Xatırladaq ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.
Bundan başqa Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının da üzərinə həbs qoyulub.
- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza
- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi
-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil
- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev
- “Mercedes Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.
Bunlardan başqa Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və yenə də oğlunun adına Xətai rayonunda olan obyektin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.
İlkin Muradov,
Musavat.com






