
Jurnalistin ölümündə təqsirli bilinən futbolçunun vəkili: “Günahsızdır”
Yanvarın 27-də ötən ilin avqustunda döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə həbs edilən şəxslərdən olan, “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun məhkəməsi başladı. Proses Səbayel Rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə start götürdü.
Məhkəmə, gözlənildiyi kimi, qalmaqallı başladı. Buna səbəb prosesə gələn çoxsaylı media nümayəndələrinin zala buraxılması və ardınca hakimin onlara qarşı etdiyi hörmətsizlik oldu. Belə ki, proses başlayan kimi futbolçunun vəkili Adəm Məmmədovun xahişi ilə jurnalistlərin hamısı zala buraxıldı. Lakin hakim məhkəmənin vaxtına 20 dəqiqə qaldığını bildirərək, zalı tərk etdi. Onun sözləri hər kəsin təəccübünə səbəb oldu.
Çünki məhkəmənin təyin edildiyi vaxt idi. E.Rəhimov zalı tərk etdikdən sonra təqsirləndirilən şəxsin yaxınları başqa zala keçirildilər. Sonradan məlum oldu ki, proses başqa zalda olacaq. Məhkəmə nəzarətçiləri açıq şəkildə hakimin heç bir jurnalistin zala buraxılmaması ilə bağlı göstəriş verdiyini bildirdilər.
20 dəqiqəlik prosesdən sonra hakimlər müşavirəyə getdilər. Vəkil Adəm Məmmədov məhkəmədə iki vəsatət verdiyini açıqladı: “Həbs-qətimkan tədbirinin ləğvi və Cavid Hüseynovun barəsində bəraət verilməsi ilə bağlı vəsatət verdim. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsində gedən prosesin yekunlaşmasından sonra Cavid Hüseynovun məhkəməsinin başlanması ilə bağlı vəsatətim oldu. Hesab edirəm ki, Ağır Cinayətlərdə hazırda davam edən prosesin nəticəsi məlum olmadan, bu məhkəmənin başlaması düzgün deyil. Çünki o məhkəmənin nəticəsindən bu iş çox asılıdır. Məhkəmə tarixində ilk dəfədir ki, belə hal baş verir”.
Vəkil növbəti prosesdə jurnalistlərin zala buraxılması üçün vəsatət verəcəyini də qeyd etdi: “Çünki həqiqət üzə çıxmalıdır. Burda jurnalistlərin rolu az olmayacaq. Ümumiyyətlə, o vaxt olan sosial şəbəkə yazışmalarının hamısını mətbuata verəcəyəm. Çünki o yazışmalardan sonra aydın olur ki, Cavid Hüseynov bu məsələdə günahsızdır. Hətta mərhum Rasim Əliyevin ölümündən sonra o, Elşənə məsləhət görür ki, get, polisə təslim ol. Deyirlər ki, Cavid Hüseynov bu işdə təşkilatçı olub. Amma zərərçəkmiş tərəf də bilir ki, o, bu işdə təşkilatçı ola bilməz. Əgər belədirsə, o zaman ortada sübut olmalıdır. Bunlar yoxdur. Yazışmalarda belə bu hala rast gəlinmir”.
A.Məmmədov futbolçunun işinin ayrıca icraata götürülməsinə də aydınlıq gətirdi: “Zərərçəkmiş tərəfin nümayəndəsi Əsabəli Mustafayev bu işə diqqət yetirməyib. İstintaq bitəndən sonra Cavid Hüseynovun işi ayrı icraata götürülməyib. Diqqət yetirilmədiyindən, bu cür söz-söhbətlər yarandı. İş materialları ilə tanış olma mərhələsində, artıq Cavid Hüseynovun işi ayrılmışdı. Bizdə belə hallar olur. İş cinayət materiallarının içərisində təqdim olunur. Müdafiəçi bunu oxumalı idi. Amma oxumayıb. Olduğu kimi iş təqdim olunub. Sübutların qiymətləndirilməsində, iş materiallarında cinayət işinin ayrılması ilə bağlı qərar qəbul olunur. Prokurorluq ona görə bu barədə açıqlama yaydı ki, döyülmə ilə bağlı məlum video yayıldı. Zərərçəkmiş tərəfin vəkili işlə tanış olanda, artıq Cavidin işi ayrılmışdı. Qanunvericiliyin tələblərinə görə, bu işə birlikdə baxıla bilməz. O zaman işə birlikdə baxıla bilərdi ki, digər təqsirləndirilən şəxslərlə əlbir olması, sifariş verməsi ilə bağlı ittihamlar olardı. Ona tamam başqa ittiham veriblər. Burada ilk qanunsuzluğu ibtidai istintaq edib, etməkdə də davam edir. Hökm qüvvəyə minmədən heç kimə cinayətkar demək olmaz. Digər 5 nəfər barədə də hələ hökm qüvvəyə minməyib. Həmin şəxslər barədə qərar qüvvəyə minməyincə, Cavid barədə araşdırma aparılması belə düzgün deyil. Bu məntiqdir”.

Vəkilin geniş açıqlamasının ardından proses davam etdi və tez də yekunlaşdı. Məlum oldu ki, həbs-qətimkan tədbirinin bəraət qərarı ilə əvəzlənməsi barədə vəsatət təmin olunmayıb. Digər vəsatət isə baxılmamış saxlanılıb. Növbəti proses fevralın 10-da olacaq.
A.Məmmədov məhkəmənin sonu barədə bunları dedi: “Hakim hesab etdi ki, həbs-qətimkan tədbirinin dəyişdirilməsinə heç bir əsas yoxdur. Ağır Cinayətlərdəki prosesin yekunlaşmasından sonra Cavidin işi üzrə məhkəmənin başlanması ilə bağlı vəsatətimiz isə baxılmamış saxlanıldı. Cavidin qohumları da istəyir ki, jurnalistlər prosesdə iştirak etsinlər. Çünki səhərisi gün məhkəmənin qapalı olması bəzi söz-söhbətlərə səbəb ola bilər”.
Xatırladaq ki, jurnalist Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyüldükdən sonra avqustun 9-da səhərə yaxın xəstəxanada dünyasını dəyişib. Bununla əlaqədar altı nəfər həbs olunub ki, onlardan biri də Cavid Hüseynovdur. Amma iş üzrə ibtidai istintaqın sonunda futbolçunun barəsində iş digər beş nəfərdən ayrılıb. Onlar CM-in 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Cavid Hüseynov isə yalnız Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Cavanşir ABBASLI






