İnsanlara hürriyət, millətlərə istiqlal!

Jirinovski Rusiyaya 1 “minus” qazandırdı: Moskva siyasi tulalarına sahib çıxacaqmı - Bakıdan reaksiyalar

991 03.08.2021 10:30 Siyasət A A

Əgər biz Rusiya Liberal Demokrat Partiyasının Vladimir Jirinovskini saray təlxəyi hesab ediriksə, bir məsələdə razılaşmalıyıq - deməli, onun qeyri-ciddi siyasətçi olduğunu düşünməklə bərabər Kreml sarayının danışan ağzı olduğunu da qəbul etməliyik.

İlk dəfədir ki, rəsmi Bakı Moskvaya bu şəkildə sərt üz göstərir. Düzdür, bundan qabaq, yəni müharibə ərəfəsində Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng edərək Rusiyadan Ermənistana göndərilən silahlara görə izahat istəmişdi, son belə fakt isə rusların “İsgəndər-M” raketlərinin qalıqlarının Şuşada aşkarlanması ilə bağlı olmuşdu. Lakin Rusiya Azərbaycanın israrlı izahat tələbi qarşısında susdu.

İndi isə iki ölkə arasında əlaqələrin rəvan getdiyi, Əliyev-Putin münasibətlərinin xoşhal olduğu zamanda Jirinovskinin dili ilə Azərbaycana, hakimiyyətə hədələr səslənir. Artıq Azərbaycan Jirinovskinin təxribatçı müsahibəsi ilə bağlı Rusiyaya nota verib. Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinə onun “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramında qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etiraz çatdırılıb.

Rəsmi məlumata görə, Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Nota əlbəttə ki, Bakının reaksiyasının sərt olduğuna dəlalət edir. Doğrudur, Jirinovski rəsmi şəxs deyil, lakin onun vaxtaşırı verdiyi belə sarsaq açıqlamalarla Rusiya hakimiyyətində ermənilərə bağlı müəyyən çevrələrin mövqeyini və sözünü çatdırdığı haqda daşlaşmış rəylər də var. Odur ki, Rusiya XİN-in Bakının notasına cavabı necə olacağı maraq doğurur. Ümumiyyətlə, rəsmi Moskva öz siyasi tulalarına sahib çıxacaqmı, yoxsa?

Aydındır ki, “velikorus” virusundan qurtulmayan bəzi rus şovinist siyasətçiləri və ekspertlərini Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursu, bloklara qoşulmamaq xətti aparmasını, bu xəttin ölkəyə ciddi siyasi, geosiyasi, hərbi və iqtisadi dividentlər gətirməsini, ən önəmlisi, Azərbaycanın regionda açar dövlət kimi öz mövqeyini möhkəmlətməsini heç cür həzm edə bilmirlər. Bəs bu kimi siyasi şarlatanların iki ölkə münasibətlərinə soyuqluq gətirməsi niyə Kreml kluarlarında nəzərə alınmır? Sual həm də budur.

Bir məqam da var - Azərbaycan Rusiyaya nota verəndən sonra Jirinovski yenə danışıb. Deyib ki, bu hərəkət söz azadlığına qarşıdır. Üstəlik, “Azərbaycanı və Ermənistanı Rusiyanın hesabına yaşayanlar” adlandırıb. Deyib ki, indi nədir, o susmalı, hər zaman Azərbaycanı tərifləməlidir? Bir qədər də sözlərini dəyişərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevi həmişə müdrik rəhbər adlandırıb: “Bundan da yaxşı sözləri onun atası - Heydər Əliyev haqda demişəm”. “Ancaq hansısa məmur doğru düşünmürsə və müvəqqəti işlər vəkilinə nota təqdim edirsə, yəni onlar söz azadlığını bilmirlər?”, - deyə Jirinovski özünə haqq qazandırmağa uğursuz cəhd edib.

Aqil Abbas: “Bakıdan birdəfəlik Ağdama köçəcəyəm”

Aqil Abbas: “Jirinovskiyə Türkiyədə həbsdə nə ediblərsə, indiyə qədər unutmayıb”

Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Jirinovski Putinin demədiyi sözləri öz dili ilə söyləyir. A.Abbasın sözlərinə görə, bu adam Rusiya rəhbərinin danışan dilidir: “Putin özü bu sözləri deyə bilməz, onun ağzı ilə dedizdirir. Amma bizi narahat etməməlidir, qoy danışsın. Ona Türkiyədə həbsdə nə ediblərsə indiyə qədər unutmayıb. Jirinovski 6 ay Türkiyə türməsində olub, yəqin başına gələnləri yadından çıxarmayıb”.

