Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllı şəhərinə mediatur təşkil edilib.
Musavat.com xəbər verir ki, mediaturda Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Komitənin regional mərkəzlərlə iş şöbəsinin müdiri Elşad Kərimov, Aparat rəhbəri Ceyran Rəhmətullayeva və media nümayəndələri iştirak edib. Mediaturun məqsədi yeni istifadəyə verilən İsmayıllı Uşaq və Ailələrə Dəstək mərkəzin fəaliyyət istiqaməti ilə tanış olmaqdır.
Komitə sədrinin müavini Aynur Sofiyeva deyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir:" Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fəaliyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir"
Sədr müavini əlavə edib ki, indiyədək bu mərkəzə 10 minə yaxın müraciət daxil olub və bu illərdə 39 min İsmayıllı sakini mərkəzin fəaliyyətindən bəhrələnib. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otaqlar var. Bundan əlavə, yaxın rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qruplu ailələr üçün müvafiq şərait yaradılıb".
Afaq Mirayiq,
Musavat.com






