İnsanlara hürriyət, millətlərə istiqlal!

JURNALİST İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞINI BƏYAN EDİB

997 24.04.2012 16:15 Mətbuat bugün A A

Jurnalistin müraciətinin bir surəti dövlət başçısına da ünvanlanıb.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Hadisələrdən bir neçə gün öncə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının 1 dəqiqə 18 saniyəlik videosu yayılıb.

Hazırda Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Qubada baş verənlərin istintaqını aparır. İstintaq prosesinin gedişində “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalistlər Qubanın icra başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlamaqda ittiham olunurlar. Onlara Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və yə bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə iş açılıb.

"İnsan Haqları Uğrunda" İctimai Birliyindən “Media forum” saytına verilən məlumata görə, Zaur Quliyev müraciətində qeyd edib ki, o, martın 13-də səhər “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və televiziyanın müxbiri Yusif Lazımovla birlikdə Quba Rayon Prokurorluğuna gətirilib, burada dindirilən vaxt psixoloji təzyiqlərə məruz qalıb.

Zaur Quliyevin sözlərinə görə, o, mədə xəstəliyindən əziyyət çəkir, Quba prokurorluğunda saxlandığı müddətdə isə ona yemək verməyiblər, ilıq su və dərmana ehtiyacı olduğunu bildirsə, buna məhəl qoyulmayıb.

Zaur Quliyev martın 14-nə keçən gecə Vüqar Qonaqov və Yusif Lazımovla birlikdə Quba prokurorluğundan payon polis idarəsinə, martın 14-də səhər isə oradan Bakıya – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyini bildirir: “Bizi həmin idarənin zirzəmisində yerləşən müvəqqəti saxlama təcridxanasına apardılar. Üstümüzə qışqırır, zərbə ilə itələyirdilər və şəxsiyyətimizi alçaldırdılar. Təcridxanaya çatanda bizi tamamilə lüt soyundurdular. Sonra bizi dəhlizlə gətirdilər və 2 saylı kameraya (“xata”ya) saldılar. Burada başqa, tanımadığım dustaq var idi. Kameraya girdikdən sonra paltarımı verdilər. Üzərimdə olan bütün əşyalarımı götürmüşdülər.

Kamera həddən artıq soyuq idi. Yataqlar çox çirkli idi, içəridən üfunət iyi gəlirdi. Havasızlıq idi. Onlara xəstə olduğumu, dərmanlara və ilıq suya ehtiyacımın olduğunu dedim. Mənim sözlərimə heç bir əhəmiyyət verilmirdi. Sutkada cəmi iki dəfə yemək, bir dəfə çay verirdilər. Mədə ağrılarını sakitləşdirmək üçün krandan soyuq su içməyə məcbur olurdum. Bu, mədəmdən qan gətirirdi, sifətim irinləmişdi. Otaqdakı adamları tez-tez dəyişdirirdilər və düşünülmüş şəkildə yanıma ağır cinayətdə təqsirləndirilənləri və məhkumları salırdılar. Kiçik bir “fortuşka” var idi nəfəs almaq üçün, ağzımı həmin “fortuşkaya” dirəyirdim. İçəri həddən artıq rütubət idi. Sümüklərim də bərk ağrıyırdı”.

Dindirmələr zamanı həm prokurorluq, həm də daxili işlər orqanları nümayəndələrinin təzyiqlərinə məruz qaldığını vurğulayan Zaur Quliyevin bildirdiyinə görə, dövlət hesabına təyin edilən vəkil onu nəinki müdafiə etməyib, hətta vəkil müstəntiqlərin tərəfini tutub: “Martın 17-də məni məhkəməyə gətirdilər. Mənə heç bir sənəd vermədilər və hansısa məzmununu bilmədiyim sənədlərə imza atdırdılar”.

Zaur Quliyev aprelin 4-də Bakı İstintaq Təcridxanasına köçürülüb.

Müraciətində o, səhhətindəki problemlərin qaldığını qeyd etsə də, vurğulayır ki, yeganə qorxusu yenidən məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmasıdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR