JTI Korporativ Sosial Məsuliyyət sahəsində yeni mükafatlar qazanıb
Japan Tobacco International (JTI) şirkəti Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində təqdim edilən “KSM-də Fərqlənmə” (CSR Excellence) mükafatlarına layiq görülmüşdür. JTI-ın Azərbaycanda həyata keçirdiyi dörd layihəsi müxtəlif nominasiyalarda qalib gəlmişdir. Qeyd edilən müsabiqə AmCham tərəfindən Azərbaycanda fəaliyyət göstərən üzv şirkətlər arasında hər il keçirilir.
JTI-ın dəstəyi ilə Lerik rayonunun Cangəmiran kəndində əhalinin içməli su ilə təchiz olunması layihəsi Amerika Ticarət Palatasının “Qızıl Mükafatı” ilə təltif edilmişdir. Layihənin icrası nəticəsində kənddə yaşayan 2,000-ə yaxın insan təmiz və təhlükəsiz içməli su ilə təmin edilmişdir. Bundan başqa, Azərbaycan muğamının dünyada tanıdılması istiqamətində Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq, Azərbaycan Xalça Muzeyi ilə birlikdə ölkədə ilk dəfə “Azərbaycan Xalçası” ensiklopediyasının nəşr edilməsi və “Damla” aztəminatlı ailələrə qayğı ictimai birliyi ilə tənha qocaların və əlilliyi olan insanların ərzaq yardımı ilə təmin edilməsi layihələri də müxtəlif nominasiyalarda “Gümüş Mükafat”a layiq görülmüşdür.
Qeyd etmək istərdik ki, JTI-ın dəstəyi ilə Kürdəmir rayonunun Qarasaqqal kəndində əhalinin içməli su ilə təmin edilməsi layihəsi də ötən Amerika Ticarət Palatasının “Gümüş Mükafatı”na layiq görülmüşdü. Sözügedən layihə 2014-cü ildə JTI-da ən yaxşı KSM layihəsi seçilmişdi.






