Ekspertlər isə deyir ki, Azərbaycan Jirinovskini son çıxışlarına görə məhkəməyə verməlidir; vəkil: “İsfəndiyar Vahabzadəni müdafiə etməyə hazırıq”
Özünü rusların müdafiəçisi kimi qələmə verən yəhudi Vladimir Solovyov özünün Youtube platformasındakı kanalında bəyan edib ki, keçmiş azərbaycanlı diplomat İsfəndiyar Vahabzadəni məhkəməyə çəkmək qərarına gəlib. Səbəb İ.Vahabzadənin Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirən Rusiya Liberal Demokrat Partiyasının sədri (RLDP), Dumanın deputatı Vladimir Jirinovskinin ünvanına təhqiridir.
Məlum olub ki, sabiq səfirin Jirinovski haqda “donuz və eşşək” ifadələrindən RLDP lideri narahat olub. Jirinovski bu məsələni şərh edərkən İ.Vahabzadənin barəsində cinayət işinin başlanmasının vacibliyini bildirib. “Biz cinayət işinin açılması tələbi ilə Azərbaycan Respublikasının Prezidentinə sərt məktub göndərəcəyik. Bu təhqir dəhşətlidir. Orta əsrlərə aiddir ”, - Jirinovski bildirib.
Yada salaq ki, bu yaxınlarda Jirinovski növbəti dəfə Azərbaycan və ölkə rəhbərliyi haqda təhqiramiz bəyanatlar səsləndirib. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Moskvaya etiraz notası göndərib. Bugünlərdə Türkiyə prezidenti haqda da hədyanlar danışan Jirinovskinin İ.Bahabzadəni məhkəməyə verəcəyi haqda dedikləri qabaqdangəlmişlik kimi qiymətləndirilə bilər. Azərbaycanda ciddi etiraz doğuran sərsəmləmələrə rəsmi Moskva hələ də mövqe bildirməyib. Görünür, bu da ağlını itirən Jirinovskini hücuma keçməyə həvəsləndirib və özünün hədyanlarına haqq qazandırmaq istəyir.
Jirinovski-Solovyov tandeminin məhkəmə hədəsinin arxasında nə dayanır? Jirinovski Rusiya ilə münasibətləri gərginləşdirəcək addımlardan niyə vaz keçmir, yeni qalmaqal və narazılıq yaradır? Əslində ona etiraz edən Azərbaycan cəmiyyətini hədələyir, təhdid edir. Bu cür situasiyalarda Vahabzadə və ya qeyrisi Jirinovski haqda dediyi fikirlərə görə hansı halda məsuliyyətə cəlb edilə, məhkəməyə verilə bilər?

Ceyhun Məmmədov
YAP-çı deputat Ceyhun Məmmədov bildirdi ki, Jirinovski bu təhqirləri çoxdan gözləməli idi: “Öncə Jirinovski-Solovyov tandemi Azərbaycan xalqına qarşı hörmətsizliyə son qoymalıdır. Bununla artıq neçə dəfədir ki, onlar ermənipərəst mövqe tutaraq Azərbaycan xalqını təhqir edirlər. Bu təhqirlərə və hədyanlara son qoyulmalıdır. O düşünməli idi ki, bir gün də kimsə ona qarşı bu ifadələri işlədə bilər. Ona xoş gəlmədiyi kimi, Azərbaycan xalqı da onun işlətdiyi ifadələri xoş qarşılamır. Məhkəmə məsələsinə gəldikdə, Azərbaycan xalqının da Jirinovskini məhkəməyə vermək hüququ var. Hesab edirəm ki, Jirinovski bu fikirləri müstəqil səsləndirmir və bunun arxasında bir sıra digər səbəblər durur. Ona iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək fikirlərdən, digər xalqlara qarşı söyüş və təhqirdən uzaq olmaq barədə xəbərdarlıq edilməlidir. Düşünürəm ki, öz növbəsində siyasətçilər də hansısa fikir işlədərkən ölkələr arasında münasibətlərə xələl gətirə biləcək ifadələrdən, təhqir və söyüşdən uzaq olmalıdırlar”.
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycan tərəfin Jirinovskini məhkəməyə verməsinin vacibliyindən danışdı: “Əgər o, məhkəməyə müraciət etmək istəyirsə, öncəliklə Azərbaycandan vəkil tutmalıdır. Həmin vəkil də onun adından məhkəməyə müraciət etməlidir. İsfəndiyar bəyin məlum açıqlamasına baxmamışam. Onun üçün də hansı ifadələri işlətdiyi barədə nəsə deyə bilmərəm. Amma böhtan və təhqirlərlə bağlı başqa dövlətlərdə məhkəməyə vermək məsələsi müzakirə oluna bilər. Hesab edirəm ki, əslində Azərbaycan tərəfi Rusiyada vəkil tapıb Jirinovskini son çıxışlarına görə məhkəməyə verməlidir. Açığı, güman etmirəm ki, məhkəmə olarsa, İsfəndiyar bəyin həbsi məsələsi olsun”.

Əsabəli Mustafayev
Hüquqşünas Əsabəli Mustafayev isə məsələnin hüquqi tərəflərini daha çox şərh etdi: “Əlbəttə, hər bir insanın hüququ var ki, məhkəməyə müraciət etsin. Hesab edirsə ki, təhqir olunub, bu hüququndan yararlana bilər. Azərbaycan qanunvericiliyi ilə bu məsələ ölkəmizdə qaldırılmalıdır. Rusiya qanunlarında bu necədir, bilmirəm. Azərbaycanda çəkiliş yayımlanıb. Sonra ola bilsin ki, Rusiya KİV-lərində yayılıb. Mənbə, yaşayış yeri Azərbaycandır. Jirinovski Azərbaycan məhkəməsinə müraciət etməlidir. Bu da ancaq xüsusi ittiham qaydasında mümkündür, əgər cinayət işi qaldırılsa. Bunun üçün də prezidentə yox, məhkəməyə müraciət etmək lazımdır. Bu zaman sübutları məhkəməyə təqdim etmək çox vacibdir. Ondan sonra məhkəmə məsələyə qiymət verəcək. Biz desək ki, burada təhqir yoxdur, bu, şəxsi fikir kimi olar. Jirinovskiyə adekvat cavab verilib. İsfəndiyar müəllim hamının adından cavab verib. Jirinovskiyə cavab hələ gec olub. O, illərdir ki, Azərbaycan xalqını, onun bəzi fərdi şəxslərini təhqir edir. Biz onda şikayət etmədik. O da qızışdı, getdikcə daha çox qudurğanlığa yol verdi. İndi də ona layiqli cavab veriləndə özünü təhqir edilmiş sayır. Əvvəlcədən məhkəmə qərarına qarışmaq istəmirəm. Bu barədə şərh vermək də doğru olmazdı. Hər halda, məhkəməyə müraciət edərsə, məhkəmə buna qiymət verəcək. Amma prezidentə müraciət etməyin heç bir hüquqi əsası yoxdur. O boyda deputatdır, hətta spikerin müavinidir. O, belə şeyləri yaxşı bilməlidir ki, hüquqi məsələlər məhkəməlikdir. Prezident məhkəməyə göstəriş verə bilməz. Yəni Jirinovski məktub göndərərsə, bunu məhkəməyə göndərə bilməz ki, buna baxın. Bu, hüquqdan kənar məsələdir. Jirinovskinin Rusiya seçicilərinin böyük əksəriyyətinin arasında hörməti yoxdur. Onu daha çox təlxək kimi tanıyırlar. Rusiya mediasını oxuyan hər kəs ona olan münasibəti görər. Rusiya telekanallarındakı debatlarda ona göstərilən münasibətin hərdən şahidi oluruq. Amma istənilən halda vacib bilirsə, o zaman məhkəməyə müraciət etsin. Biz də vəkil olaraq İsfəndiyar Vahabzadəni müdafiə etməyə hazırıq. Əslində bir vətəndaş kimi şikayətçi biz olmalı idik. Sadəcə, vaxtında buna diqqət yetirməmişik. Amma indi deyilənlərin arxasında dayanırıq. Vladimir Solovyov onu müdafiə edirsə, biz də ləyaqətli, düzgün bildiyimiz adamı müdafiə etməliyik”.
İ.Vahabzadənin özü ilə əlaqə saxladıq. O, Bakıda olmadığını qeyd edərək, bununla bağlı şəhərə qayıdandan sonra açıqlama verəcəyini qeyd etdi. Keçmiş səfir qısa da olsa Yenisabah-a danışıb: “Kim nəyi bacarır, onu da eləsin. Sözümü demişəm, söhbəti uzatmağa ehtiyac yoxdur”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