A.Abbas qeyd etdi ki, Azərbaycan-Rusiya əlaqələri yaxşı olsa da, görünür, münasibətlər tam normallaşmayıb: “Kim nə deyir-desin, Qarabağ münaqişəsi bitib. SSRİ Əfqanıstandan, digər ərazilərdən necə çıxdısa, sülhməramlılar da Qarabağdan çıxacaq. Jirinovski bunu yaxşı bilir. Çünki Rusiya çökür, əslində istəmərəm dağılsın. Amma Rusiyada 40-50 milyon rus var, çoxu başqa millətlərdir. Jirinovski yaxşı görür ki, ölkəsinin vəziyyəti necədir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “Sifarişlər yerinə yetirməklə pul qazanır, laqqırtılarına reaksiya verməklə reytinqini qaldırırıq, klounu iqnor etmək lazımdır”

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Jirinovskinin Azərbaycanla bağlı sözlərinə cavab olaraq deyib ki, o, sifarişlər yerinə yetirməklə pul qazanır: “Laqqırtılarına reaksiya verməklə onun reytinqini qaldırırıq. Niyə? Klounu iqnor etmək lazımdır”.

Zaur Məmmədov: “ABŞ-ın İrana qarşı mövqeyi bir qədər yumşalıb”

Zaur Məmmədov: “Jirinovski bəyanatı boş-boşuna vermir, Azərbaycanın Türkiyə, Pakistan, İsrail, Britaniya kimi dövlətlərlə əməkdaşlığı şimaldakı bəzi dairələrdə narahatlıq doğurur”

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun fikrincə, Jirinovski bəyanatları boş-boşuna vermir: “Liberal partiya hakimiyyətin MDB dövlətlərinə olan təzyiqində və ismarışlarında əsas rolu oynayır. Siyasi təlxək rolunu daşıyan Jirinovski sülhməramlılar məsələsinə toxunaraq ”müvəqqəti sülhməramlılar" dediyimiz rus əsgərlərinin bölgədə Moskvanın istədiyi qədər qalacağına eyham vurur. Gürcüstanda 2008-ci ildə baş verənlər, bu mövzuda çağırışlara bir azdan start veriləcəyindən xəbər verir. Hələlik Rusiyada hakimiyyətdə Putindir və onun Azərbaycana və Türkiyəyə olan münasibəti tarixən bu ölkənin ənənəvi siyasətçilərindən fərqlənir. Lakin vəziyyət dəyişəndə avrasiyaçılıqdan uzaqlaşacaq siyasi hakimiyyətin və generalların Qarabağ, ümumillikdə isə Cənubi Qafqazla bağlı hansı yolu tutacaqları hər kəsə məlumdur".

Z.Məmmədov hesab edir ki, Prezident  İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, Azərbaycanın Türkiyə, Pakistan, İsrail, Britaniya kimi dövlətlərlə apardığı effektiv əməkdaşlıq şimaldakı bəzi dairələrdə ciddi narahatlıq doğurmaqdadır: “Prezident İlham Əliyev  təkcə Azərbaycanın tarixində deyil, regionun tarixində kifayət qədər ciddi dəyişikliklərin əsasını qoydu. Nəticədə bu gün Avrasiyanın orta xəttində yeni geosiyasi ox yaranmaqdadır. Jirinovski ölkəsində olan siyasi mənzərəni Azərbaycana şamil etməyə çalışsa da, bu onda uğursuz alındı. Siyasi təlxək başa düşməlidir ki, Azərbaycanda bu gün xalq - iqtidar birliyi var və 1920- ci ildən fərqli olaraq, indi biz istənilən xarici aqressiyaya qarşı xalq və dövlət kimi sinə gəlməyə hazırıq”.

Qüdrət Həsənquliyev: “Əsgərlərimiz onu əsir götürəcəkləri anı səbrsizliklə  gözləyirlər” Pravda.az

Qüdrət Həsənquliyev: “Bu ləyaqətini itirmiş adamın yalı kəsilmiş tula kimi, ”İlxam Qeydaroviç" qışqıra-qışqıra qaçdığını görmüşəm, indi başından böyük qələt edir”

Deputat Qüdrət Həsənquliyev axar.az-a deyib ki, bu ləyaqətini itirmiş adamın Parisdə, NATO PA-da çıxış edib gedən İlham Əliyevin dalınca, yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahididir: “İndi başından böyük qələt edir. Hesab edirəm, Azərbaycan mətbuatı türk düşməni olan bu məxluqun varlığını unutmalıdır. Rus ictimai-siyasi xadimləri, ziyalıları, başqa xalqları aşağılayan bu murdar cındırın üzünə tüpürüb, gözünün içinə nə deməyiblər ki? Bu əxlaqsızı bir çox hallarda gülüş məqsədilə danışdırırlar. Onun ürəkbulandıran çıxışlarını dinləməkdənsə, unutmalıyıq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR