İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist Məhəmməd Türkmən: “Atəş altında həm erməni, həm koronavirusla mübarizə aparırdıq”

Jurnalist Məhəmməd Türkmən: “Bu dövrdə bizim iki düşmənimiz vardı. Həm ermənilərlə, həm koronavirusla mübarizə aparırdıq”.

Koronavirus infeksiyasının yayılması səbəbindən mart ayından etibarən Azərbaycanda karantin rejimi tətbiq edilir. Zaman-zaman sərtləşdirilən, zaman-zaman yumşaldılan karantin rejimi müddətində daim işinin başında olan, peşə borcunu yerinə yetirən sənət sahibləri sırasında jurnalistlər xüsusi yer tutur.

“Günün qəhrəmanları”ndan olan müsahibim də karantin müddətində insanları düzgün məlumatlandırmaq üçün günlük iş rejimində dəyişiklik etməyən, “Yeni Müsavat” Media Qrupunun nəzdində fəaliyyət göstərən Minval.info saytının baş redaktoru, foto-reportyor Məhəmməd Türkməndir. M. Türkmən bildirir ki, o, pandemiya müddətində yalnız jurnalistika ilə məşğul olmayıb. Həm yardım kampaniyasında iştirak edib, həm də cəbhə bölgəsində yaşananları işıqlandırmaq üçün yollandığı Tovuz rayonunda insanlar arasında koronavirusdan qorunmağın yolları barədə təbliğat aparıb.

“Biz jurnalistlər olaraq pandemiya dövründə iş başındaydıq, indi də iş başındayıq. Pandemiyanın ən sərt dönəmində işimizi görürdük. Kollektivimizin böyük qismi evdən fəaliyyət göstərsə də, “TV Müsavat” kollektivi olaraq canlı yayımlarımızı evdə qalan tamaşaçılar üçün təqdim edirik.

Qaydalara əməl edərək, özümüzü qoruyaraq hər gün redaksiyaya üz tuturuq” deyən həmsöhbətim koronavirusa yoluxmaq qorxusu yaşadığını da gizlətmir:

“Koronavirusa yoluxmaq qorxusu isə hər zaman vardı, indi də var. Virus olduqca qorxu, narahatlıq olacaq. Lakin bu narahatlıq işimizə mane olmur. Şəxsi avtomobilim olmasa da, işə taksi ilə gedib-gəlirəm, əlcəkdən, tibbi maskadan istifadə edirəm. Getdiyim ünvana çatan kimi əllərimi yuyub, spirtdən istifadə edirəm. Redaksiyada kiçik kollektivlə işimizi davam etdiririk. Xırda şübhəsi olan dərhal test verir, cavablar çıxana kimi işini evdən görür. Bu stressi bir neçə dəfə redaksiya daxilində yaşamışıq. İki əməkdaşımız xəstəxanada müalicə alır. Biz işimizi dayandıra bilmərik, həkimlər, polislər, hərbçilər necə dayana bilməzsə, işinin başında olmalıdırsa, biz də xalqı məlumatlandırmalıyıq. Belə həssas günlərdə hər kəsin məlumat almaq hüququ var”.

5 aylıq karantin dövründə ehtiyacı olan insanlar üçün yaradılan yardım kampaniyasında iştirak edən Məhəmməd Türkmən qapı-qapı gəzib onlarla insanla ünsiyyətdə olsa da, qaydalara əməl etdiyini unutmadığını deyir:

“Karantin rejimi başlayanda “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun həyata keçirdiyi yardım kampaniyasında yer aldım. Yüzlərlə qapı döyüb, insanların ərzaq ehtiyacını qarşıladıq. Dövlətimiz insanların ehtiyacını qarşılasa belə, biz də əlimizdən gələni etdik. Bu müddətdə də maksimum özümü qorumağa çalışdım. Həmin ərəfədə həm jurnalistika, həm də yardım kampaniyası ilə məşğul idik. Qapılara bir-bir gedib, insanlara ərzaq yardımı etdik. Bunu da özümüzə vəzifə borcu bildik. Təbii ki, virusun varlığını unutmadıq. Özümüzü hər kəsdən daha artıq qorumalı idik, işlər dayana bilməzdi, həm də başqalarını düşünməli idik.
Bundan başqa Tovuz istiqamətində ermənilərlə yaşanan gərginlikdən sonra Bakıda gənclər bir araya gəldi və cəbhəyə göndərmək üçün təkərlər topladı. O aksiyada da qaydaları pozmayaraq iştirak etdim. Çünki bunu özümə borc bilirdim”.

Son günlər cəbhə bölgəsində yaşanan atışmalar zamanı Tovuz rayonuna yola düşən jurnalist qeyd edir ki, eyni anda iki düşmənlə mübarizə aparmaq asan olmasa da, işinin öhdəsindən layiqincə gəlib:

“Bu müddətdə ölkə olaraq iki düşmənlə mübarizə apardıq. Həm koronavirus, həm də erməni. Eyni zamanda iki düşmənlə savaşdıq, məqsədimiz də hər iki düşmənə qalib gəlmək idi. Tovuz istiqamətində atışmalar gedən zaman həmkarım İlkin Muradovla kameramızı alıb yola düşdük, reportaj hazırladıq, insanların təəssüratını, yaşadıqlarını lentə aldıq. Virusun maksimum yayıldığı Bakıdan gedirdik, insanlar üçün təhlükə mənbəyi ola bilərdik. Ona görə maksimum özümüzü də, insanları da qorumağa çalışırdıq. Həm informasiya savaşının öncəliyində gedirdik, həm virusla mübarizə aparırdıq ki, işimizə mane olmasın. Eyni zamanda insanları maarifləndirirdik ki, hansı vəziyyətdə olmağımızdan asılı olmayaraq, iki düşmənlə mübarizə apardığımızı unutmasınlar. Onlara bildirirdik ki, maska taxmalıyıq və sosial məsafə saxlamalıyıq.

Əraziyə gələn rəsmilər də, deputatlar da, başda Qənirə xanım Paşayeva olmaqla qaydalara əməl edirdi. Hətta şəhidimizin dəfn mərasimində, xüsusi görüşlərdə rəsmilər tərəfindən insanlara maskalar paylanırdı. Polislər də insanların qaydalara əməl etməsinə nəzarət edirdi. Tovuz rayonuna yüzlərlə insan axışsa da, qaydalara əməl edilməsi sayəsində koronavirusa yoluxmanın sayı artmadı. Atəş altında olan kəndlərdə idik. Sakinlərlə söhbət edirdik. Onlar illərdir düşmənin hədəf aldıqları dinc sakinlərdir. Amma heç nədən qorxmurlar. Bu dönəmdə isə ikinci düşmənlə, koronavirusla mübarizə aparırlar. Bəlkə də, günün, ayın, ilin qəhrəmanları həm də onlardır. Atəş altında olsaq da, xəstəliyin varlığını unutmurduq”.

“Yüzlərlə insanla ünsiyyətdə olub, koronavirusa yoluxmamağınızın səbəbi şanslı olmağınız idi, yoxsa qaydalara əməl etməyiniz” sualına isə müsahibim belə cavab verir:

“Tovuz rayonunda sərt karantin rejimi tətbiq olunmasa da, biz özümüzü qoruyurduq. Özümlə səfərə 30-40 maska götürmüşdüm ki, tədbiri əldən verməyim. İnsanlarla sosial məsafə saxlayırdıq, əllə görüşmürdük. Özümü həm də zəncəfil və bal qarışığı ilə qoruyuram. Hər gün səhər südlə zəncəfili qaynadıb, bal qatıb içirəm. Vitamin qəbul edirəm. Müxtəlif məkanlarda yüzlərlə insanla ünsiyyətdə olsam da, koronovirusa yoluxmamışam. Bunun səbəbi həm qaydalara əməl etməyim, həm də şanslı olmağım idi. Çünki qaydalara nə qədər əməl etsən də, məsuliyyətsiz davranan şəxslərə görə xəstəliyə tutula bilirsən. Xəstəliyə tutulmamağımın bir səbəbi də psixoloji olaraq özümü qorxutmamağımdır. Pandemiya dövründə çalışan şəxslər varsa, bu, onların cəmiyyət üçün vacib iş gördükləri anlamına gəlir. Deməli, bu mübarizə yolunda dayanmaq, yoldan qayıtmaq olmaz. Qaydalara əməl edərək yaşamaq lazımdır. Biz bu virusla yaşamağı, bu şərtlər altında çalışmağı öyrənməliyik, buna alışmalıyıq”.

M. Türkmən deyir ki, koronavirus tamamilə yox olmadıqca insanlar qaydalara əməl etməlidirlər:

“İnsanlara tövsiyə edirəm ki, hansı peşə sahəsi ilə məşğul olmalarından asılı olmayaraq, koronavirusun bizim düşmənimiz olduğunu unutmasınlar. Qaydalara əməl edərək hər kəs peşə fəaliyyətini davam etdirə bilər. Bizdən tələb edilən qaydalar çox sadədir. Sosial məsafə saxlamaq, maska taxmaq, əlləri yumaq, spirtləmək, bir yerə toplaşmamaq, insanların sıx toplaşdığı yerlərdən uzaq olmaq və s. Unutmamalıyıq ki, hər şey bizim sağlamlığımız üçündür. İlk olaraq biz özümüzü, ailə üzvlərimizi düşünməliyik. Övladlarımız yoluxmasın deyə qaydalara əməl etməliyik. Bir nəfərin yoluxması ətrafımızdakı onlarla insanın yoluxması deməkdir. Biz iş başındayıqsa, peşə borcumuzu yerinə yetiririksə, insanların sağlamlığını təhlükəyə atmamalıyıq. Bəzi insanlar deyir ki, biz sizin üçün işləyirik. Bu, yanlış deyimdir. Biz peşə borcumuzu yerinə yetiririk. Mən virusdan qorunmaqda ən böyük gücü peşəmdən alıram. Hesab edirəm ki, təkcə özümə, ailəmə görə yox, oxucularımız, tamaşaçılarımız üçün özümü qorumalıyam. Bunu özümə vəzifə borcu hesab edirəm. Necə hərbçilərimiz, polislərimiz, həkimlərimiz ölkəmiz, xalqımız üçün çalışırsa, biz də öz peşə fəaliyyətimizi davam etdirərək insanların düzgün məlumatlanması üçün əlimizdən gələni edirik, etməliyik. Buna görə heç kimə minnət qoya bilmərik, qoymamalıyıq”.

Qeyd edək ki, yazı “Nar” və TƏBİB-in birlikdə keçirdikləri “Günün qəhrəmanları” müsabiqəsi çərçivəsində hazırlanıb.

 

Könül İbrahim,

Musavat.com

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2021

BÜTÜN XƏBƏRLƏR