Jurnalistikamızda ən çox rast gəlinən adlar-baş hərfi “E”…
Son günlər yeni doğulmuş qızlara oğlan adı, oğlanlara isə qız adı qoymaq məsələsi gündəmdədir. Uşağa hansı adın qoyulub- qoyulmaması ilə bağlı hansısa bir rəsmi qadağa olmasa da, elə adlar var ki, onların qoyulmaması ilə bağlı mətbuatda, televiziyalarda maarifləndirmə işləri aparılır.
Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın, sonra ananın vəzifələrindən biridir. Qoyulan adların mənası olmalı, İslam inancına və hökmlərinə uyğun olmalıdır. Uşağa ad seçərkən gələcəkdə onun adı ilə çağırılmasından utanmaması üçün valideynlər yaxşı düşünməlidir.
Ədliyyə Nazirliyindən azvision.az-a verilən məlumata görə, bu il yeni doğulan 5 oğlan uşağına Siyasət, 6 nəfərə Artyom, Ənəs, 4 oğlana Meydan , Vətən, Şikar, 3 nəfərə Məharət, Nəzir adı qoyulub. 2015-ci ildə doğulan bir oğlan uşağına Ömrüm, bir nəfərə Okean, bir nəfərə Ömə, bir nəfər Özəl, bir nəfərə Qılınc adı verilib. Qız uşaqlarına da qeyri-adi adların verilməsi halı aşkar olunub. Belə ki, bu il 6 qıza Ömrə, 6 nəfərə Asena, 7 nəfərə Havin, 7 nəfərə Arza, 4 nəfərə Ölü, 4 nəfərə Qəribə, 4 nəfərə Mesed, 4 nəfərə Mərifət, 4 nəfərə Tacirə, 4 nəfərə Mariami, 3 nəfərə Esnad, 3 nəfərə Saimat, 3 nəfərə Həkiməxanım, 3 nəfərə Leysan, 3 nəfərə Manya, 3 nəfərə Maidə, 3 nəfərə Kimyə, 3 nəfərə Biçə adı qoyulub. 2015-ci ildə 2 nəfər yeni doğulmuş qıza Cəlalət, Afərim, Alimə, Alfiya, Ani, Ana, Arəstə, Anora, Lumuxanım, Hüma, Həla, Həlilə, Gilas, Evelina, Faya, Sauda, Sinay, Şüşəxanım, Səlbi, Sevim, Serenay, Səudə, Mülayim, Mixək, Mötəbər, Narxanım, Mərməz, Nobat, Qayd, Özcan, Olivia, Xurma adı qoyulub. Qeyd edək ki, Azərbaycanda bu cür qeyri-adi və gülüş yarada biləcək adlara qadağa olmasa da digər ölkələrdə bu qadağa var. Məsələn, Fransada körpə qıza Nutella adının verilməsi qadağandır.
Çünki bu onun lağa qoyulmasına şərait yaradacaq. Hakim qıza Ella adının verilməsinə göstəriş verib. Bu adın uşağa verilməsinin qadağan edilməsinin səbəbinə gəlincə isə bunu bu cür izah ediblər: Nutella fransız evlərində tez-tez istifadə olunan şokolad kreminin adıdır və lağ, sataşma ilə nəticələnəcək belə bir adı daşımaq uşağın maraqlarına ziddir. Xatırladaq ki, Fransada valideynlər adətən uşaqlarının adlarını sərbəst seçə bilirlər, lakin yerli prokurorluq yararsız hesab etdiyi adlar barədə ailə məhkəməsinə şikayət etmək hüququna malikdir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında Azərbaycanda uşaqlara verilən müəyyən adların Ədliyyə Nazirliyinin adlar sistemindən çıxarılması ilə bağlı müzakirələr aparılır.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. S. Sadıqova Ədliyyə Nazirliyinin adlar sistemindən çıxarılması müzakirə olunan şəxs adlarının bəzilərini açıqlayıb. Həmin adlar bunlardır: Boran, Bədil, Bircan, Bəzək, Dəxil, Dalğın, Dilənçi, Dəfinə, Çervon, Çələng, Cılğız, Cicigül, Cərulla, Cığa, Cazibə, Carçı, Camo, Canrübə, Canəssa, Düymə, Ehsan, Əbabil, Əbi, Əbiş, Əda, Əcəb, Əhya, Ələs, Əlim, Əmanət, Ərəb, Ərçə, Əyalət, Əyal, Ətir, Fağır, Fani, Fəti, Fərmayiş, Gerçək, Gorus, Güldan, Haqq, Həddad, Həkkak, Həmzat.
Xatırladaq ki, Azərbaycanda son illərdə dini və türk adlarına da maraq artıb. Türk adlarından olan Ay, Dəniz, Can, Cem, Nuray, Aysu kimi adlar da geniş yayılıb.
Maraqlıdır, jurnalistikada çoxluq təşkil edən qeyri-adi adlar varmı?
Kiçik araşdırmamızdan məlum oldu ki, jurnalistika sahəsində xeyli sayda eyni adlı həmkarlarımız var. Azərbaycan jurnalistikasında çoxluq təşkil edən adlar Elşad, Elşən, Azər, Kənan, İlqar, Aygün, Aysel adlarıdır. Daşdəmir, Rey, Möhtərəm, Bətul, İttifaq, Məqsəd kimi qeyri-adi adlara sahib jurnalistlər də var.
Günel MANAFLI






