Jurnalistin həyat yoldaşının ölümünə görə cinayət işi açıldı
Bir neçə gün əvvəl əməliyyat stolunda dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının yaxınları ölkədəki həkimlərdən şikayətçidir. Mərhumun həyat yoldaşı, jurnalist Anar Niftəliyev bildirir ki, həkimlərin qeyri-peşəkarlığı və insan həyatına məsuliyyətsiz yanaşması E.Tofiqqızının ölümü ilə nəticələnib. “Elnarə heç əməliyyat stoluna qalxmayıb, artıq dozada vurulmuş narkozun təsirindən keçinib. Ancaq sonradan yalandan bədənini çərtiblər ki, əməliyyat olunduğunu deyə bilsinlər. İndi istintaq gedir, prokurorluq bunların hamısını aydınlaşdırır”, - deyə o, “Yeni Müsavat”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, yoldaşının səhhətində yaranan problemlər səbəbindən əməliyyata qərar veriblər, ancaq sonradan fikrilərini dəyişiblər: “Çünki həmin problem o qədər də ciddi deyildi və ancaq yeddi-on il sonra kiçik səpkinin şişə çevrilmə riski vardı. Onun da bədxassəli olub-olmamasını indidən demək mümkün deyildi. Elnarə Milli Onkologiya Mərkəzində, Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunda müayinə olundu, həkim məsləhət bildi ki, əməliyyat olunsun. Ancaq biz bir neçə həkimlə məsləhətləşib əməliyyatdan vaz keçdik. Sonra Eksperimental Cərrahiyyə Xəstəxanasının həkimi Fərəculla İdrisova müraciət etdik. O bildirdi ki, bu, çox kiçik və qorxusuz əməliyyatdır. Bizim verdiyimiz bütün analizlərin cavabı da müsbət idi, orqanizmində heç bir ciddi xəstəliyi yox idi. Müayinələrin hamısının sənədləri var və hazırda işi aparan müstəntiqdədir. Həkim bizə yaxşı onkoloq və klinika tapacağını da bildirdi. Özü də əməliyyatda assisent kimi iştirak edəcəkdi. Biz də razılaşdıq. Əməliyyatı hərbi hospitalın həkimi, onkoloq Mahir Məmmədov etdi. Onlar məndən daha çox pul qoparmaq üçün bu oyunu qurdular. Yoldaşım artıq verilən narkoz nəticəsində öldü. Fərəculla həkim də bundan sonra aradan çıxdı”.
A.Niftəliyev deyir ki, həyat yoldaşının ölümünə səbəb olmuş həkimlər cəzalandırılmalıdır: “Çünki bu, təkcə mənim faciəm deyil, səhiyyəmizin faciəsidir. Günahkar cəzalanmasa, belə faciələr hamının qapısını döyə bilər”. O, dövlət başçısına da müraciət edəcəyini vurğuladı: “İki balamı yetim qoyan həkimlərin cəzalandırılmasını sonadək tələb edəcəm. Həkimlərin məsuliyyətdən yaxa qurtarmaq üçün bəzi cəhdlər etməsi ilə bağlı artıq məlumatlıyam. Bununla bağlı gələn həftə dövlət başçısına, səhiyyə nazirinə və baş prokurora müraciət edəcəm”.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.
Son olaraq isə bildirək ki, Elnarə Tofiqqızının ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb. Bu barədə məlumatı “aznews.az”a istintaq qrupunun rəhbəri Ələkbər Rzayev verib. Ə.Rzayevin sözlərinə görə, prokurorun göstərişi ilə açılan cinayət işinin istintaq qrupunda prokuror köməkçisi İsmayıl Rövşənov da təmsil olunur: “Elnarə Tofiqqızının ölüm səbəbini müəyyənləşdirmək üçün ekspertiza rəyini də gözləyirik. Amma bununla paralel olaraq istintaq hərəkətləri aparılır. Rəhbərlik bu məsələni xüsusi nəzarətdə saxlayır. İşin tam obyektiv araşdırılacağına heç bir şübhəniz olmasın”.






