“Jurnalistin sorğusuna cavab verməyənlərə tətbiq edilən cərimələr çox azdır” - EKSPERT
Azərbaycan jurnalistlərin ən böyük problemlərindən biri də jurnalist sorğularının aidiyyatı informasiya mənbələri, xüsusən də dövlət qurumlarının mətbuat xidmətləri tərəfindən cavabsız qalmasıdır.
Yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.
Qeyd edək ki, yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu təqdirdə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
Bəs bu qanun həqəqitən də mövcud problemin aradan qaldırılması üçün yetərli olacaqmı?
Media hüququ eksperti Ələsgər Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, cərimələrin artırılması bu sahədə hər hansı keyfiyyət dəyişikliyinə səbəb olmayacaq: “Bu günə qədər mövcud qanunvericilikdə həmin maddə var idi və hüquqi məsuliyyət nəzərdə tutulurdu, lakin buna heç kim əməl etmirdi. Əgər bu qanuna heç kim əməl etmirsə, cəriməni dəyişərək 70 manatdan 300 manata qaldırmaq heç nəyi dəyişmir. Qanunvericiliyin bu formasını tətbiq edən tərəf, yəni dövlət qurumları və bu qurumların vəzifəli şəxsləri özləri-özlərini təkzib edib, cəzalandırmazlar. İllərlə jurnalistlərin sualarına cavab verilməyib, cavablar natamam olub. Biz özümüz bu sahədə monitorinqlər keçirmişik və KİV-in suallarının cavablandırılması 5-7 faiz təşkil edib”.
Ə. Məmmədli sorğuların natamam cavablandırılmasının da məsuliyyət yaratdığını vurğuladı: “Məsələn, əgər sorğuda 5 sual varsa, həmin suallardan yalnız birinə cavab verilibsə, bu natamam cavab vermə sayılır. Bununla bağlı məsuliyyətin də ayrıca göstərilməsi zəruridir”.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev də vurğuladı ki, İXM-ə tətbiq edilən dəyişikliklər jurnalistlərin informasiya əldə etməsi məsələsində heç nəyi dəyişməyəcək: “Rüşvətxor məmurlar üçün 300-500 manat elə də böyük məbləğ deyil və sorğulara cavab verməyə də bilərlər. Bu cərimə çox azdır. Jurnalistlərə qarşı tətbiq olunan cərimələr ondan qat-qat çoxdur. Mən hesab edirəm ki, cərimə 200 manat yox - 3 min, 20-30 min manat olmalıdır. Ancaq mövcud qanunla bu mümkün deyil. Mən dəfələrlə praktikamda belə hallarla rastlaşmışam, sorğularıma cavab ala bilməmişəm. Hətta ombudsman Elmira Süleymanovaya da müraciət etmişəm, lakin heç bir nəticə verməyib. İnformasiya əldə etməklə bağlı səlahiyyətlər Ombudsman aparatına verilib. Məndə olan məlumata görə, bu vaxta qədər heç bir iş aparılmayıb. Heç bir işçi qrupu yaradılmayıb ki, jurnalistlər normal işləyə bilsinlər. Bu məsələ sadəcə cərimələrlə həll olunmur. Biz 2008-ci ildə bu məsələ ilə bağlı böyük bir təkliflər paketi hazırlayıb Prezident Aparatına təqdim etmişdik. Ancaq heç bir nəticəsi olmadı”.
Nərgiz LİFTİYEVA






