Teleqraf.com-a açıqlamasında E.Məhərrəmov Müqavimət Hərəkatının qondarma qurum adlandırıb: “Müqavimət Hərəkatının qondarma qurum olmasının sübuta ehtiyacı var? Bunun ən böyük sübutu elə adının ”Müqavimət Hərəkatı" olması, bu hərəkatın sözdə liderinin isə onu “separat, xalqdan ayrı” adlandırması deyilmi? Hansı müqavimətdən söhbət gedə bilər? Yarandığı 6 ay ərzində bu qurum kimə və harada müqavimət göstərə bilib?"
E.Məhərrəmli bu hərəkata daxil olan partiya sədrlərinin hakimiyyətin nəzarəti altında olduqlarını deyib: “Müqavimət Hərəkatına daxil olan partiyaların əksəriyyətinin hakimiyyətin nəzarəti altında olduqlarını sübut etməyə hazıram. Amma mən etiraf edirəm ki, ”hərəkata daxil olan partiya sədrləri hakimiyyətin nəzarəti altındadırlar" deyərkən bir qədər qeyri-dəqiqliyə yol vermişəm. Gərək Əhməd Orucun istisna olduğunu hökmən qeyd edərdim. Çünki Əhməd Oruc heç əlaltı olmağa da layiq adam deyil. O, siyasətə azıb gəlmiş birisidir. Əgər sizə danışarkən həqiqətən də partiyasını, özünü “qüvvə” adlandırıbsa, deməli, həm də həyasız adamdır. Əhməd Orucun yeri siyasət deyil, heç Maştağa dəlixanası da deyil, ona orda da kömək edə bilməzlər. Əhməd Orucun yeri Şahbuz dəlixanasıdır. Bəlkə oranın həkimləri onu müalicə edə bildilər. Müqavimət Hərəkatının sırf Rəsul Quliyevi blokadaya salmaq, onu cəmiyyətə qeyri-ciddi adam kimi təqdim etmək üçün yaratdıqlarına şübhəsi yoxdur və bunu konkret misallarla sübut edə bilərəm. Amma indi bu haqda geniş danışmağa ehtiyac görmürəm. Çünki bu məsələnin mənə az aidiyyəti var və bu qurumun adını ancaq Rəsul Quliyev faktoruna görə çəkirəm. Əhməd Orucla Mirmahmud Mirəlioğlu son 2-3 ildə 10 dəfə birləşib, sonra ayrılıblar. Özləri üçün evcik-evcik oyunu oynayırlar, cəmiyyətin bundan heç xəbəri belə olmur. Bu dəfə yanlarında Rəsul Quliyevin də adı var deyə bir balaca hörmətə miniblər".
Əhməd Oruc isə “Yeni Müsavat”a açıqlamasında Elnur Məhərrəmli adlı adamla heç bir tanışlığının olmadığını, jurnalistin ona bu şəkildə hücum etməsindən təəccübləndiyini bildirdi: “Mənim onunla heç bir işbirliyim, tanışlığım yoxdur. Belə olan halda mənə qarşı tərbiyəyə sığmayan fikirlər bildirməsi belə təəssürat yardır ki, həmin adamın özünün dəlixanaya getməsi zərurəti var. Allah ona şəfa versin. O yəqin ki, Cəhridəndir, fikir vermək lazım deyil. Şəxsən mənim ona baş qoşub məhkəməyə müraciət etmək fikrim yoxdur. Sülhəddin Əkbərə tapşırarıq, araşdırma aparar, onunla bağlı görək niyə belə edir. Bizi hakimiyyətə işləməkdə ittiham eləməsi şübhələri daha çoxaldır. Çünki normal, ağlı başında olan adam bizi hakimiyyətə işləməkdə suçlamaz. Hər kəsə bəllidir ki, biz Azərbaycanda ən prinsipial mövqedə duran, əqidəmizi satmayan qüvvəyik”.
Əhməd Oruc hesab edir ki, Elnur Məhərrəmli hər halda Rəsul Quliyevdən pul istəyib və istəyi yerinə yetirilmədiyi üçün eks-spikeri, o cümlədən Müqavimət Hərəkatını hədəfə alıb: “Məndə olan məlumata görə, o, Rəsul Quliyevdən pul istəyib, lakin alınmayıb. Ona görə belə edir. Ancaq çox səhv edir. Rəsul Quliyev ona pul verməyibsə, bunun bizə nə dəxli var? Bizim nə günahımız nədir ki, Rəsul bəy Elnura pul vermir? Rəsul Quliyevlə bir yerdə olmağın hələ bizə pozitiv heç nəyi yoxdur. Lakin küçədən keçən hər kəs bizi də Rəsul Quliyevə qatıb söyür. ”İsinmədik istisinə, kor olduq tüstüsünə" deyimində olduğu vəziyyət indi bizimlə bağlı yaranıb. Nə edək, bizim də qismətimiz belədir".
KXCP sədri Mirmahmud Mirəlioğlu isə E.Məhərrəmliyə bu sözləri “dedirdənləri” qınayıb: “Ona kim bu sözü deyibsə, yaxud dedirdibsə, onu qınamaq lazımdır. Bu adam öz aləmində bir hadisə yaratmaq istəyir. Amma bizim hakimiyyətin təsiri altında olmağımız düzgün fikir deyil. Özünə, keçmişinə, bu gününə hörmət eləyən bir insan bu cür sözlər danışmaz”.






