İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər prezidentin açılışını etdiyi gəmilərdə - reportaj

870 17.12.2019 11:37 Reportaj A A

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” media nümayəndələrini “Azərbaycanın sulardakı hakimiyyəti” ilə tanış etdi

Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan ilk tankerin istismara verilməsi, RoPax tipli “Azərbaycan” bərə-gəmisinin tikintisinin növbəti mərhələsinin davam etdirilməsi üçün suya salınması mərasimi keçirildi. 

Mərasimdən sonra bir qrup media nümayəndələrinin Bakı Gəmiqayırma  Zavoduna mediaturu təşkil olunub.

“Yeni Müsavat”ın əməkdaşının da qatıldığı mediaturda gəminin kapitanı Elmar Səlimov jurnalistlərə məlumat verib ki, özünəməxsusluğu ilə seçilən “Laçın” adlı gəmi Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib: “Gəminin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub və ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker iki ədəd ”Wartsila" istehsallı mühərriklə təchiz edilib.

“Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi əsasında bu tip daha üç tankerin tikintisi aparılır".

Sonra jurnalistlər inşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan RoPax tipli  “Azərbaycan” bərə-gəmisi  ilə tanış olublar.

Media nümayəndələrinə məlumat verilib ki, bu gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.

Qeyd olunub ki, unikal RoPax tipli gəmi-bərənin uzunluğu 154,50, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir.  Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb.

"Xəzər Dəniz Gəmiçiliyi“ QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev jurnalistlərə bildirib ki, ”Azərbaycan" RoPax tipli bərə gəmisi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli bərə gəmisi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək: “Son illər ölkədə nəqliyyat-logistika və tranzit yükdaşımaları sahəsinin inkişafı istiqamətində prezident İlham Əliyev tərəfindən irimiqyaslı layihələr və vacib islahatlar həyata keçirilir. Bu tədbirlər nəticəsində nəqliyyat-logistika və tranzit yükdaşımaların ən önəmli sahələrindən olan gəmiçilikdə də müsbət nəticələr əldə edilib. Təkcə son 6 ildə prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ASCO tərəfindən 20 gəmi alınıb.

ASCO gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı Gəmiqayırma Zavodunun imkanlarından geniş istifadə edir. İndiyədək sözügedən zavodda ASCO-nun sifarişi ilə 1 liman-yedək və 3 sərnişin gəmisi tikilərək təhvil verilib. Bundan əlavə, 2016-cı ilin sonunda vaqon-TİR və sərnişin daşınması üçün nəzərdə tutulan 2 ədəd RoPax/Bərə tipli gəmilərin və maye yüklərin daşınmasını təmin edən 2 ədəd tankerin inşası üzrə ASCO ilə zavod arasında müqavilə imzalanıb. 2019-cu ilin fevralında daha 2 ədəd eyni tipli tankerin tikintisi üzrə ASCO tərəfindən Bakı Gəmiqayırma Zavodunda sifariş yerləşdirilib.

Bu gəmilərin tikintisinin 70%-i ASCO-nun mənfəəti, digər 30%-i isə dövlət investisiyası hesabına maliyyələşir.

Bununla belə, ASCO-nun donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var".

M.Mehdiyev həmçinin bildirib ki, gələn il “Kəlbəcər” adlı tankerin istifadəyə verilməsi gözlənilir: “Sözügedən tanker ”Kəlbəcər" adı altında təqdim olunacaq. Gəminin texniki imkanları ona icazə verir ki, maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etsin. Bu gün Xəzər Dəniz Gəmiçiliyinin dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmimiz var. Onlardan 12-si quru yük gəmisi, 2-si isə tankerdir".

M.Mehdiyev onu da əlavə edib ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının tankerlərə verilən adları tamamlanır.

Bakı Gəmiqayırma Zavodunun baş meneceri İmanverdi Həsənov jurnalistlərə məlumat verdi ki, zavodda bir tankerin hazırlanma xərci 14 milyon dollardır: “Bərə isə 41 milyon dollara başa gəlir. Hazırda zavodda 6 layihə icra edilir. Onlardan 4-ü tanker, 2-si isə bərə gəmisinin inşasıdır. Bir tanker artıq istifadəyə verilir, digərləri layihəyə uyğun vaxtda təhvil veriləcək. Yeni zavodlarda bu tipli gəmilərin inşa vaxtı və xərci çox çəkir. Amma köhnə zavodlarda avandalıqla təchizat olduğu üçün nisbətən ucuz və qısa vaxtda gəmilər inşa edilir. ”Laçın" tankeri ən müasir tələblərə uyğun tikilib. Texniki imkanlarına görə digərlərindən fərqlənir" .

Baş menecer qeyd edib ki, əgər xarici ölkələr belə gəmilərin hazırlanması ilə bağlı sifariş verərsə, icra edilə bilər: “Zavodun idarəetmə heyəti 100 faiz azərbaycanlılardan ibarətdir. Hazırda zavodda 1390 azərbaycanlı işçi çalışır. Əcnəbi işçilər isə 5 faizdir, haradasa 200-ə yaxındır, onlar da podratçı şirkətlərdə çalışanlardır. Lakin 2013-cü ildə zavod açılanda yerli işçilərin sayı 200 nəfərdən çox deyildi”.

İmamverdi Həsənov bildirib ki, “Bakı Gəmiqayırma Zavodu” MMC-də qonşu ölkələrdən gətirilən gəmilər də əsaslı təmir olunur:  “Həmçinin zavodda Qazaxıstandan gətirilmiş yarımçıq 3 gəminin müəyyən hissələrinin yekun tamamlanma işləri aparılıb. Zavodumuzun istehsal gücü böyük olduğu üçün burada uzunluğu 250 m, yük götürmə qabiliyyəti 70 min tona qədər olan tankerlər inşa etmək imkanı var. Bakı Gəmiqayırma Zavodu Xəzər regionunda yeganə zavoddur ki, belə gəmilər inşa edir. Biz xarici ölkələrdən də sifariş qəbul etməyə hazırıq", - deyə o bildirib.

Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR